USAİD-in gizli qrant layihəsi...

Baş redaktorlar ABŞ Beynəlxalq İnkişaf Agentliyinin “partizanlığını” narazılıqla qarşılayıblar




USAİD-ın (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) Azərbaycanda müstəqil medianın inkişafı üçün fantastik həcmdə - 2,4 milyon dollar məbləğində qrant elan etməsi ciddi rezonans doğurub. Layihə ilə bağlı verilən elanda müddətin çox qısa, 30 iyun - 7 iyul 2014-cü il tarixinə müəyyən edilməsi, eləcə də qrant elanının media və ictimaiyyətə çatdırılmasında şəffaflığın təmin olunmaması qurumun xoşniyyət olmasını şübhə altına alıb. Məsələ burasındadır ki, ən təcrübəli QHT-lər belə bir həftəyə 2,4 milyonluq nəhəng layihə üçün layihə yaza bilməz.

Elanı maraqlı edən başqa bir məqam isə, bu barədə heç bir media qurumuna məlumat verilməməsidir. ABŞ-ın Azərbaycan mediasından xəbərsiz "medianın inkişafı üçün” qrant ayırması isə məsələnin qaranlıq tərəfidir. Əldə olunan məlumatda deyilir ki, USAİD-in Azərbaycandakı ofisi elan barədə yalnız tenderdə qalib ola biləcək qərbyönümlü bir neçə təşkilata təxminən bir ay əvvəldən məlumat verib. Saytlardan birinin görünməyən yerində isə ictimailəşdirilməyən elan yerləşdirib. Beləliklə də, elanda şəffaflıq prinsipi pozulub. Elan gizlin və xəlvəti şəkildə verilib. Eyni zamanda qrant elanında qeyd edilir ki, bütün təşkilatlar bu elana ərizə ilə müraciət edə bilərlər. Amma bütün təşkilatlar deyərkən heç bir QHT və media qurumuna bu elan barədə öncədən məlumat verilməyib. 3 illik müddəti olan layihədə bu qədər pulun hansı media qurumuna verildiyi də çox maraqlıdır. Məsələyə rəsmi münasibət bildirən ABŞ-ın Azərbaycandakı səfirliyi iddiaları təkzib edib. Səfirliyin mətbuat xidmətindən deyilib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da "mediaya dəstək fəaliyyəti” layihəsində USAİD qrant proqramında iştirak edənlərin arasında sağlam rəqabəti və şəffaflığı dəstəkləyir: "ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən Azərbaycanda müstəqil medianın inkişafı üçün qrantın gizlin elan edilməsi ilə bağlı yayılan məlumatlar tamamilə yanlışdır. Sözügedən layihə barədə məlumatı USAİD öz saytında yerləşdirib. Bu veb-sayt ictimaiyyət üçün açıqdır. Elan mayın 21-dən iyulun 7-dək ictimaiyyət üçün açıq olub. Lakin layihə çərçivəsində heç bir təşkilat qrant udmayıb və onlara hansısa maliyyə ayrılmayıb”.

Beynəlxalq İnkişaf Agentliyinin gizli və qərəzli fəaliyyəti ölkənin media patronları tərəfindən də sərt şəkildə tənqid olunub. "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu qrant layihəsində şübhəli məqamların çox olduğunu deyib: "Azərbaycanda vətəndaş cəmiyyəti inkişaf edib. Dövlət-cəmiyyət münasibətləri də şəffafdır. Demokratiyanın və hüquqi dövlətin əsas tələblərindən biri ondan ibarətdir ki, vətəndaş cəmiyyətləri ilə olan münasibətlər ictimaiyyətdən gizlədilməsin. Yəni tam şəffaf olsun. Əgər hər hansı bir məsələ gizlədilməyə çalışılırsa, yaxud müvafiq hüquqi prosedurlara uyğun olaraq həyata keçirilmirsə, deməli, burda şübhələnməyə əsaslar var. ABŞ-ın QHT-lərlə bağlı elan etdiyi layihənin şərtləri də onun qeyri-şəffaf olduğunu deməyə ciddi əsas verir. Axı niyə külli məbləğdə qrant ayrılan layihə tez-tələsik, yarıgizli şəkildə başa çatdırılıb? Əsas məqsədləri nədir? Deməli, ya ABŞ-ın müvafiq qurumları Azərbaycandakı qeyri-hökumət təşkilatları üzərindən maliyyə maxinasiyaları etməyə çalışırlar. Ya da Azərbaycandakı QHT sektorunu öz maraqları üçün hansısa məqsədə doğru səfərbər etməyə cəhd edirlər. Təbii ki, bunların heç biri qəbuledilməzdir. Özünü demokratiya nümunəsi kimi təqdim edən ABŞ-ın şəffaflıq tələb etdiyi bir ölkədə bu cür kirli fəaliyyət göstərməsi, qanunsuz üsullara əl atması yolverilməzdir və təəssüf doğuran haldır. QHT-lərlə gizli iş aparmaq hüquqi və mənəvi dəyərlərə ziddir. Bu cəhd ciddi şəkildə tənqid olunmalı və Azərbaycan ictimaiyyətinin qınağına çevrilməlidir.

"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də bildirib ki, xarici institutların bu cür gizli layihələr həyata keçirməkdə məqsədləri Azərbaycanda şəxsi maraqlarına xidmət edən jurnalist təşkilatlarına dəstək vermək və anti-Azərbaycan kampaniyasını körükləməkdir: "Bu, yeni hadisə deyil. Vaxtı ilə bəzi qərb təşkilatlarının Azərbaycandakı nümayəndələri tərəfindən ölkədəki bir sıra mətbuat orqanlarına gizli yardım edildi. Həmin layihə və maliyyə barədə heç bir elan, bildiriş verilmədi. Nəticədə bu, qrant layihəsi yox, təyinatlı ödəniş oldu. Bütün bunlar göstərir ki, qərb dairələrinin məqsədi heç də Azərbaycan mediasının inkişafına nail olmaq deyil. Onların niyyəti öz şəxsi ambisiyalarını ölkədəki bəzi qərəzli mətbuat orqanları vasitəsi ilə həyata keçirməkdir. Burda əsas amillərdən biri bəzi jurnalist təşkilatlarının hansısa güclər tərəfindən "işğal” olunmasıdır. Ona görə də, ilk növbədə mətbuat nümayəndələrinin bu məsələyə diqqət yetirməsi və əvvəlcədən ciddi araşdırmalar aparması vacibdir”.

İsmayıl