"Azərbaycanda sosial, siyasi sabitlik mövcud olduğu üçün ölkəmizə investisiya axını davam edir"







"Hansı ölkədə sosial, siyasi sabitlik varsa, həmin ölkəyə yatırılan investisiyalar da çox olur”.

Bunu "Sherg.az”a "Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyinin Azərbaycandakı sosial və siyasi sabitliklə bağlı proqnozlarına münasibət bildirərkən millət vəkili Araz Əlizadə söyləyib. 

O bildirib ki, Azərbaycanda dayanıqlı sosial, siyasi sabitlik mövcuddur və iqtisadiyyatın inkişafına heç bir qüvvə mane olmur və bu mənada ölkəmizə investisiya axını davam edir:

"Amma bunu istəməyən qüvvələr də var. Bu şəxslər həm Azərbaycanın daxilində, həm də xaricində fəaliyyət göstərirlər. Həmin qüvvələrin ölkəmizdəki stabilliyi pozmaq cəhdləri hüquq-mühafizə orqanlarının ayıqlığı nəticəsində aradan qaldırılır”.

Ölkəmizdə son illər prioritet məsələyə çevrilən qeyri-neft sektorunun inkişafına gəlincə, A. Əlizadə qeyd edib ki, turizm və kənd təsərrüfatının inkişafı Azərbaycanda qeyri-neft sektorunun çiçəklənməsinə müsbət təsir göstərib:

"Neftdən əldə edilən gəlirlər bu sahənin tələbatlarını ödədikdən sonra qeyri-neft sektorunun tərəqqisinə yönəldilməlidir. Azərbaycan xalqının gələcəyinə xidmət edən addımlar atılmalıdır. Prezident İlham Əliyev də bu məsələləri əsas götürərək, səmərəli işlərə imza atır. Bu mənada
Azərbaycan iqtisadiyyatının yalnız neftdən asılı olması barədə iddialar əsassızdır".

Qeyd edək ki, agentliyin proqnozlarına görə, Azərbaycan iqtisadiyyatı bu il 2 faiz artacaq. "Fitch” bunun neftin yüksək qiymətləri, qaz hasilatı, eləcə də kənd təsərrüfatı və turizmin inkişafı hesabına olacağını bildirib. Agentlik analitiklərinin məlumatına görə, Azərbaycanda makroiqtisadi sabitlik inflyasiyanın 3,2 faizə düşməsi fonunda yüksəlir. Bunun səbəblərindən biri kimi, Agentlik manatın sabit məzənnəsini qeyd edib.

Aysel Aslan