Ana-uşaq ölümünə görə hüquqi məsuliyyət yoxdur

Kəmalə Ağayeva: “Doğuş zamanı bu qədər bədbəxt hadisələr baş verir, amma mən bir dəfə də görməmişəm ki, Səhiyyə Nazirliyi tərəfindən hansısa ciddi tədbir görülsün”
İradə Cavadova: “Pasiyentlər haqqında” qanun qəbul olunarsa, pasiyentlərin hüquqlarını müdafiə etmək mümkün olacaq”


Doğuş zamanı ana və körpə ölümləri sayının durmadan artması ictimai təşkilatları, qadın cəmiyyətlərini də sarsıdır. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayeva "Şərq”ə açıqlamasında ana və körpə ölümlərinin böyük faciə olduğunu dedi:

- Doğuş zamanı gənc qadınların həyatını itirməsi, körpələrin tələf olması faktları həqiqətən də son zamanlar artıb və bu, gözəçarpacaq dərəcədədir. Bəzən kriminal hadisələrin diqqət mərkəzinə gətirilməsində medianı, elektron KİV-i qınayırlar, amma ana və körpə ölümlərinin artımı şişirdilmiş statistika deyil. Biz özümüz də statistikanı toplayırıq və görürük ki, vəziyyət getdikcə ağırlaşır.

Bəlkə də hər həftə bir ana və ya körpə ölümü hadisəsi baş verir. Hətta ildə bir dəfə bu hadisə olsa da, yenə də böyük faciədir və onun səbəbləri araşdırılmalıdır, günahkarlar cəzalanmalıdır. Çünki burada söhbət gənc bir ailənin dağılmasından, parça-parça olmasından, körpələrin anasız, anaların övladsız qalmasından gedir. Valideynlərin ürəyi qubar bağlayır belə faciələrdən. Biz insan itkisi yaşayırıq. Övladını itirmiş ana cəmiyyət üçün bir itkidir, çünki bu halda qadın özünü çox çətin toparlayır. Ailələr uzun illər bu stresdən, psixi travmadan çıxa bilmirlər. Belə faciələr insanların bütün gələcək həyatını alt-üst edir. Ana və körpə ölümləri elə faktlardır ki, burada səhlənkarlıq, səriştəsizlik, məsuliyyətsizlik kimi ifadələr işlətməyə ehtiyac da qalmır. Bunun bir adı var - faciə! Mən bütün ölüm hadisələrində günahı yalnız həkimlərin üzərinə qoymaq da istəmirəm. Burada bir çox səbəblər rol oynayır. Qadının hamiləlik dövründə müayinələrdən keçməməsi və ya düzgün müayinə olunmaması da bəzən ölümə səbəb olur. Amma bütün hallarda düzgün müayinə və müalicənin aparılması da səhiyyənin üzərinə düşən vəzifədir. Sahə həkimləri küçə-küçə, ev-ev gəzib hamilə qadınları müəyyənləşdirməli və onların müayinəyə gəlməsini tələb etməlidirlər. Necə yəni, qadınlar müayinədən yayınır, analiz vermirlər?! Onları buna məcbur etmək lazımdır. Bu, körpələrə zəruri peyvəndlərin vurulmasına bənzəyir. Necə ki, körpələrə peyvənd vurulması tələb olunur, analar hamısı bu prosesə könüllü qoşulur, eləcə də anaların özünü müayinə və yoxlanışlara cəlb etmək lazımdır. Bununla həkimlər özlərini sığortalamış olar, əgər qadında nəsə bir problem varsa, qarşısı alınar, uyğun tədbirlər görülər. Uşaqların peyvəndə cəlb edilməsi gələcək nəslin sağlamlığı baxımından vacibdirsə və bunu dövlətimiz məcburi həyata keçirirsə, deməli, gələcək anaların və onların dünyaya gətirəcəyi körpələrin sağlamlığı da milli təhlükəsizlik məsələsidir.

Doğuş zamanı bu qədər bədbəxt hadisələr baş verir, amma mən bir dəfə də görməmişəm ki, Səhiyyə Nazirliyi tərəfindən hansısa ciddi tədbir görülsün. Şöbəsində ölüm hadisəsi baş vermiş həkimi başqa bir tibb müəssisəsinə göndərirlər, iş yerini dəyişirlər. Yaxud, töhmət verirlər. Lap bu həkim işdən kənarlaşdırılsa da, yenə baş vermiş faciəyə adekvat addım deyil. Bu gün işdən kənarlaşdırılan həkim sabah gedib hansısa özəl klinikada işə düzələcək. Olan ailəyə, gənc xanımlara, onların övladlarına olur. Ciddi travma yaşamış ailələrlə psixoloji iş aparılmalıdır, onlara psixoloji yardım göstərilməlidir. Bizdə isə belə bir hal yoxdur. Hüquq-mühafizə orqanları ölüm faktları ilə bağlı təhqiqat aparmalı və ölümün səbəblərini müəyyənləşdirməlidir. Əgər burada həkim səriştəsizliyi, həkim səhlənkarlığı aşkarlanırsa, o həkim cinayət məsuliyyətinə cəlb edilməlidir. Necə ki, bir insan qətlə yetirildiyində qatili tapıb həbs edirlər, neçə il müddətinə azadlıqdan məhrum edirlər, ana və körpə ölümlərində də eynilə bu maddələr üzrə cinayət işi açılmalıdır. Burada da insan tələfatı var. Bəzən bir, bəzən hətta 2, 3 tələfat.

K.Ağayeva doğuş zamanı hər hansı tələfatla üzləşmiş ailələri məhkəmələrə müraciət etməyə çağırdı:

- Təəssüf ki, bizim camaatda belə bir mənfi cəhət var; məhkəməyə müraciət etmirlər. Haqlarını qorumurlar. Mən indiyədək məhkəmələrin kiməsə təzminat ödədiyini görməmişəm. Bizim millətə qəribə gəlir, özlərinə ar sayırlar ki, ölmüş insana görə təzminat tələb etsin. Amma bu, hüquqdur, haqdır. Söhbət təkcə, ölüm faktından getmir. Lap olsun düzgün aparılmayan müalicə, müayinə, cərrahiyyə əməliyyatı. Həkimlərin savadsızlığı, səriştəsizliyi ucbatından insanın sağlamlığı zərər görübsə, o, təzminat davası açmaqda tamamilə haqlıdır və hüquq onun tərəfindədir. Başa düşürəm ki, insanlar məhkəmələrə get-gəldən bezirlər və baş qoşmaq istəmirlər. Amma bu təcrübənin əsası qoyulmalıdır. Məsələn, biz təşkilat olaraq sığınacağımızda qalan hamilə qadına məhkəmə vasitəsilə analıq məzuniyyəti pulu ala bildik. Düzdü, çox get-gəl oldu, amma sonunda istəyimizə nail olduq. Eləcə də digər ailələr haqlarını məhkəmələrdə qorumalıdırlar.

K.Ağayeva artan ana və körpə ölümlərinin durdurulması və günahkarların cəzalandırılması üçün sosial aksiyaların keçirilməsini vacib sayır, lakin dövlət və qeyri-hökumət təşkilatlarının susqunluğunun anlaşılmaz olduğunu deyir:

- Mənim üçün çox maraqlıdır ki, bu qadın təşkilatları niyə susub, dillərini qarınlarına qoyublar? Kimdən çəkinirlər? Yoxsa, gözləyirlər ki, hansısa qurum onlara qrant ayırsın, sonra işə başlasınlar? Bu, elə bir təhlükədir ki, hər birimizin evində baş vermə ehtimalı var. Biz qabaqlayıcı tədbir görməsək, problemi ictimailəşdirməsək, kim bu işi görəcək? Mən geniş imzatoplama kampaniyası keçirilməsini təklif edirəm. Bununla biz üzərimizə gələn bəlanı ictimailəşdirib dövlət orqanlarının konkret addımlar atmasına nail ola bilərik. Hərəkətə keçməyin zamanını itiririk artıq.

Hüquqşünas İradə Cavadova Cinayət Məcəlləsində pasiyentin sağlamlığına zərər vurulmasıyla bağlı maddənin olmadığını dedi:

- CM-də sağlamlığa zərərvurmanın bir neçə növü göstərilir. İnsan həyatı üçün təhlükəli zərərvurma, qəsdən, ehtiyatsızlıqdan, az və ya ciddi və ya çox ciddi zərərvurma. Amma CM-də məhz tibb sahəsində, həkimlərin pasiyentin səhhətinə zərərvurması ilə bağlı konkret maddə yoxdur. Səhiyyə sektorunda baş verən ölüm və ya pasiyentlərin səhhətinə zərərvurmalar işdə yol verilmiş "səhlənkarlıq” kimi təqdim olunur, bu ad altında verilir, buna görə cinayət işi açılması mümkün olmur. Həkimlər də buna arxayındır, bilirlər ki, nə baş versə də, onlara cinayət işi açılmayacaq, həbs edilməyəcəklər, ona görə də məsuliyyətsizliklərini davam etdirirlər. İndiyədək neçə belə ana və körpə ölümü baş verib, hansı həkim cinayət məsuliyyətinə cəlb edilib? Heç biri. Çox qəribədir ki, sürücü ehtiyatsızlıq üzündən qəza törədir, bəzən ölümlə nəticələnir, bəzən xəsarətlə, bu zaman sürücüyə 7-8 il azadlıqdan məhrumetmə cəzası verilir. Burda da insan həyatı var, orda da. Sürücü ehtiyatsızlıq edə bilər, idarəetməni itirər və bədbəxt təsadüf nəticəsində kiminsə həyatına son qoyular, buna görə insanı uzun müddətə həbsə atırlar, hələ vəfat etmiş şəxsin ailəsinə təzminat da ödətdirirlər, amma bir həkim səriştəsizliyi, savadsızlığı, məsuliyyətsizliyi ana və körpə ölümünə səbəb olur, buna görə həkim cəzalanmır. Yəni, onu cəzalandırmaq üçün hüquqi əsas tapılmır. Bu, dəhşətdir. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının üzvüdür, beynəlxalq konvensiyalara qoşulub, amma hələ də "Pasiyentlər haqqında” qanunu qəbul etməyib. Biz neçə ildir bu qanun layihəsinin müzakirəyə çıxarılmasını tələb edirik, amma nəticə yoxdur. Bu qanun qəbul olunarsa, pasiyentlərin hüquqlarını müdafiə etmək mümkün olacaq. Ya da gərək CM-nə əlavə və dəyişikliklər edilsin və orada birbaşa səhiyyə sektorunda çalışanların sağlamlığa zərərvurma, həmçinin insan həyatı üçün təhlükə törədən zərərvurmaya görə cinayət məsuliyyəti nəzərdə tutulsun.

İ.Cavadova səhiyyə sektorunda baş verən ölüm halları ilə bağlı hüquq-mühafizə orqanlarına müraciətlərin çox az olduğunu da bildirdi:

- Bu, artıq bizim xalqın mentaliteti ilə bağlı problemdir. Nadir hallarda insanlar yaxınlarının, doğmalırının meyitinin yarılmasına, meyitin ekspertizaya göndərilməsinə razı olurlar. Hadisə baş verir, cənazəni alıb evə aparırlar, yas mərasimi qurulur, ağlaşma və s. aparıb ölünü dəfn edirlər. Bununla da insanın nədən, hansı səbəbdən öldüyünü müəyyənləşdirmək də artıq torpağa gömülür. Mən başa düşürəm, insanların kədəri böyükdür, böyük bir faciə yaşayırlar, bu halda kimdənsə meyiti ekspertizaya verməsini istəmək də ağlasığmazdır. Amma haqq, hüquq naminə və günahkarların cəzalanması naminə bunlar edilməlidir. Hüquq-mühafizə orqanlarına müraciət etmək çox üzücü bir prosesdir. Məhkəmələrin ədalətli qərar çıxaracağına da insanlar bəzən ümid etmirlər və bütün bu amillər günahkarların məsuliyyətdən kənarda qalmasına səbəb olur. Bizdə səhiyyə sektorunda çox ciddi problemlər var. Kimin arxası, dayağı var, klinika açır, tam nəzarətsiz fəaliyyət göstərir. Həkimlər tanışlıqla, pulla işə götürülür. Ümumiyyətlə, tibbi təhsildə çox ciddi nöqsanlar var. Xüsusilə ginekologiya sahəsində biabırçılıqdı. Gənc anaların əksəriyyətinə qeysəriyyə kəsiyi ilə əməliyyat təklif edirlər, bəzən hətta təkid edirlər. Qeysəriyyə kəsiyi dəb düşüb. Halbuki bu əməliyyatın aparılmasına ciddi əsaslar olmalıdır. Elə bilirlər, rahatdır, uşağı əməliyyatla çıxaracaqlar, qurtarıb gedəcək. Amma həkimlər anaya başa salsalar ki, qeysəriyyə əməliyyatı sonrakı mərhələdə körpədə hansı fəsadlara səbəb olacaq, qadının özü üçün də fəsadsız ötüşməyəcək, analar buna razı olmaz və təbii doğuşa üstünlük verərlər. Amma həkimlər asan qazanc əldə etmək üçün hər qapıdan daxil olanı əməliyyat masasına götürməyə çalışırlar. Hazırda mənim əlimdə bir mülki dava var. Bizə müraciət etmiş bir gənc xanım həkimlərin səhvi ucbatından ana olmaq imkanlarını tamam itirib, ailəsi də dağılıb. Bununla bağlı biz məhkəməyə müraciət etmişik, hazırda Nərimanov Rayon Məhkəməsində işə baxılır. 1 milyon manat da təzminat tələb olunur. Digər bir şikayətçimiz də var ki, onun da səhhətinə çox ciddi zərər vurulub, kardioloji cihaza ehtiyac olmadığı təqdirdə, bu adamın ürəyinə cihaz yerləşdirilib, sonra fəsadlar üzə çıxanda pasiyent Ukraynaya gedib, orada ona deyiblər ki, bu cihaza heç bir ehtiyac yox imiş. Buna görə həkim cinayət məsuliyyətinə cəlb edilməlidir, üstəlik, əmlakı da müsadirə olunmalıdır. Bəzən pasiyent anestiziyanın düzgün təyin edilməməsindən ölür, tibbi ekspertiza rəyində isə "geniş infarkt” yazılır. Daha bu geniş infarktın nədən baş verdiyi göstərilmir. Çünki tibbi ekspertizalar düzgün aparılmır, kimlərinsə cinayəti ört-basdır edilir. Bunlar hamısı CM-dəki boşluqlarla əlaqədardır.

Məlahət Rzayeva