Dönüş...

Erməniləri qorxuya salan “üçlük”dən yeni xəbər yoxdur




Doğma torpaqlarını ziyarətə gedən, ancaq ermənilərə girov düşən üç cəsarətli Azərbaycan övladı gündəmin əsas müzakirə mövzusuna çevrilib. Demək olar ki, bütün Azərbaycan və Ermənistan ictimaiyyəti Kəlbəcərdə erməni hərbçilər tərəfindən əsir alınan Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovdan danışır. Daha doğrusu, Azərbaycan tərəfi onların qəhrəmanlığından, Ermənistan isə "diversant” olmaqlarından bəhs edir.

Əslində, illərdir dədə-baba torpağına həsrət qalan, öz kəndinə, dağıdılmış yurd-yerinə baxmaq istəyən, cənnət yerlərin havasını udmağı arzulayan minlərlə insan var. Amma düşmən nəzarətində olan yerlərə getmək cəsarət tələb edir. Cəsurluq isə hər "vətənpərvər” adamda olmur.

Zakir Həsənov Dilqəm Əsgərovun ailəsini nazirliyə çağırdı

Dilqəm, Şahbaz və Həsən adlı üçlük qorxmadan, çəkinmədən, girov düşməyi gözə alaraq işğal altındakı torpaqlara gediblər. Ancaq iki kəlbəcərlidən, Dilqəm və Şahbazdan fərqli olaraq ilk dəfə bu yola çıxan Həsənin həyatı haqqında dəqiq məlumat yoxdur. Ermənilər "onu öldürdük” deyirlər, amma meyitinin şəklini yaymırlar. Hər üç şəxsin ailə üzvləri artıq müvafiq dövlət qurumlarına, beynəlxalq təşkilatlara müraciət edərək əsir götürülən və dəhşətli işgəncələrə məruz qalan yaxınlarının xilas edilməsini xahiş ediblər. Müraciətləri dərhal qəbul edən hökumət atəşkəs dövrünün qəhrəmanları hesab olunan bu şəxslərin geri qaytarılması istiqamətində ciddi hərəkətə keçib. Ötən gün Dilqəm Əsgərovun ailəsi Müdafiə Nazirliyinə çağırılıb. Bu barədə onun həmkdənlisi Yusif Əsgərov məlumat verib. Onun sözlərinə görə, müdafiə naziri Zakir Həsənovla görüşən ailə üzvləri ondan kömək istəyiblər: "Dilqəm terrorçu deyil. Onun əzizlərinin qəbri oradadır. Özü orada doğulub, böyüyüb. İndi də gedib ziyarət edir. Burada qəbahətli iş var?”. Məlumat üçün bildirək ki, erməni mətbuatı əsir aldıqları şəxslərin "diversant” olduğu barədə yalan məlumatlar yayıblar. Bunu əsas gətirən qondarma Dağlıq Qarabağ Respublikasının prokurorluğu Kəlbəcər rayonu ərazisində girov götürülmüş azərbaycanlılarla bağlı cinayət işi açıb. Ermənistanın müdafiə naziri Seyran Ohanyan da mətbuata müsahibəsində əsir həmyerlilərimizin "diversant” olduğunu iddia edib. Belə ki, jurnalistlərdən biri, "belə söz-söhbət gəzir ki, onlar diversant deyillər”, deyə Ohanyandan soruşub. O isə cavabında "hərə getsin öz işi ilə məğul olsun. Onlar diversantdır və diversion-kəşfiyyat qrupunun üzvləridir. Qarabağa yaxşı bələd olan bu insanlar düşmən tərəfdən məqsədli şəkildə göndərilib. Bizim qanunlara görə, onlar cinayətkardırlar”.

"Atam həmişə Rusiyaya gedib-gələn adam olub. Biz elə bildik ki, yenə Rusiyaya gedib”

D.Əsgərovun ailəsi isə onun kəşfiyyatçı olduğu barədə yayılan xəbərləri təkzib edib. Dilqəmin oğlu Kürdoğlu Əsgərov deyib ki, atasının Ermənistan tərəfindən saxlanılması barədə xəbəri internetdən oxuyublar: "Atam həmişə Rusiyaya gedib-gələn adam olub. Biz elə bildik ki, yenə Rusiyaya gedib. Sonra internetdən öyrəndik ki, atam öz doğulub boya-başa çatdığı Kəlbəcər rayonuna gedib. Yəni heç bir diversiyadan söhbət gedə bilməz”. K.Əsgərov atasının saxlanılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin Azərbaycan nümayəndəliyinə müraciət etdiklərini söyləyib. Azərbaycanın Müdafiə Nazirliyi də "diversant” iddiasını təkzib edib və Ermənistan tərəfinin məsələyə yanaşmasına cavab verib: "Səsləndirilən bu fikirlərin heç bir əsası yoxdur. İşğal olunmuş ərazilər suveren Azərbaycanın torpaqlarıdır. Azərbaycanlıların həmin ərazilərə keçməsinə və orada sərbəst hərəkət etməsinə qadağa qoyula bilməz. Erməni tərəfinin iddia etdiyi kimi bu şəxslər heç bir dövlət sərhəddini də pozmayıblar. Çünki işğal nəticəsində, qeyri-qanuni yolla "qurulmuş” qondarma rejimin nəzarətindəki torpaqlar BMT tərəfindən tanınan Azərbaycan Respublikasının ərazisidir”. Nazirlik onu da qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri mülki şəxsləri, qeyri-peşəkarları cəlb etmədən istənilən döyüş tapşırığını və əməliyyatı yerinə yetirmək üçün bütün imkanlara malikdir. Kəlbəcərdə girov götürülmüş vətəndaşların sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı məsələ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar

Dövlət Komissiyasının da diqqət mərkəzindədir. Komissiya səlahiyyətləri çərçivəsində aidiyyəti beynəlxalq təşkilatları məlumatlandıraraq, məsələnin beynəlxalq humanitar hüquq normaları çərçivəsində araşdırılmasını tələb edib. Ölüm xəbəri yayılan H.Həsənovun ailə üzvləri də Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət ediblər. Bu barədə Həsənin qardaşı Nail Həsənov məlumat verib. O deyib ki, qardaşının Kəlbəcərə getməsindən xəbərsiz olublar: "Bizə dedi ki, Türkiyəyə gedirəm. Sonra mətbuatdan xəbər tutduq ki, orda öldürülən şəxs qardaşımızdır. Həsənin Kəlbəcərə getməsi onun vətənpərvər olması ilə bağlıdır. O, taksi sürücüsüdür, yaşadığı Binəqədi rayonunda mağazası var. Kəlbəcərə getdiyi Dilqəm və Şahbaz adlı şəxslərlə əlaqəsinin olduğunu bilmirik”.

Dilqəm onu böyüdən nənəsinin qəbrini ziyarət etmək üçün də ora gedib

Kəlbəcər rayonunun tanınmış ziyalılarından Çingiz Mirzəlioğlu ermənilərə əsir düşən insanların kəşfiyyatçı deyil, adi vətənpərvər şəxslər olduqlarını bildirib: "Dilqəm yurdunu sevən bir kəlbəcərlidir. Əslində ailəsi, qohumları, ümumiyyətlə, hamımız ona belə bir təhlükənin ola biləcəyini demişdik. Ancaq doğma torpağına, elinə olan sevgisi onu rahat buraxmır. Axırıncı dəfə Şahbaz da Dilqəmlə birlikdə gedib. Birinci Şahbazı tutublar, sonra isə Dilqəm ələ keçib”. Ç.Mirzəlioğlunun sözlərinə görə, Dilqəm Rusiyada işləsə də, qohumların xeyir-şərində tez-tez iştirak etmək üçün Azərbaycana gəlirmiş: "Çox qohumcanlı insan idi, heç bir mərasimdən qalmazdı”.

D.Əsgərovun bacanağı Qurban adlı şəxs ailənin narahatlıq içində olduğunu deyib: "Dilqəmin ailəsi Şəmkirdə yaşayır. Onun 4 övladı və 2 nəvəsi var. Dilqəm həm də Rusiya vətəndaşıdır. Orada meşədə işləyirdi. Çörəkpuluna görə, arada gedib-gəlirdi. Kəlbəcər işğal altında olandan hər zaman öz doğulduğu torpağın həsrətini çəkib. Onu böyüdən nənəsinin qəbrini ziyarət etmək üçün də ora gedib. Dövlətimizə, Cənab Prezidentimizə arxayınıq. İnanırıq ki, o, tez bir zamanda öz vətəninə qaytarılacaq”.

"Məgər diversant gedib meşədə ocaq qalayıb yerini düşmənə bəlli edər?"

Keçmiş millət vəkili, Kəlbəcərin tanınmış ziyalılardan olan Əlövsət Ağalarov yaxın münasibətdə olduğu adamların əsir düşmələrinə və kəşfiyyatda ittiham olunmalarına təəssüfləndiyini söyləyib: "Deyirlər, guya onlar diversantdır, kəşfiyyatçıdır. Bunların hamısı boş-boş, məntiqsiz şeylərdir. Məgər diversant gedib meşədə ocaq qalayıb yerini düşmənə bəlli edər? Kəşfiyyatçı çox çətin ələ düşür. Əgər onlar diversant olsaydı, sağ ələ düşməzdilər. Mən o adamları şəxsən tanıyıram, yaxın münasibətim var. Dilqəmin, Şahbazın heç bir xüsusi məqsədi olmayıb. Sadəcə öz dədə-baba torpaqlarını ziyarət etmək niyyəti ilə gediblər. Bunun üçün ermənidən icazə alası deyillər ki?”. Ə.Ağalarov axırıncı gedişlərində onlara bir qədər ehtiyatlı olmağı tövsiyə edib: "Dilqəm dedi ki, Əlövsət müəllim, mən öz ata-babamın qəbrini ziyarətə gedirəm və Quran oxuyub qayıdıram. Başqa məqsədim yoxdur. Onları dövlət göndərməyib. Özləri könüllü gediblər və əsir düşüblər. Çox güman ki, dövlətimiz əsirlərimizi işgəncəyə məruz qalmadan geri qaytarmaq üçün əlindən gələni edəcək”.

Onlar öz evlərinə getmələri üçün kimdənsə icazə almağa ehtiyac görməyiblər

Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib ki, azərbaycanlıların erməni cəbhəsini saymazyana şəkildə keçməsi Ermənistandakı "güclü erməni” ordusu mifini darmadağın edib: "Ermənistan mətbuatı məlumatları əsəbiliklə və gərginliklə verir. Əksinə, Azərbaycan mediası isə informasiyaları həyəcanla və fəxarətlə yayır.

İki mülki vətəndaş ermənilərin cəbhə xəttini hiss edilmədən keçərək işğal altında olan Kəlbəcər rayonuna gəlir və hətta orada videoçəkilişlər edirlər. Bu isə xalqımızın genetik qorxmazlığından xəbər verir. Eyni zamanda Kəlbəcər Azərbaycan ərazisidir. Buna görə də, onlar öz evlərinə getmələri üçün kimdənsə icazə almağa ehtiyac görməyiblər. Yaxınlarının dediklərinə görə, həmin şəxslər əvvəllər də o ərazilərə gedib-gəlirlərmiş. Deməli, ermənilər tutduqları əraziləri heç də güclü qorumurlar. Hər halda Dilqəmin və Şahbazın illərdir gedib-gəlməsi bunu deməyə əsas verir”. Deputatın sözlərinə görə, bu "başısoyuqluğa” görə, xeyli sayda erməni generalı vəzifəsindən qovulacaq: "Əli yalın azərbaycanlı silahlı erməni əsgərindən və döşü medallı erməni generalından qat-qat güclü olduğunu göstərdi. Onların qorxmazlığı Ermənistanın kürkünə birə saldı. Söz yox ki, bütün oğullarımız kimi Azərbaycan bu iki qorxmaz oğlunun da qayğısına qalacaq. Dövlətimizin gücünü bu məsələdə də görəcəyik”.

Cəbhə xəttində nəzarət boydan-boya maksimum gücləndirilməlidir

Milli Təhlükəsizlik Nazirliyinin keçmiş müavini Sülhəddin Əkbər isə hadisənin xoşagəlməz olduğunu bildirib: "Bununla bağlı hökumət geniş iş aparmalıdır. Nəzərə almaq lazımdır ki, dövlətin nəzarət etmədiyi həmin ərazilərdə beynəlxalq dairələrin də təsir imkanı yoxdur. Vətəndaşlarımız işğalçı rejimin mahiyyətini bilməli və cəbhə xəttini keçərək işğal olunmuş ərazilərə daxil olmağın nə dərəcədə təhlükəli olduğunu anlamalıdır. Belə bədbəxt olayların qarşısını almaq üçün cəbhə xəttində nəzarət boydan-boya maksimum gücləndirilməlidir”.
S.Əkbərin fikrinicə, D.Ələsgərovun rus vətəndaşı olması vəziyyəti bir qədər yumşaldır: "Rusiyanın Ermənistana təsiri böyükdür. Azərbaycan hökuməti çalışmalıdır ki, diplomatik kanallarla Moskvanı məsələyə qatsın və soydaşlarımızı əsirlikdən mümkün qədər tez xilas etsin”.

İsmayıl