"Hansısa "din xadimi" insanları dövlətin əleyhinə səsləyirsə, bu, dövlətçiliyimizə xəyanətdir"

Hacı Şahin Həsənli: "Azərbaycan multikultural ölkədir. Müxtəlif mədəniyyət daşıyıcılarının birgə yaşadığı bu məmləkətdə dini tolerantlıq ənənələri əsrlərdir mövcuddur, indi də uğurla davam etdirilir"





"İslam dininə xidmət edənlər insanları qətlə, sui-qəsdə dəvət edə bilməz. Əsl möminlər cəmiyyəti mərhəmətə, sülhə dəvət edir”.

Bunu "Sherg.az”a sosial şəbəkələrdə din pərdəsi altında anti-Azərbaycan təbliğatının aparılması və Azərbaycanda dindarların sıxışdırılması iddiasından danışarkən ilahiyyatçı- alim Hacı Şahin Həsənli deyib. 

O bildirib ki, hansısa "din xadimi" insanları dövlətin əleyhinə səsləyirsə, bu, dövlətimizə, dövlətçiliyimizə xəyanətdir:

"Azərbaycan multikultural ölkədir. Müxtəlif mədəniyyət daşıyıcılarının birgə yaşadığı bu məmləkətdə dini tolerantlıq ənənələri əsrlərdir mövcuddur, indi də uğurla davam etdirilir. Əlbəttə, bu ənənələrə sadiq qalanlar az deyil. Amma bəziləri isə bundan istifadə edib, sabitliyi pozmağa cəhd göstərirlər. Bu əməlin başqa adı yoxdur. 

Belə insanlar Azərbaycanın inanclı insanları kateqoriyasına daxil deyil. İnanclı insanlar hansısa marginal qruplaşmaya deyil, həqiqi dinə bağlı olurlar. Azərbaycanda əsrlərlə yaşayan bu insanlar ənənələrimizə hörmətlə yanaşan, dövlətçilik ənənələrinə sadiq şəxslərdir. Ölkəmiz haqqında başladılan kampaniya Azərbaycanın inkişafına mane olmaq, dövlətçiliyimizə zərbə vurmaq məqsədi daşıyır”.

Qeyd edək ki, son zamanlar sosial şəbəkələrdə yayılan müxtəlif status, rəy və videomüraciətlərdə Azərbaycanda dini və milli azadlıqların, insan haqlatının pozulduğu, dindarların sıxışdırıldığı, guya hakimiyyətin Dağlıq Qarabağı qaytarmaq istəmədiyi və sadəcə vaxtı uzatdığı və s. kimi həqiqəti əks etdirməyən iddialar irəli sürülür.

Aysel Aslan