“Sosial mənzillərin satışı ilə bağlı prosedurlar daha təkmildir" - Səhv təkrarlanmayacaq

Vüqar Bayramov: "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “ASAN Xidmət” birlikdə layihə həyata keçirərək, elektron sistemin təkmilləşdirilməsini başa çatdırıb"




"Sosial mənzillərin verilməsi prosesində ən vacib problem elektron sistemin təkmilləşdirilməsi idi”.

Bu sözləri "Sherg.az”a sosial mənzil satışının növbəti mərhələsindən danışarkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov söyləyib. 

O diqqətə çatdırıb ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və "ASAN Xidmət” birlikdə layihə həyata keçirərək, elektron sistemin təkmilləşdirilməsini başa çatdırıb:

"Sosial mənzil satışı ilə bağlı prosedurlar daha təkmil olduğuna görə, təkliflərin eyni anda qəbul edilməsinə, sistemin sifarişlər arasında seçiminə imkan yaradılır. Ona görə, ilk satış mərhələsində nasazlıqların baş verməsi, seçim nəticələrinin ləğv edilməsi təkrarlanmayacaq.

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ötən müddətdə sistemin təkmilləşdirilməsi ilə bağlı yerli və kifayət qədər təcrübəli olan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini cəlb etməsi müsbət haldır. Növbəti dövrlərdə bu kimi vacib layihədə beynəlxalq şirkətlərin prosesə cəlb edilməsi daha məqsədəuyğun olardı. İnkişaf etmiş xarici ölkələrdə tətbiq edilən modelin Azərbaycana daşınmasına ehtiyac var.

İstənilən halda ötən dövrdə MİDA-nın həyata keçirdiyi təkmilləşdirmələr, atdığı müsbət addımlar təqdirəlayiqdir”.

Qeyd edək ki, "Güzəştli mənzil”lərin satışı ilə bağlı yenidən elan veriləcək. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat xidmətindən verilən məlumata görə, "Güzəştli mənzil” sisteminin dayanıqlı, etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində fəaliyyətini təmin etmək üçün bir sıra işlər görülüb.

Aysel Aslan