Putin qarşısına məqsəd qoyub

Rusiya hazırkı Kiyev iqtidarını devirməyi planlaşdırır




Ukraynada vəziyyət yenidən gərginləşib. Ukraynanın cənub-şərqindəki prosesin təhlükəli hal aldığını görən dövlət başçısı Petro Poroşenko Kiyevdə güc strukturlarının rəhbərləri ilə təcili müşavirə keçirib. Yığıncaqda yeni prezident həyəcan təbili çalaraq bəyan edib ki, ölkənin şərqində Ukrayna ordusuna qarşı Rusiya zabitləri döyüşür və müasir Rusiya silahlarından istifadə olunur.

Xatırladaq ki, son günlər Ukrayna-Rusiya sərhədinin Luqansk vilayəti ərazisindəki nəzarətsiz nöqtələrindən separatçılara dəstək üçün xeyli miqdarda hərbi texnika və canlı qüvvənin Ukrayna ərazisinə daxil olduğu haqda xəbərlər yayılır.

Ukrayna hadisələrinin inkişafını şərh edən politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında qeyd edib ki, Poroşenko ərazilərini separatçılardan təmizləmək üzrə idi. Amma Rusiya lideri Vladimir Putin yüksək rütbəli zabitləri başına yığaraq buna imkan vermədi: "Moskva zirehli texnikanın bir sıra növlərini gizlincə Ukrayna ərzisinə yeritdi. Xüsusi diversant-təxribatçı qruplar göndərdi. Bu qruplar güclü təlimlər görüblər. Kreml bütün qoşun növləri və silahlardan istifadə edərək Ukraynaya qarşı irimiqyaslı müharibə aparır”.

Ekspertin qənaətincə, Putin qarşısına daha kəskin məqsədlər qoyub: "Onlar hazırkı Kiyev iqtidarını devirməyi planlaşdırırlar. Rusiya heç bir danışığa və beynəlxalq hüquqa məhəl qoymadan Kiyev böhranını istədiyi ssenari üzrə aparır. Ölkədə böhranın səngiməsinə imkan vermir”.

Q.Hüseynli Ukraynanın çətin duruma düşməsində Qərb ölklərini qınayıb: "Məsələnin pis tərəfi odur ki, Qərb rəsmi Kiyevə verdiyi vədin heç birini yerinə yetirmir. Rusiyaya qarşı göstərilən sanksiyalar çox zəif və effektsizdir. ATƏT-in baş katibi Anders Foq Rasmussen bəyan edirdi ki, lazım gəlsə, silahlar danışacaq. İndi müharibəyə başlamaq üçün zəmin yaranıb. Amma Qərb yenə də süstlük nümayiş etdirir. Qərbin mövqeyində çox pərakəndəlik var. Putin də yaranmış fürsətdən maksimum faydalanmağa çalışır”.

Ukraynanın ordu quruculuğuna diqqət çəkən ekspert söyləyib ki, Poroşenko bu yöndə ciddi addımlar atır: "Yeni rəhbərin səyi nəticəsində müəyyən uğurlar əldə olundu. Əsas olan Qərbin məsələdə tutacağı prinsipial mövqedir. Qərb Rusiyanı sıxmalıdır. Moskvaya qarşı müxtəlif səpkili təzyiqlərin şəbəkəsi genişlənməlidir. Ukraynaya ən müasir silahlarla və canlı qüvvə ilə yardım etməlidir. Lakin ABŞ elə vəziyyətə gəlib ki, sanki heç dünyanın bir nömrəli dövləti deyil”.

Q.Hüseynlinin fikrincə, rəsmi Vaşinqton bir çox məsələlərdə Rusiyaya uduzub: "Suriya məsələsində uduzdu. Ukrayna hadisələrində də uduzmuş kimi çıxış edir. Ukraynaya yardım edə bilmir. Yardımı bu olub ki, orduya 2 minə yaxın güllə keçirməyən gödəkçə göndərib. Belə dəstəklə müharibəni qazanmaq olmaz”.

Ayyət Əhməd