“Mən heç vaxt pulun qabağında sazı elə oynatmaram”

Aşıq Fikrət: “Sazla ailə də saxlamaq olar, uşaq evləndirmək də...”




Sazın simli teli dilə gəlib bəzən elə acıları, ya da elə böyük sevgini, vətənə, torpağa, sevdiyinə olan həsrətini anlada bilir ki, onu başqa heç bir səslə müqayisə etmək mümkün deyil. Bu müqəddəs aləti ifa edib onu yaşadanlar, aşıq sənətini davam edənlər isə əslində seçilmişlər sayıla bilər. Təbii ki, söhbət əsl peşəkar saz sənətini davam etdirən aşıqlardan gedir. Müasir gənclərin aşıq sənətinə, saza marağının çoxalmasında da daha çox belə aşıqların rolu var. Onlar bu sənəti təkcə davam etdirmir, eləcə də bu sənəti müasir gəncliyimizə sevdirməyi bacarırlar. Bugünkü qonağımız da aşıq sənətində sözünü deməyi bacaran, Borçalı aşıq məktəbinin yetirməsi olan Aşıq Fikrətdir. İfası ilə nə qədər könül ovsunlaya bilirsə, sazının sarı siminə toxunanda ürəkləri nə qədər riqqətə gətirirsə, elə söhbəti də bir o qədər maraqlı idi qonağımın.

- Aşıq, siz necə bu sənətə gəldiniz?

- Əslində bu sənətə gəlişim uşaqlıqdan başlayıb. Düzünü desəm, lap əvvəllər gitara ifa edirdim. 4-cü sinifdən oxuyuram, məktəblərarası yarış keçirilirdi. Mən də Borçalı mahalını təmsil edirdim. O vaxt da yarışda gitara ifa etdim, çox bəyəndilər. Həsən müəllim var idi. O zaman rayon mədəniyyət evinin rəhbəri idi. İfamı gördü, bəyəndi. Sonra bölgə müsabiqəsi keçirildi. Rustavidə keçirilən müsabiqənin də qalibi oldum. Sonra Tiflisdə keçirilən konsertdə də iştirak etdim. Münsiflər izlədilər. Dövlət konsertindən sonra da bir gün ərzində 3 gün konsert verdik. Orada 1-ci yerin sahibi oldum. Qızıl medal aldım. Məktəbimizin direktoru da mənim qələbəmi yüksək dəyərləndirdi. Sonra tale məni Bakıya gətirib çıxartdı. O zamanlar da saza münasibət o qədər də yaxşı deyildi. Yəni birmənalı yanaşmırdılar. Bakıda Əbilov adına mədəniyyət evində fəaliyyətə başladım. Orada "Şəlalə” özfəaliyyət kollektivi var idi. O zamanlar kaman ustası Elçin həşimov, Elnur da bizimlə birgə fəaliyyət göstərirdilər. O ansamblın üzvlərinin əksəriyyəti konservatoriyanın tələbələri idi. Məni ora da müsabiqə yolu ilə dəvət etdilər. Bir çoxu sazı o vaxt tar yolu ifa edirdilər. Mən isə elə dədə-babadan öyrəndiyim şəkildə ifa etdim, bəyəndilər. 4-5 il "Xəzinə” folklor ansamblının nəzdində AzTV-də fəaliyyət göstərdik. Yəni bu illər ərzində sənətimdən uzaqlaşmamışam. Yəni paralel sənətimlə də məşğul olurdum.

- Və "Lider” televiziyasında yayımlanan müsabiqəyə qatıldın...

- Bəli. Mən bu müsabiqəyə qədər də bir neçə televiziya verilişlərinə dəvət olunmuşdum, çıxış etmişdim. Və qismət elə oldu ki, aşıq müsabiqəsinə qatıldım. 2 aya yaxın efirdə çıxışlarımız oldu. 10 nəfərlə rəqabət aparırdım. Yarımfinala qədər gəldim. Yəni son üçlüyə qədər qala bildim.

- Məqsədin nədi? Qalib oldun. Televerilişlərə dəvət aldın. Sonra...

- Məqsədim bu dəyərli sənəti yaşatmaqdır. Mən ustadlardan dərs almışam. Rəhmətlik Xıdı Məmmədin yadigarı Gülalı müəllimdən dərs almışam.

- İndi gənc aşıqlar çoxdu. Aşıq Avdını tanıyırsan?

- Yaxşı tanıyıram.

- Bu günlərdə belə bir açıqlama verdi ki, gənc aşıqlar arasında ona rəqib olanı tanımır. Və bildirdi ki, həftənin tək günü mənim, cüt günləri Raminin yanında dərs öyrənsinlər. Onlar hələ aşıq deyillər. Bu sənin də bostanına atılan daş sayıla bilər?

- Vallah, ola bilər belə deyib. Mən onu salamlayıram. Amma mən müsabiqədə iştirak etdiyim dönəmdə Avdı da münsiflərdə iştirak edirdi. Hətta aşıq havaları ilə bağlı onunla mübahisələrimiz, daha doğrusu, söhbətlərimiz olurdu. Ancaq Borçalı aşıq məktəbi ən güclü aşıq məktəblərindən sayılır. Bu gün də o məktəb var. Elə aşıq Avdı da Borçalı məktəbinin izi ilə gedir.

- O deyir mən klassik ifa nümayiş etdirirəm. O birilər şou yaradır.

- Vallah, mən bilmirəm bu daş kimə atılır. Amma mən bunu özümə götürmürəm. Onlara hörmətim var. İndi mən bilmirəm onların məktəbi hardadı. Eşitmişdim ki, Ramin "Razin”də bir məktəb kimi nəsə açıb. Amma mən orda olmamışam. Mənim isə rəsmi məktəbim var. Kim istəsə, müraciət edə bilər. Telefon nömrələrim də budur: 050 676 18 26; 070 676 18 26.

- Müğənnilər arasında qalmaqallar olduğu kimi aşıqlar arasında da qalmaqal, şou xətrinə atmaca atmaq dəbə düşüb...

- Bilirsiz, aşıq sənəti dərin sənətdi. Hər zaman öyrənməyə ehtiyac var. Heç kim özünü mükəmməl hesab etməsin. Hamının öyrənməyə ehtiyacı var.

- Aşıq Mübarizlə münasibətin necədi? O, sazı fərqli üslubda ifa edir. Bəziləri buna görə onu qınayır.

- Vallah, bizdə Borçalı aşıq məktəbinin yetirmələri sazı heç vaxt elə oynatmazlar. Biz qəbul etmirik. Şəxsən öz adımdan danışsam, qəbul etmirəm.

- O həm oxuyur, həm oynayır.

- Mübarizin ifa tərzini bəyənmirəm. Hardasa bir az saz çala bilir. Amma oxumağını görməmişəm. Bəlkə də oxuyur. Amma mən onu aşıq kimi qəbul etmirəm. Oynamağını görmüşəm. Heç oynamağı da bir şey deyil. Yəni aşıq rəqsi oynamır.

- Var yaradıcı aşıqlar, var da ifaçı aşıqlar. Sənə yaradıcı aşıq demək olar?

- İndi daha çox ifa edən aşıqlar var. Yaradıcı aşıq tək-tək olar. Mənə gəlincə, demirəm yaradıcı aşığam. Amma arada tək-tük aşıq mahnıları yazıram. Özümə aid yazdığım və ifa etdiyim aşıq havaları var. Necə deyərlər, az-az uydururuq yeri gələndə.

- Son vaxtlar qonağımız olan heç bir aşıq iddia edə bilmədi ki, mən yaradıcı aşığam...

- Mən demirəm yaradıcı aşığam. Amma hərdən yazmağa ehtiyac duyuram. Azdan-çoxdan yazıram.

- Özünə aid bir şeir de, aşıq...

- Qızmar yay günündə serinə vardım

Çox boylandım yurd yerini görmədim.

Kəkotunun, yarpızın qoxusun aldım

Çox boylandım yurd yerini görmədim.

Sən aşıq Fikrəti oda salıbsan

Fələk gözdən salmaz, cüda salıbsan

Qarlı Başkeçidi yada salıbsan

Çox boylandım yurd yerini görmədim.



- Ay aşıq, aşıqlar sevəndə şeir yazır.

- Ürəkdən gələndə yazırsan. Razıyam, sevəndə şeir yazmaq daha xoş olur.

- Aşıq, müsabiqədə iştirak etdiyin dönəmdə özün-özünə səs vermisən?

- Vallah yox. Mənim elə imkanım da yoxdur ki, özümə səs verəydim. Elə dost-tanış, el-oba sağ olsun. Onların sahəsində yarımfinala qədər iştirak edə bildim. Yəni mənim elə imkanlı ailəm də yoxdur. Sadə insanam.

- Toylara gedirsənmi?

- Əvvəl elə dost-tanış məclisində olurdum. Müsabiqədən sonra dəvət edənlər olur. Toylara gedirəm.

- Bu sənətlə, saz çalmaqla ailə saxlamaq, uşaq evləndirmək olar?

- Olur. Mənə elə gəlir ki, Allah sənə ruzi verirsə, buna şükür etmək lazımdı. Yəni min bərəkət, məclislərə dəvət alırıq, pul da verirlər. Yəni ailəmi bu gün sazla dolandırıram. Niyə olmaz ki? Məsəl üçün, mən bu gün efirdə də ləhcə ilə oxuyuram. Çünki belə görmüşəm. Hətta müsabiqədə olarkən bunu mənə irad tutanlar da oldu. Amma mən bu mahnıları belə eşitmişəm, belə öyrənmişəm. Borçalı aşıq məktəbi ağır məktəbdi. Yəni bizdə saz sənətinə böyük dəyər verirlər. Şirvan aşıqları da tanınır. Amma bizim məktəb daha ağırdı, güclüdü. Mənə toyda desələr ki, sazı belə oynat, etmərəm. Biz elə görməmişik. Reytinq naminə, nə bilim, şou üçün sazı oyuncaq kimi oynatmaq düzgün deyil. Ola bilər, onlar bununla yaxşı pul da qazanırlar. Amma mən heç bir pulun qabağında sazı elə oynatmaram. Toylara da gedəndə klassik ifa tərzində saz çalıram.

- "Yanıq Kərəm”i oynamaq olarmı? Bəziləri deyir ki, "Yanıq Kərəm” elə rəqs musiqisidir...

- Vallah, "Yanıq Kərəm” iki ritmdə ifa olunur. Bir var ağır şəkildə ifa edilən, bir də var ritmik şəkildə ifa. Amma bizlərdə "Yanıq Kərəm”i oynamazlar. Mənim fikrimcə, bu musiqinin adı üstündədi. Yanan könülün iniltisidi. "Yanıq Kərəm”i əslində oynamaq günahdı.

Tahirə