Ali məktəblərə keçid balları aşağı salınır

Etibar Əliyev: “Balların aşağı salınması proseduru orta məktəb təhsilində dönüş olmayana kimi davam edəcək”
Məhərrəm Zülfüqarlı: “Gənclərin qarşısında bal baryeri qoysaq, onlar təhsilin səviyyəsi aşağı olan xarici ölkələrə üz tutacaq”


Vurğun Əyyub: "Müsabiqəyə buraxılmaq həddinin 280 baldan aşağı olmasını müsbət hal saymıram”

Son illər ali məktəblərə qəbulda keçid balları aşağı salınır. Ballar o qədər endirilir ki, orta məktəbdə "kafi” qiymət alan şagirdlər belə, universitetlərə çox asanlıqla qəbul olunurlar. Həmin tendensiya bu il də təkrarlanır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 12-də I və IV ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları) üçün keçirilmiş qəbul imtahanının nəticələrinə əsasən, hər iki qrupun keçid ballarını aşağı salıb.

Qurumdan verilən məlumata görə, bu qruplar üzrə ödənişli ixtisas seçimində ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd fənnin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Dövlət sifarişli ixtisasların müsabiqəsində I qrup üzrə ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər qatıla bilər. IV qrup dövlət sifarişli ixtisasların müsabiqəsində isə ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edəcək.

Məlumat üçün deyək ki, ixtisas seçimi (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 5-dək həyata keçiriləcək.

Balların salınmasına münasibət bildirən təhsil eksperti Etibar Əliyev deyib ki, 150 balla indiki cəmiyyətin tələbatına uyğun mütəxəssis hazırlamaq mümkünsüzdür: "Bu il ən çox abituriyent sənədlərini birinci ixtisas qrupuna vermişdi. İlk baxışdan belə hiss olunurdu ki, uşaqlar riyaziyyat, fizika və digər təbiət elmlərini daha yaxşı bildikləri üçün 1-ci qrupa müraciət edirlər. Amma əslində belə deyildi. Orta məktəbin buraxılış imtahanlarında 60 faizdən yuxarı şagirdin riyaziyyat fənnindən qeyri-kafi və kafi qiymətləndirilməsi durum haqqında fikir söyləməyə əsas verirdi. Şagirdlərin 31 faiz qeyri-kafi ilə qiymətləndirilmişdi. Demək, orta məktəblərdə təhsilin keyfiyyətinin aşağı düşməsi ilə bağlı həyəcan təbili çalmaq lazımdır. Keçid balının aşağı salınması orta məktəblərdəki nəticələri də təsdiqlədi”.

E.Əliyevin sözlərinə görə, I qrupa sənəd verən abituriyentlər ümidli idilər ki, ötən tədris ilində olduğu kimi, bu il də ballar aşağı salınacaq və onlar bundan istifadə edərək aşağı ballarla tələbə adı qazana biləcəklər: "Balların aşağı salınması ali məktəblərə qəbul planlarının dolmasına xidmət göstərən bir addımdır. Qəbul planı dolmursa, müəllimlər ixtisar oluna bilər, yaxud Azərbaycan dünyada min nəfərə düşən tələbələrin sayına görə sonuncu yerlərdən birini tutar. Amma bunlar kəmiyyət göstəricisinə köklənmiş məsələlərdir. Keyfiyyətə keçid yaradılmalı və bunun üçün geniş tədbirlər planı hazırlanmalıdır”.

Ekspertin qənaətincə, balların aşağı salınması məktəblərdə təhsilin keyfiyyətində irəliləyiş olmadığını sübut edir: "Normal bal toplayanlar fərdi repititorların və böyük kurslarda keçirilən dərslərin hesabına yüksək nəticələr əldə ediblər.

Aşağı balla ali məktəblərə qəbul olmadığı təqdirdə, abituriyentlərin MDB məkanındakı universitetlərə imtahansız təhsil almalarına gəlincə, ekspert vurğulayıb ki, bu, nə TQDK-nın, nə də Təhsil Nazirliyinin problemidir: "Öz ölkəsində, öz dilində 0-150 bal toplayan abituriyent rus, Ukrayna, türk dilində necə təhsil ala bilər? Öz dilində elementar biliyi olmayan adam necə Rusiyaya, Ukraynaya gedib təhsil alaraq Azərbaycana mütəxəssis kimi dönə bilər? Bu, absurddur. Hökumət bununla bağlı bir strategiya müəyyənləşdirməlidir. Onlar ya ölkə daxilində texniki-peşə məktəblərinə üz tutmalı, ya da hərbi xidmətə cəlb olunmalıdırlar. Çünki 150 bal toplayanın Azərbaycandan kənarda mütəxəssis olması inandırıcı görünmür. Buna görə də hesab edirəm ki, bu qapıları bağlamaq lazımdır. Amma yüksək bal toplayanlara şərait yaratmaq lazımdır ki, dünyanın tanınmış universitetlərində gedib təhsil alıb əsl mütəxəssis kimi ölkəmizə xidmət göstərsinlər”.

E.Əliyev bəyan edib ki, balların aşağı salınması proseduru orta məktəb təhsilində dönüş olmayana kimi davam edəcək: "Artıq 5 tədris ilinə yaxındır ki, orta məktəblərin nəticələrində hər hansı dəyişiklik baş verməyib. Təhlillər göstərir ki, 0-100, 100-200 bal toplayanların faizi sabit olaraq qalır. Bu təqribən 60 faizə yaxındır. Ali məktəblərdə plan yerlərinin boş qalmaması üçün ballar aşağı salınır. Bir neçə qrupda ballar aşağı salınır. Builki qəbulda da balların aşağı salınması gözlənilir. Yenə də dərsdən yayınma halları, şagirdlərin repititor xidmətlərindən istifadə etməsi növbəti illərdə də keçid ballarının aşağı salınacağı fikrinin deməyə əsas verir”.

Ekspert əlavə edib ki, pedaqoji ixtisaslarda, o cümlədən müəllim ixtisasında çox ciddi böhran yaşanır: "Klassik sistemlə müqayisə etsək, 700 bal "5”-dirsə, 350 bal təxminən "2,5” qiyməti ilə uyğun gəlir. Odur ki, ən aşağı bal toplayan abituriyentlər məhz müəllimlik ixtisasını seçirlər. Universitetlərdə çoxsaylı kafedraların yaradılmasında israfçılığa yol verilir. Nəticədə ali məktəblərin plan yerləri artırılıb. Ancaq elə ali məktəblər var ki, orada plan yerləri boş qaldığı üçün TQDK məcbur olub keçid ballarını aşağı salır. Ancaq bunun əks effekti ondan ibarətdir ki, 100, 150, 200 bal toplamış abituriyentlər yaxşı mütəxəssis kimi yetişə bilmirlər. 150, 200 bal toplayan gənclər o məzunlardır ki, onlar tənlik həll edə bilmirlər, cümlə təhlil edə bilmirlər, Nyuton qanunlarını bilmirlər. Təbii ki, onların mütəxəssis kimi yetişməsi də mümkün deyil”.

Builki nəticələrin heç də ötənilkindən yaxşı olmayacağını proqnozlaşdıran Etibar Əliyevin sözlərinə görə, xüsusən də əyalətlərdə vəziyyət heç də yaxşı deyil: "Valideynlərin imkanları məhdud olduğundan şagirdlərə repititor tuta bilmirlər. Bu tendensiyanın təkrarlanması məktəb təhsilinin vəziyyətini əks etdirən güzgüdür. Hər dəfə keçid balları aşağı salınırsa, deməli, məktəb təhsilində ciddi problemlər var. Çox böyük ehtimalla ötənilki və ondan əvvəlki tədris illərindəki nəticələr təkrar olunacaq”.

Digər təhsil eksperti Məhərrəm Zülfüqarlı isə hesab edir ki, keçid balının 150-yə endirilməsi düzgün addımdır: "Qonşu ölkələrin universitetlərinə imtahansız qəbulla bağlı ölkəmizdə reklamlar gedir. Xüsusilə MDB ölkələrinin universitetləri abituriyentləri attestatla, imtahansız qəbul edirlər. Bu, o deməkdir ki, balı kafi olmadığından burada təhsil ala bilməyən Azərbaycan gənci həmin ölkələrə gedəcək. Azərbaycan ailəsinin qazandığı pul digər ölkələrin büdcəsinə oturacaq. Ballar da bu məqsədlə aşağı salınır ki, abituriyentlərimiz digər ölkələrə getməsin. Universitetlərdə çalışan müəllim kollektivi sabah işsiz qalmasın. Universitetlərə qəbul olmasa, müəllimlər iş yerlərini itirə bilərlər. 150 balı yığanı qəbul etməsək, onsuz da qonşu ölkələrin reklamına uyub attestatla universitetlərə qəbul olub təhsil haqqını həmin universitetlərə ödəyəcəklər. Nə qazanacağıq? Təbii ki, heç nə. Gənclərin qarşısında bal baryeri qoysaq, onlar təhsilin səviyyəsi aşağı olan xarici ölkələrə üz tutacaq. MDB ölkələrində aşağı təhsil verən ali məktəblərə diplom dalınca gedən gənclərin sayı çoxalacaq”.

M.Zülfüqarlının fikrincə, balın aşağı-yuxarı olmasına çox fikir vermək lazım deyil: "Sadəcə, ali məktəblərdə təhsilin keyfiyyətinə diqqət yetirilməlidir. Tələbə adını qazanana güzəşt olmamalıdır. Gənc ali məktəbə girib tələbata uyğun oxuya bilirsə, qalıb oxusun. Oxuya bilmirsə, verdiyi təhsil haqqı batacaq və öz səviyyəsinə uyğun sənətin dalınca gedəcək”.

Keçid ballarının aşağı salınmasını TQDK-nın və hökumətin apardığı siyasətin nəticəsi kimi dəyərləndirən təhsil eksperti Vurğun Əyyub düşünür ki, bu hal savadsız abituriyentlərin ali məktəblərə qəbul olması üçün münbit şərait yaradır: "Bu da onların gələcəkdə ali təhsil almalarında, imtahan vermələrində problem yaradır. Son illər əldə olunan diplomların da bir əhəmiyyəti qalmır. Universiteti bitirənlər işə düzələrkən yenidən imtahan verməli olur. Getdikcə cəmiyyətdə də "diplom mifi” sınmaqdadır. Hər bir abituriyent, hər bir valideyn dərk etməlidir ki, savadı olmayan bir kəsin ali məktəbə daxil olması hələ onun yaxşı mütəxəssis olması üçün əsas vermir. Orta təhsilimizin çox bərbad vəziyyətdə olduğunu nəzərə alsaq, müsabiqəyə buraxılmaq həddinin 280 baldan aşağı olmasını müsbət hal saymıram”.

Ayyət Əhməd