Gürcüstanda soydaşımız bələdiyyə sədri seçilib

Əlibala Əsgərov: “Burda əsas məsələ bələdiyyə sədri yox, strukturun tərkibidir”
Zəlimxan Məmmədli: “Yeni sədr sosialyönlü layihələr həyata keçirəcəksə, əhalinin rəğbətini qazanacaq”


Gürcüstanda yaşayan soydaşımız Nəbi Abdullayev Marneuli rayonunun bələdiyyə sədri seçilib. Məlumat üçün bildirək ki, N.Abdullayev 1961-ci il aprelin 4-də Sadaxlı kəndində anadan olub. 1987-ci ildə İnşaat Mühəndisləri İnstitutunun sənaye və mülki tikinti ixtisası fakültəsini bitirib. Rayonda tikinti idarəsində sahə rəisi vəzifəsində çalışıb.

Son vaxtlar iş adamı kimi fəaliyyət göstərib. Soydaşımızın bələdiyyə sədri seçilməsi haqlı olaraq belə bir sualı meydana çıxarır. Görəsən, dövlət strukturlarında azərbaycanlının təmsil olunması qonşu ölkədə yaşayan soydaşlarımızın ictimai-sosial həyatına müsbət təsir edəcəkmi?

Məsələyə münasibət bildirən Gürcüstan azərbaycanlısı, "Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərov deyir ki, Marneuli rayonunun əvvəlki bələdiyyə sədri də azərbaycanlı idi. Amma bələdiyyə seçimləri rayon daxilində o qədər də sensasiya yaradacaq bir hadisə deyil: "Gürcüstan bələdiyyə seçkiləri sisteminə keçən dövrdən etibarən Marneulinin bələdiyyə başqanı azərbaycanlı olub. Ancaq bunun bir mahiyyəti və faydası yoxdur. Çünki burda əsas məsələ bələdiyyə sədri yox, strukturun tərkibidir. Əksəriyyəti azərbaycanlılar olan bir rayonun bələdiyyə üzvlərinin yarıdan çoxu qeyri-azərbaycanlılardır”.

"Borçalı” İctimai Birliyinin rəhbəri Zəlimxan Məmmədli də bildirib ki, Gürcüstandakı azərbaycanlılara yalnız ümumi proseslər müsbət və ya mənfi təsir göstərə bilər: "Bütün hallarda demokratiya üstün bir dəyərdir və onun təzahürləri bu seçkilərdə görünür. Konkret olaraq soydaşımız N.Abdullayevin bələdiyyə başqanlığına seçilməsi müsbət haldır. Əgər yeni sədr sosialyönlü layihələr həyata keçirəcəksə, əhalinin rəğbətini qazanacaq”.

Birlik sədri N.Abdullayevlə elə də yaxın münasibətinin olmadığını deyib: "İlk olaraq onu təbrik edirəm və fəaliyyətində uğurlar arzulayıram. Amma onu qiyabi tanıyıram. Ümid edək ki, yeni sədr özünü doğruldacaq və yaxşı iz qoyub gedəcək. Nəticədə insanlarımız seçkili orqanlarında təmsil olunmağın bəhrəsini görə biləcəklər”. Z.Məmmədlinin sözlərinə görə, siyasi proseslərdə fəal iştirak etmək üçün partiyalarda, bloklarda təmsil olunmaq vacibdir: "Biz hakimiyyət uğrunda kimdənsə nəsə ummadan mübarizə apararaq qalib gəlməliyik. Gürcüstanda hansısa posta sahib olmaq öz iradəmizdən və bacarığımızdan asılıdır”.

İsmayıl