“Təhlükə həmişə var”

Azad İsazadə: “Hərbiçilərimiz bacardıqları qədər ehtiyatlı olmalıdırlar”

Azərbaycan Ordusunun üç əsgəri qumbara ilə ehtiyatsız davranma nəticəsində xəsarət alıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə iyulun 8-də keçirilən təlimlər zamanı baş verib.

Qumbara ilə ehtiyatsız davranma nəticəsində əsgərlər Həşimli Bəhram Məhərrəm oğlu, Məmmədov Orxan Allahverdi oğlu və Ağalarzadə Rəhimağa Əsgər oğlu yüngül xəsarət alıb. İlkin tibbi yardım göstərilən hərbi qulluqçular Gəncə qarnizon hospitalına yerləşdiriliblər.

Hərbi ekspert Azad İsazadə isə deyib ki, hərbi təlimlər zamanı bu cür xoşagəlməz halların yaşanması təbiidir: "Hərbi əməliyyatlar zamanı risk hər zaman çoxalır. Təlimlər zamanı yaralanma və bəzən də ölüm faktları həmişə nəzərdə tutulan hadisədir. Hesab edirəm ki, hərbi təlimlər zamanı əsgərlərin müəyyən bədən xəsarətləri alması normaldır. Bu cür qəzalar istənilən halda olur. İnşaat vaxtı da, idman yarışları zamanı da ehtiyatsızlıqdan insanlara müəyyən xəsarət dəyir. 3 əsgərin yaralanması bizim üçün çox üzücü və faciəvi bir hadisədir, amma bununla belə bu cür hadisələr təlimlərin qanunauyğunluğudur. Hətta hərbi təlimin miqyası ilə müqayisədə bədbəxt hadisələrin faizi çox azdır və qeydə alınan faktlar norma kimi qəbul oluna bilər”.

Təlimlər zamanı təhlükənin istənilən halda qaçılmaz olduğunu vurğulayan ekspert deyib ki, bununla belə hərbiçilərimiz bacardıqları qədər ehtiyatlı olmalıdırlar: "Təhlükə həmişə var deyib, mübarizə aparmamaq da doğru deyil. Fiziki təlimlərdən öncə əsgərlər arasında mənəvi-psixoloji təlimlər keçirilməlidir. Əsgər və zabitlərin ayrı-ayrılıqda hər biri əvvəlcədən təlimatlandırılmalıdır. Doğrudur, milli ordumuz təlimlərə hər nə qədər yüksək səviyyədə hazırlaşsa da, risk həmişə var. Sadəcə, əsgərlərimiz bir az daha diqqətli olmalı və hərbi döyüş sursatlarından düzgün istifadə etməlidir. Təhlükə ola bilər, o demək deyil ki, olmalıdır. Əvvəlcədən əsgərlərə izah olunmalıdır ki, zahirən o qədər də təhlükəli görünməyən hansısa silah-sursat real təhlükə mənbəyidir”.