Üç liderin görüşü regionun təhlükəsizliyi üçün vacibdir

Rusiya, İran və Türkiyə əməkdaşlığı hər üç dövlətə faydalı ola bilər



Rusiyanın dövlət başçısı Vladimir Putin, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında növbəti görüş keçiriləcək. Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Uşakovun sözlərinə görə, görüşün tarixi dəqiq bilinməsə də, məsələ gündəmdə qalmaqdadır:

"Liderlər belə bir ehtimaldan danışdılar və hamısı buna müsbət yanaşdı”. Xatırladaq ki, bir müddət əvvəl Astana danışıqlarının zəmanətçi ölkələri - Rusiya, Türkiyə və İran liderləri Ankarada görüşərək, Suriya məsələsini müzakirə ediblər. Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev liderlərin növbəti görüşünün avqustun sonunda, yaxud sentyabr ayında keçirilə biləcəyini söyləmişdi.

 Maraqla gözlənilən üçtərəfli görüşlə bağlı "Şərq”ə açıqlama verən politoloq Azər Rəşidoğlu bildirib ki, Türkiyə, İran və Rusiyanın hərbi qüvvələrinin Suriyada mövcud olduğunu nəzərə alsaq, belə əməkdaşlıq formatı hər üç dövlətin xeyrinədir: 

"Burada əsas məqam ondan ibarətdir ki, illərdir Vaşinqtonun Yaxın Şərqdə apardığı geosiyasi oyunlara son qoyulsun. Yerli xalqları biri-birinə düşmən edib, məzhəb savaşını alovlandırmaqla qlobal təhlükəsizlik üçün ciddi təhdidlər yaradılır. Maraqlısı isə kürdlərin regionun əksər xalqları ilə düşmənçilik etməsinin "müstəqil dövlət” quruculuğuna aparıb çıxaracağına inanmasıdır. Mövcud problemləri çözmək istiqamətində Rusiya, İran və Türkiyə əməkdaşlığı hər üç dövlətə faydalı ola bilər. Eyni zamanda, üçlü görüş Yaxın Şərq kimi böyük və əhəmiyyətli regionun təhlükəsizliyi naminə vacib addımdır. 

Təbii ki, bu mərhələdə hər bir ölkə daha çox öz marağına önəm verəcək. Türkiyə daha müstəqil siyasət yeritməyə çalışacaq. İran özünü qorumaq üçün bütün imkanlardan istifadə edəcək. Rusiya qlobal gücə çevrilmək planından vaz keçməyəcək. Ancaq indi onların hamısını birləşdirən ortaq məqsədlər var. Məhz həmin sahədə Rusiya-İran-Türkiyə əməkdaşlıq formatının perspektivini görmək olar. Azərbaycan da qonşularının əməkdaşlığından fayda götürə bilər”.

İsmayıl