Əhalinin gəlirləri nəzərə alınmır

Avtomobilini 5 saat avtoparkda saxlasan 5 manatın çıxacaq



Bakı şəhəri üzrə mərkəzi avtoparkların saat üzrə standart qiyməti 1 manat olacaq. Artıq bununla bağlı Bakıda 178-ə yaxın "Park-manat” adlı elektron ödəniş terminalları quraşdırılıb. Bu aparat vasitəsilə ödənişlər əsasən 3 zona üzrə müəyyənləşib.

Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayev APA-ya açıqlamasında bildirib ki, birinci zonada müvəqqəti dayanacaqdan istifadə müddətinin saatı 1 manat, 2-ci zonada 50 qəpik, 3-cü zona üzrə isə 30 qəpik təşkil edir: "Avtomobillərin hərəkətindən asılı olaraq bəzi küçələrdə bu qiymət 20 qəpik müəyyənləşib. Yəni təxminən "İçərişəhər”, Nizami küçəsi mərkəz sayıldığından, orada qiymətlər 1 manat olacaq. Metronun "Elmlər Akademiyası” stansiyasının yaxınlığı, "Yasamal”, "Gənclik” 2-ci zonaya aiddir. Qalan ərazilər isə mərkəzdən kənar olduğundan, 3-cü zona sayılır”.

Qeyd edək ki, qonşu Gürcüstanda avtoparkların çoxu ödənişsizdir. Qardaş Türkiyə dövlətində isə əsasən avtoparkların böyük əksəriyyəti bələdiyyələrin balansındadır. Burada avtoparkların saatı 0,20 qəpikdir.

İqtisadçı-ekspert Samir Əliyev Bakıdakı avtopark qiymətlərinin yüksək olmasını paytaxtın bahalı şəhər olması ilə əlaqələndirib: "Bakı dünyanın bahalı şəhərlərindən birinə çevrilib. Avropa ölkələri ilə müqayisədə burada qiymətlər çox bahadır. Otellərin, bəzi kafelər istisna olmaqla restoranların qiyməti yüksəkdir. Bir çox cəhətlərinə görə bizdə bu xidmətlər ucuz deyil. Ona

görə də burada tətbiq edilən qiymətlər yüksəkdir. Gecəsi 100 manata oteli olan şəhərdə avtopark qiymətinin 1 manat olması heç nədir”.

Lakin S.Əliyev əhalinin gəlirlərinin Avropa ölkələri ilə nisbətdə aşağı olduğu qənaətindədir: "Bu zaman əhalinin gəlirlərini qiymətlərə əlavə etsək, bugünləri əhalinin orta əmək haqqı təxminən 420 manatdır. Orta əmək haqqının yüksək olması neft şirkətlərində maaşın artıq olması ilə bağlıdır. Ancaq əhalinin çox hissəsinin orta aylıq maaşı 200 manat təşkil edir. Bu avtopark qiymətləri müəyyənləşdiriləndə əhalinin mütləq gəlirləri və orta əmək haqqı nəzərə alınmalıdır. Məsələn, bir nəfər maşınını beş saat avtoparkda saxladığı halda 5 manat ödəməlidir”.

S.Əliyev həmçinin avtopark qiymətlərinin bahalı olmasının digər səbəblərini də açıqlayıb: "Bunlar Azərbaycanda, xüsusən paytaxtda şəhər təsərrüfatının düzgün idarə edilməməsindən doğan vəziyyətdir. Yəni şəhər infrastrukturu çox sistemsiz idarə edilir. Binalar tikilərkən planlaşdırma aparılmır.

Digər tərəfdən qiymət problemlərinin kökündə bələdiyyələrin avtoparkların idarə olunmasında heç bir rol oynaya bilməməsidir. Türkiyədəki avtoparklar bələdiyyələrin balansında və idarəçiliyində olduğu halda bizdə bələdiyyələr isə idarəçilikdən kənarda qalıblar.

Həmçinin sakinlərin rəyinə əhəmiyyət verilmir. Təkcə avtoparkların qiymətində yox, digər sahələrdə də xalqa əvvəlcədən heç bir məlumat verilmir. İdarəçilik düzgün qurulmayıb, şəhər meqapolisə çevrilib. Qiymətlər ona görə də süni şəkildə şişirdilir. Qiymətlərin iqtisadi əsaslandırılması aparılmır”.

Vüqar Şahinoğlu