Professor Vaqif Arzumanlı vəfat etdi

AMEA-ya müxbir üzv seçilməməsi alimi hirsləndiribmiş

Tanınmış filoloq-tarixçi, politoloq Vaqif Arzumanlı vəfat edib. Məlumatı V.Arzumanlının çalışıdığı AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutundan da təsdiqləyiblər. Yaxınlarından əldə etdiyimiz xəbərdə bildirilir ki, Vaqif Arzumanlı məzuniyyətdəymiş və Nabrandakı bağ evində dünyasını dəyişib. Hadisə zamanı onun yanında heç kim olmayıb. Professor Vaqif Arzumanlı 1947-ci ildə Quba rayonunda anadan olub. 1964-1969-cu illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1969-1972-ci illərdə AMEA-nın, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun və Litva EA-nın aspiranturalarında oxuyub. 1973-cü ildən Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi işləyib, 1980-1991-ci illərdə AMEA SSRİ XDRS-da şöbə müdiri vəzifəsində çalışıb. V.Arzumanlı 1991-2002-ci illərdə Azərbaycan EA Milli Münasibətlər İnstitutunun direktoru olub. 2002-ci ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr” şöbəsinə rəhbərlik edib. 2011-ci ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun beynəlxalq əlaqələr üzrə direktor müşaviri idi. Nizami adına Ədəbiyyat İnstitutunun adının çəkilməsini istəməyən əməkdaşı Modern.az-ın müxbirinə deyib ki, bu il dördüncü dəfə Vaqif Arzumanlının AMEA-nın müxbir üzvlüyünə namizədliyi irəli sürülüb. Lakin bir neçə gün öncə başa çatan seçkilərdə yenə kənarda qalıb. Bu hadisə alimə bərk təsir edib. Hətta onun AMEA-da kimlərləsə ciddi mübahisə etdiyinin də şahidi olublar. Bundan sonra əsəb və gərginlikdən qurtarmaq üçün V.Arzumanlı məzuniyyətə çıxmalı olub. Amma istirahət etmək ona qismət olmayıb. Allah rəhmət eləsin..