"Azərbaycan bütün dini konfessiyalara tolerant yanaşan multikultural ölkədir" - Deputat

"Azərbaycan məkirli niyyətlərin qarşısında güclü olduğu üçün bəzi qüvvələr ciddi narahatdır. Ona görə, dövlətimiz və dövlətçiliyimiz haqqında səsləndirilən qeyri-adekvat fikirlərə əhəmiyyət vermək lazım deyil”





"Azərbaycan tolerant ölkədir, Respublikamızda bütün dini etiqadlara dözümlü yanaşılır”.

Bunu "Sherg.az”a sosial şəbəkələrdə din pərdəsi altında anti-Azərbaycan təbliğatının aparılması və Azərbaycanda dindarların sıxışdırılması iddiasından danışarkən millət vəkili Fəzail İbrahimli deyib. 

O qeyd edib ki, hətta düşmənimiz olan Ermənistan bizim tarixi abidələrimizi, məscidlərimizi dağıtsa da, bu xalqın dəyərlərinə hörmətlə yanaşıb, Erməni kilsəsini saxlayırıq:

"Bu kimi məqamlar Azərbaycanın tolerant ölkə olmasının göstəricisidir. Kiminsə, dövlətçiliyimiz haqqında səsləndirdiyi qeyri-adekvat fikirlər qəbulolunmazdır. Ola bilər, həmin şəxslər bəzi qüvvələrin düşüncəsini ifadə edirlər. Allah şahiddir ki, Azərbaycan bütün dinlərə və konfessiyalara tolerant yanaşan, multikultural ölkədir. Dini məsələlər üzrə xüsusi dövlət qurumu, Qafqaz Müsəlmanları İdarəsi və s. aidiyyəti orqanlar ölkəmizdə fəaliyyət göstərir. Ölkə başçısı, Prezident İlham Əliyev isə bütün məsələlərdə səbirli, təmkinli mövqe nümayiş etdirir.

Azərbaycana təşrif buyuran xaricilərin diqqət etdiyi məsələlər arasında əsas yeri Azərbaycanın siyasi sabitliyi, dini tolerantlıq, multikulturalizm kimi dəyərlər tutur. Multikulturalizm, İslam Həmrəyliyi illəri elan edən, İslam dinini həmrəylik müstəvisində dəyərləndirən ölkədə bu cür halların yaşanması üzücüdür. Sadəcə olaraq, İslama qarşı hücum edən, dini parçalamağa çalışan qüvvələr dövlətçiliyimizə qarşı çıxır. Dövlət bu qüvvələrin qarşısını alır, İslamın saflığını qoruyur. Çünki Azərbaycanın strateji kursu budur.

Bu gün bütün dünya İslama qarşı hücumlar təşkil olunur. İslamı müharibə, qəddarlıq dini kimi qələmə verməyə çalışırlar. Halbuki, bütün bunlar əsl İslama aid deyil. Din dövlətdən ayrı olsa da, Azərbaycan rəhbərliyi İslam əxlaqı ilə yaşayır, bunu bütün cəmiyyətə təbliğ edir. Dövlətimiz əleyhinə reallığı əks etdirməyən fikirlərin səsləndirilməsinin səbəbi isə Azərbaycanın geosiyasi vəziyyəti, böyük dövlətlərin buradakı maraqları və həmin maraqların arxasındakı məkrli niyyətləridir. Azərbaycan bu məkrli niyyətlərin qarşısında güclü olduğu üçün bəzi qüvvələr ciddi narahatdır. Ona görə, dövlətimiz və dövlətçiliyimiz haqqında səsləndirilən qeyri-düzgün fikirlərə əhəmiyyət vermək lazım deyil”.

Qeyd edək ki, son zamanlar sosial şəbəkələrdə yayılan müxtəlif status, rəy və videomüraciətlərdə Azərbaycanda dini və milli azadlıqların, insan haqlarının pozulduğu, dindarların sıxışdırıldığı, guya hakimiyyətin Dağlıq Qarabağı qaytarmaq istəmədiyi və sadəcə vaxtı uzatdığı və s. kimi həqiqəti əks etdirməyən iddialar irəli sürülür.

Aysel Aslan