Türkiyə niyə Rusiyanı seçdi ? - Politoloqdan real izah







"Son zamanlar ABŞ, eyni zamanda NATO çərçivəsində Türkiyənin "strateji müttəfiqləri” qardaş ölkəyə yönəlik təzyiq siyasəti yürütdülər. Bu isə Türkiyədə mərkəzdənqaçma siyasətinə rəvac verdi”.
Bunu "Sherg.az”a Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüşü şərh edərkən Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri söyləyib. 

O bildirib ki, bu qüvvələr NATO nizamnaməsinə görə, Türkiyəyə yardım etməli olsa da, "strateji müttəfiqlər” bu dövləti çətin günündə tək qoydular:

"Bu addımlar Türkiyəni alternativ güc mərkəzləri ilə əməkdaşlıq qurmağa təhrik etdi. Belə vəziyyətdə dünya güclərindən biri olan Rusiya da dünyanın mərkəzində yerləşən ən əhəmiyyətli, regional dövlət olan Türkiyə ilə əməkdaşlığa üstünlük verdi. Bu yaxınlaşmada qarşılıqlı maraqlar da var idi. Düşünürəm ki, bu maraqlar, bir-birini tamamlayan siyasət əməkdaşlığın strateji müttəfiqliyə daşınmasına imkan yaratdı. Ona görə, biz prosesin getdikcə inkişaf etdiyini görürük.

Türkiyə və Rusiya arasındakı əməkdaşlıq bu cür davam etdikcə, münasibətlərin müvəqqəti xarakter daşıdığını demək olmaz. ABŞ və Türkiyənin NATO üzrə "müttəfiqləri”, o cümlədən Avropa Birliyi ölkələri hələ də Türkiyəyə münasibətdə səmimi deyillər. Rəsmi Ankara bu cür münasibətlə qarşılaşdığı müddətcə Rusiya ilə yaxınlaşmağa davam edəcək”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Cənubi Afrika Respublikasında Rusiya prezidenti Vladimir Putinlə görüşüb. ABŞ prezidenti Donald Trampın Türkiyə əleyhinə sözlərindən sonra gerçəkləşən görüşdə Ərdoğanın Putinlə bağlı "Aramızdakı hər cür həmrəylik bəzilərini həqiqətən qısqandırır” deməsi diqqət çəkib. Putin isə "münasibətlərimiz bundan sonra daha da inkişaf edəcək” deyib.

Aysel Aslan