AXCP üzvləri Sərdar Cəlaloğlunun çıxışını yarımçıq kəsiblər







Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Azərbaycan Xalq Cəbhəsinin (AXC) 25 illiyi münasibətilə keçirdiyi tədbirdə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun çıxışı narazılığa səbəb olub.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən S. Cəlaloğlu bildirib ki, Azərbaycanda xalq hərəkatı ilə bağlı bütün məsələləri AXC lideri Əbülfəz Elçibəyin adı ilə bağlamaq düzgün deyil: "Məsələn, dövlət dilinin Azərbaycan dili elan olunması 1956-cı ildə İmam Mustafayevin adı ilə bağlıdır”.
Bu vaxt AXCP üzvləri səs-küy salaraq onun çıxışına etiraz ediblər. Onlar "Rəsulzadə-Elçibəy” şüarı səsləndiriblər. S. Cəlaloğlu isə narazılığını bildirərək, izah etməyə çalışıb ki, Azərbaycanın dövlətçilik tarixinin də Məhəmməd Əmin Rəsulzadənin adı ilə bağlanması doğru deyil: "Çünki bizim dövlətçilik tariximiz Xiyabanidən başlayır”.
AXCP üzvləri isə yenidən etiraz etdikdə, S. Cəlaloğlu çıxışını yarımçıq kəsərək zalı tərk edib.