Ərdoğan, yoxsa İhsanoğlu?

Sərdar Cəlaloğlu: “Demokratiya naminə Ərdoğan öz namizədliyini verməməli idi”
Fazil Mustafa: “Ərdoğanın elektoratı kifayət qədərdir”



Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi rəsmən müəyyənləşəndən sonra ölkə müxalifəti daha ciddi tədbirlərə başladı. Bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyasına (AKP) uduzmuş müxalifət indiki kampaniyaya vahid namizədlə qatılır. Ölkənin aparıcı müxalif təşkilatları olan Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyətçi Xalq Partiyasından (MHP) birləşərək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) keçmiş rəhbəri Əkmələddin İhsanoğlunun prezidentliyə namizədliyini irəli sürüb.

Çoxları İhsanoğlunun prezident seçkilərində kifayət qədər şanslı olmadığını hesab etsələr də, müxalifətin güclü namizədlə seçkiyə qatıldığını iddia edənlər az deyil. Çünki son zamanlar hakim partiyanın bir nömrəli düşməninə çevrilən Fətullah Gülən camaatının səslərini İhsanoğluna verəcəyi barədə söz-söhbətlər dolaşırdı. Bu proqnozlar artıq təsdiqini tapıb. Bu günlərdə "Yeni Asiya” qəzetinin baş direktoru Kazım Güləçyüz Nur camaatının prezident seçkilərində Ə. İhsanoğluna səs verəcəyini açıqlayıb. O, dövlətin birbaşa dindarlaşdırılmasının əleyhinə olduqlarını söyləyib. Güləçyüz ölkə baş naziri Rəcəb Tayyib Ərdoğanın "nurçuluğu” öz nəzarəti altına almağa çalışdığına işarə vurub.

Məlumat üçün bildirək ki, qardaş ölkədə keçiriləcək marafon avqustun 10-na planlaşdırılıb. 2007-ci ildə keçirilmiş referendumun yekunlarına görə, 2014-cü ildən etibarən Türkiyə prezidenti 7 illiyə deyil, 5 illiyə və parlament tərəfindən yox, xalq tərəfindən seçiləcək.

Maraqlıdır, Türkiyədə hansı namizəd daha şanslı olacaq və gözlənilən dəyişiklik nə vəd edəcək?

Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu "Şərq”ə AKP hökumətinin açıq şəkildə bolşevizmə doğru yuvarlandığını deyib. Onun sözlərinə görə, indiki münasibətlər sistemində Ərdoğan prezident olacaqsa, Türkiyə demokratiyaya doğru inkişaf edə bilməyəcək: "Çünki bütün strukturlar hakim partiyanın əlində olacaq və ölkədə təkpartiyalı siyasi sistem yaranacaq. Düşünürəm ki, demokratiya naminə Ərdoğan öz namizədliyini verməməli idi”. Partiya sədrinin sözlərinə görə, müxalifətin Əkmələddini namizəd göstərməsi Gülən camaatı ilə Ərdoğan arasında baş verən konfliktə hesablanıb: "Vaxtı ilə AKP-yə səs verən böyük bir dini kəsimin, hardasa 10 milyonluq nurçu seçicinin İhsanoğlunu dəstəkləməsi müxalifət üçün qaçılmaz fürsətdir. Amma yenə də hər şey türk xalqının seçimindən asılıdır”.

Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa hesab edir ki, müxalifətin vahid namizədi uğurlu namizəddir: "İhsanoğlu cəmiyyəti birləşdirmək gücünə və xarakterinə sahib olan alim və ziyalıdır. Amma söhbət prezident seçkisindən gedirsə, onda Türkiyə cəmiyyətinin siyasiləşməsi dərəcəsinə diqqət etmək lazımdır. Namizəd siyasiləşməmiş şəxs olanda cəmiyyətin onun haqda fikirləri birmənalı olmur, parçalanma baş verir. İnsanlarda belə təəssürat yaranır ki, siyasiləşməmiş şəxs vəzifəsinin öhdəsindən gəlməyəcək, proseslərdə həlledici söz sahibi olmayacaq, daim arxa planda qalacaq, əsas qərarları onun namizədliyini irəli sürmüş partiyalar verəcək. Bunun nəticəsində isə daha zəif prezident və hakimiyyət olacaq. Türkiyə 2000-2007-ci illərdə, Əhməd Necdət Sezərin prezidentliyi zamanı belə bir dövr yaşayıb. Ona görə də E.İhsanoğlunun səs toplamaq və seçkidə qalib gəlmək şansı o qədər də böyük deyil”.

F.Mustafanın qənaətincə, CHP və MHP-ni daim dəstəkləyən, bütün seçkilərdə bu partiyalara səs verən bəzi təbəqələr də İhsanoğlunu dəstəkləməyə bilər: "Təbii ki, vahid namizəd olduğuna görə CHP və MHP-dən bir qədər səs alacaq. Amma bu partiyaların daimi dəstəkçiləri və rəhbərliyinin

bir hissəsi İhsanoğluna səs verməyə bilər. İhsanoğluna səs verməyənlər Ədalət və İnkişaf Partiyasından namizədi olacağı şübhə doğurmayan Ərdoğanı da dəstəkləməyəcək. Həmin səslər bir növ itəcək. Bu vəziyyət Ərdoğanın xeyrinə olacaq. Çünki Ərdoğanın elektoratı kifayət qədərdir. Müxalif düşüncəli, başqa namizədə səs verəcək insanların seçkiyə gəlməməsi ona sərf edir. Türkiyənin kürd əsilli vətəndaşlarının da prezident seçkisində Ərdoğana səs vermək ehtimalı böyükdür. Çünki "kürd açılımı” layihəsi kürdlərin bir qismini Ərdoğana doğru yönəldib. Bütün bunları kompleks şəkildə götürsək, Ərdoğanın şansının hələlik yüksək olduğunu görərik. Amma seçki onun üçün də asan keçməyəcək”.

Deputat diqqətə çatdırıb ki, Türkiyədə və İraqda baş verən son proseslər fonunda Ərdoğanın davranışları onunla bağlı xeyli tərəddüd yaradır: "Əvvəllər baş naziri dəstəkləyən insanlar indi müəyyən tərəddüd içindədir. Ərdoğan çox aqressiv davranır, siyasi rəqibləri haqda sərt sözlər işlədir. Siyasətdə gərginliyi yüksəldir. İraqda baş verən hadisələr də Ərdoğanın nüfuzunu xeyli aşağı salacaq. Onun hökuməti İraqda yaşayan türkmənlərin müdafiəsi üçün heç bir tədbir görmür. Bu da Türkiyə cəmiyyətində narazılıq yaradır. İnsanların etirazına səbəb olur. Ona görə də Ərdoğanın prezident seçkisinədək indiki nüfuzunu saxlayıb-saxlamayacağı şübhə doğurur”.

Təşkilat sədri bildirib ki, böyük nüfuzu və maddi imkanı olan, əsasən İstanbulda toplanmış iri iş adamlarından, sənətkarlardan ibarət təbəqənin böyük hissəsi də prezident seçkisində Ərdoğanı dəstəkləyəcək: "Ərdoğan və İhsanoğlundan başqa güclü namizədin meydana çıxması ehtimalı yoxdur. Üçüncü güclü namizədin olması mümkün deyil”.

Politoloq Qabil Hüseynli isə Ərdoğanın qatarının çoxdan getdiyini deyir: "Zənnimcə, AKP əvvəlki reytinqini çoxdan itirib. Əvvəlki səslərini qazana bilməyəcək. Əgər seçkilərə hiylə qatılmasa, saxtalaşdırma olmasa, normal demokratik şərait olsa, AKP-nin qazanacağı maksimum səs 30 faiz olacaq. Eyni zamanda, seçkiqabağı mühit demokratik deyil. Bildiyiniz kimi, bir müddət öncə, "Twitter” və "YouTube” sosial şəbəkələri bağlanmışdı. Gəzi olayları, 17 dekabr əməliyyatı və Gülən camaatı ilə baş nazir arasındakı ziddiyyət Ərdoğanın səs faizinə təsirsiz ötüşməyəcək”.

Türkiyədə yaşayan azərbaycanlı politoloq Ələsgər Ələsgərli qeyd edib ki, müxalifətin namizədi Ərdoğana qalib gələ bilməz: "Məncə, MHP və CHP İhsanoğlunun namizədliyini irəli sürəndə, bir neçə amili diqqətə alıblar. Birincisi, İhsanoğlu mühafizəkar düşüncəli insandır. Türkiyədə isə elektoratın böyük bir qismi sağ təmayüllüdür. Müxalifət bu namizəd vasitəsilə mühafizəkar elektoratdan mümkün qədər çox səs qopara biləcəyinə ümid edir. İkincisi, İhsanoğlu siyasi fiqur, yaxud hər hansı partiyanın üzvü olmadığı üçün AKP namizədinin seçki dövründə ona qarşı sərt ittihamlar irəli sürmək imkanı yoxdur. Ancaq müxalifətin bu arqumentləri seçkidə qalib gəlmək üçün qüvvətli arqumentlər deyil. Düşünürəm ki, seçki kampaniyası dövründə AKP tənqid obyekti kimi İhsanoğlunu deyil, müxalifət partiyalarını hədəfə alacaq. Digər tərəfdən, İhsanoğlu mühafizəkar, islamçı bir insan olsa da, hakim partiyanın səs potensialına ciddi təsir edə bilməz. Türkiyədə mühafizəkar seçicinin qənaətini formalaşdıran səbəblər başqadır”.

Politoloq onu da əlavə edib ki, prezidentliyə hakim partiyadan Ərdoğan deyil, başqa bir namizəd irəli sürülsəydi, səslərdə müəyyən azalma müşahidə olunardı: "Çünki AKP seçicisinin bir qismi səsini partiyaya deyil, məhz baş nazirə verir. Bundan başqa, MHP və CXP seçiciləri arasında İhsanoğlunun namizədliyindən məyus olanlar var. Ona görə də bu arqumentlər seçkilərin ümumi nəticəsinə ciddi təsir göstərməyəcək”.

Ayyət Əhməd