Bayram vərəmdir, xəstəxanada ölə bilər

Mehman Əhmədli: “Bu narkotika adı ağırdı deyə heç kimə ağız aça bilmədik ki, ona güzəşt edilsin”
Ağa Mirzə: “Narkotika ilə tutulub, mən nə deyim. Bu barədə danışmaq istəməzdim”



Bir neçə gün öncə Sabunçu rayon polis əməkdaşları tərəfindən saxlanılan meyxanaçı Bayram Kürdəxanılı barəsində istintaq müddəti üçün 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu barədə Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Rəhman Kərimov məlumat verib. B.Kürdəxanılı Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

Onun barəsində Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə iş başlanılıb. Ancaq tanınmış meyxanaçının tutulması xəbəri ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Bir çoxlarının fikrincə, hələ 21 yaşından nəşə çəkməyə aludə olan meyxanaçının həbsxanada bu vərdişindən əl çəkəcəyi heç də real görünmür. Nəzərə alsaq ki, Bayram Kürdəxanılı həm də vərəm xəstəsidir və mütəmadi Qara Qarayevdə yerləşən Vərəm Dispanserində müalicə alır, onda belə bir xəstə insanın həbsxanada vəziyyəti heç də yaxşı olmayacaq.

Hər halda camaat arasında deyilən bir fikir var - o, tanınmış meyxanaçıdır, özü də gənc yaşlarından nəşə çəkdiyini etiraf edir. Belə insanın yaşının bu vaxtında, həm də xəstə olan halda tutulması düzgün deyil.

Bəs görəsən, meyxanaçının sənət dostları onun tutulması barədə nə düşünürlər? Elə bu suallarla üz tutduq meyxanaçı Mehman Əhmədliyə. Mehman Əhmədli "Əvvəla, mən bu fikirlə qətiyyən razı deyiləm ki, insanlar meyxanaçıların hamısını narkoman, nəşəxor hesab edirlər. Biz illərdir əməllərimizlə, hərəkətimizlə, ictimai davranışımızla bu fikri dağıtmağa çalışmışıq. Yəni o fikir yanlışdır ki, meyxanaçı nəşə çəkməsə, təbi gəlmir. Əksinə, nəşə, narkotika başı dumanlandırır, keyləşirsən. Ayıq başa daha məntiqli meyxana demək olur. Biz Allah yolunu tutmuşuq. Allah da bizə kömək olur. Yəni bu fikirlə razılaşmıram ki, meyxanaçı ancaq "mal” vuranda, nəşə çəkəndə, təbi gəlir. Ayıq başla əla meyxana deyənlərimiz var. Niyə nəşə olanda meyxanaçılar gözə girir? Qaldı Bayramın tutulmağına münasibətimə, təbii ki, çox pis oldum. Çünki dostumuzdu. Bilirsiz, o özü də etiraf edir ki, 21 yaşından nəşə çəkir. Mən də bilirəm ki, nəşə çəkir. Amma o insan narkotika alveri ilə məşğul olmur. Onun üzərində o qədər narkotikanın olması da bir az inandırıcı görünmür. Onun o qədər imkanı da yoxdu. Bu adam özü üçün istifadə etməyə nəşə alır. Amma satışı ilə məşğul olmur. Bakının mərkəzində birinə bir şillə vurursan, 10 dəqiqədən sonra Əhmədlidə səsi eşidilir. O adam alver etsəydi, bunu hamı bilərdi. Bir də xəstə adamdı. Vərəm xəstəsidi. Qarayevdəki Vərəm Dispanserində də yatanda ona baş çəkirdik. İndi belə xəstə adamın həbsxanaya düşməsi onun vəziyyətinin ağırlaşması deməkdi. Bilirəm ki, qanun hamı üçün alidir. Amma xəstə insanın ora düşməsi onun ölümünü tezləşdirməkdir. Vərəm adam orda necə yaşaya bilər. Bəlkə də o, həbsxanadan sağ çıxmaz. Biz dost-tanış başqa bir səbəb olsaydı, gedib xahiş edərdik, polislər sağ olsunlar, hörmətlə yanaşırlar bizə, birinə qardaşyana ağız açardıq ki, kömək etsinlər. Amma bu narkotika adı ağırdı deyə heç kimə ağız aça bilmədik ki, ona güzəşt edilsin. Bayramın yaşı 50-ni keçib. O bu günə qədər nəşə çəkərək yaşayıb, onu necə tərgidə bilər. Onsuz da həyatda bədbəxt insandı. Nə ailəsi var, nə övladı. Subay adamdı. Əlinə də toydan 5-3 manat düşəndə qardaşı uşaqlarına kömək edirdi. Adamın ailəsi olar, adama dəstək olar. Bu insanın kimsəsi yoxdu. Heç vaxt da toylara danışıq edib getməyib. Elə kim nə versə, qane olub, min bərəkət deyib. Yenə deyirəm, kaş ona güzəşt edilsin, sənətçi adamdı, çöldə toydan 5-3 manat qazanıb özünü dolandırırdı, müalicə alırdı” deyə fikirlərini bildirdi.

Meyxanaçı Ağa Mirzə isə Bayramın tutulması barədə fikir bildirmək istəmədi: "Narkotika ilə tutulub, mən nə deyim. Bu barədə danışmaq istəməzdim”.

Tahirə