Gərək yollarımız da təmiz olsun
“Qış aylarında qar, payız-yaz aylarında yağış yağanda yollarda su gölməçələri yığılıb qalır. Avtomobillər başdan-ayağa palçığa bulaşır”
Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsi (DİN RBDYPİ) sürücülərə müraciət edib. DYP sürücülərə hərəkətə başlamazdan əvvəl və yolboyu nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının oxunması üçün onların təmiz saxlanılmasını təmin etmələrini tövsiyə edir.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, son günlər Bakı şəhərində və respublikanın avtomobil yollarında zahiri görünüşü təmiz olmayan, səliqəsiz, dövlət qeydiyyat nişanları görünməyən nəqliyyat vasitələrinin hərəkət etməsi hallarına rast gəlinir.
Belə avtomobillərin turizm mərkəzinə çevrilmiş paytaxtımızın ümumi estetik görünüşünə xələl gətirməsini, eləcə də qeyd olunan halların qanunvericiliklə inzibati məsuliyyətə səbəb olmasını nəzərə alaraq, Baş DYP İdarəsi nəqliyyat vasitələri sürücülərindən xahiş edir ki, avtomobillərin zahiri görünüşünün, eləcə də hərəkətə başlamazdan əvvəl və yolboyu nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının oxunması üçün onların təmiz saxlanılmasını təmin etsinlər:
"Müraciətə düşünülmüş şəkildə yanaşan hər bir vətənpərvər sürücüyə əvvəlcədən təşəkkürümüzü bildirir, bütün hərəkət iştirakçılarına yollarda yüksək mədəniyyət nümayiş etdirmək tövsiyəsi ilə təhlükəsiz yol arzulayırıq”.
Qeyd edək ki, "Yol hərəkəti haqqında” qanunda bu məsələ öz əksini tapıb və belə sürücülər qanunla cərimələnirlər. Ancaq bu məsələ sürücü ilə yol polisi arasında mübahisələrə gətirib çıxarır. Sürücü avtomobilin cərimələnəcək qədər çirkli olmadığını, yol polisi isə sürücünün qaydanı pozduğunu bildirir.
Halbuki dünyanın bir çox ölkələrində avtomobilin dövlət nömrə nişanını qəsdən çirkli saxlamaqla və ya hər hansı metal əşya ilə cızmaqla görünməz hala gətirən sürücüləri cəza gözləyir.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bu məsələ ilə bağlı "Yol hərəkəti haqqında” qanunda konkret müddəalar olduğunu deyib. Qanuna görə, sürücülər dövlət qeydiyyat nişanını və görməyə mane olmaması üçün şüşələri təmiz saxlamalı, həmçinin yol örtüyünü çirkləndirəcək vəziyyətdə yola çıxmamalıdırlar. Bu qaydaya əməl etməyən sürücü cərimələnə bilər. Bəzi məqamlar var ki, avtomobil çirkli olsa belə, sürücü buna görə cərimə oluna bilməz. Bütün bunlarla belə, ekspertlər sürücülərə avtomobillərini təmiz saxlamalarını, digər sürücülərin diqqətini dağıdacaq hərəkətlərdən qaçmalarını tövsiyə edirlər.
Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynlinin sözlərinə görə, avtomobillərin çirkli olmasına görə sürücünün cəzalandırılmasının hüquqi əsası olmadığı üçün qanunvericilikdə bu cür maddələrin yer alması da absurddur. Çünki bizim sürücülərin idarə etdiyi avtomobillərin çirkli olmasının subyektiv səbəblərindən daha çox obyektiv səbəbləri var:
"Birincisi, şəhər küçələrinin təmizliyi tam şəkildə aparılmır. Bu problem xüsusən də rayonlarda daha qabarıq formada özünü göstərir. Qış aylarında qar, payız-yaz aylarında yağış yağanda yollarda su gölməçələri yığılıb qalır. Avtomobillər başdan-ayağa palçığa bulaşır. Davamlı yağışlar yağdıqda isə sürücülər maşınlarını yudurtmağa belə vaxt tapmırlar. Hesab edirəm ki, bu məsələdə sürücülərə xəbərdarlıq edərkən iqlim şəraiti və hava faktoru nəzərə alınmalıdır. Şəhərin təmizliyinə isə məsul şəxslər cavabdeh olduğundan burada onlar da məsuliyyət sahibidirlər. Avropa ölkələrində dəfələrlə müşahidə eləmişəm ki, yağış yağsa belə şəhərdə bir dənə belə palçıqlı maşın tapa bilməzsən”.
İ.Hüseynlinin sözlərinə görə, qanunla tənzimlənməsinə ehtiyac olmasa da, sürücülər özləri avtomobillərinin təmiz və səliqəli qalmasında maraqlı olmalıdırlar. Xüsusən də dövlət nömrə nişanlarının aydın seçilməsi baxımından bu təmizlik məsələsinə xüsusi önəm verilməlidir:
"Əks halda avtoqəzalar zamanı vətəndaşlar sürücünün kimliyini müəyyən etmək üçün avtomobilin nömrəsini qeyd edib polisə müraciət etməkdə çətinlik çəkir. Havalar yağışlı olsa belə sürücülər evdən çıxan zaman ən azından dövlət nömrə nişanlarını təmizləməlidirlər. Əgər bu məsələni qanunvericiliklə tənzimləmək istəyirlərsə, ancaq dövlət nömrə nişanlarının görünməsini ayrıca bənd olaraq əlavə edə bilərlər”.
Şəymən