"Türkiyə Amerikanın diqtəedici mövqeyini qəbul etməyəcək"

Tofiq Abbasov:"ABŞ-ın dünya müstəvisində “qoçuluq” siyasətini davam etdirdikcə, müxtəlif dövlətlərlə arasındakı narazılıqlar davam edəcək"



"ABŞ təmkinlə Türkiyədə keçirilən prezident və parlament seçkilərinin nəticələrini gözləyirdi. Rəsmi Vaşinqton Rəcəb Tayyib Ərdoğanın hakimiyyətdən gedəcəyini düşünürdü”.

Bunu "Sherg.az”a ABŞ-ın vitse-prezidenti Mayk Pensin Türkiyədə həbsdən ev dustaqlığına buraxılan amerikalı rahib Endryü Bransonun azad edilməsi barədə fikirlərinə münasibət bildirərkən politoloq Tofiq Abbasov deyib. 

O qeyd edib ki, Türkiyə və ABŞ arasındakı son qıcıq doğuran məqamlar hələ də qüvvəsini saxlayır:

"Rəsmi Ankara və Vaşinqton arasındakı münasibətlər bir qədər normallaşmış görünsə də, problemlər həll edilməmiş qalır. Görünür, ABŞ-ın Türkiyəyə münasibəti əvvəlki kimi qalır. Amerika Türkiyəyə nüfuz etməyə, müəyyən məsələlərdə güzəştə getməyə vadar edir.

Türkiyə elitası isə özü ilə təzyiq göstərərək danışılmasını qəbul etmir. Ona görə, Amerikanın öyrədici, diqtəedici formada fikirlər səsləndirməsi Türkiyə tərəfindən birmənalı qarşılanmayacaq. Hətta belə bir fikir formalaşıb ki, amerikanlar bütün qarşı tərəflərlə təzyiq dilində danışır, tərəf müqabillərini dinləmirlər.

Hesab edirəm ki, Amerikanın dünya müstəvisində "qoçuluq” siyasətini davam etdirdikcə, müxtəlif dövlətlərlə arasındakı narazılıqlar davam edəcək. Türkiyə və digər dövlətlər ABŞ-ın saymazyana münasibətini qəbul etməyəcəklər. Nəticədə Amerika ilə aparılan dialoqların heç bir nəticəsi olmayacaq”.

Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Mayk Pens din xadiminin azad edilməyəcəyi təqdirdə, Türkiyəyə sanksiya tətbiq olunacağını bildirib.

Aysel Aslan