Adil Mirseyid Ağdaşda dəfn ediləcək






Şair-rəssam Adil Mirseyid ailəsinin israrı ilə Ağdaş rayonunda dəfn ediləcək. Bu barədə Lent.az-a Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətindən məlumat verilib. AYB şairin dəfn edilməsi üçün Hövsanda yer razılaşsa da, ailəsi razı olmayıb.
Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Fikrət Qoca şairin yas və dəfn mərasiminə dəstək olmaları üçün Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovla əlaqə saxlayıb. İcra başçısı Adil Mirseyidin dəfn mərasimi üçün lazım olan bütün dəstəyi verəcəklərini bildirib.
Qeyd edək ki, A.Mirseyid uzun müddət idi qaraciyər serozundan əziyyət çəkirdi. Adil Mirseyid 1952-ci il dekabrın 21-də Ağdaş şəhərində ziyalı ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb (1970-1976). Bir müddət təyinatla göndərildiyi Dağıstan Respublikasında işləyib (1975-1978). Sonra Bakıda müxtəlif vəzifələrdə çalışıb (1978-1983). Ağdaş rayonu Füzuli adına Mədəniyyət Evinin Xalq Teatrında rəssam (1983-1987), Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində rəssam (1990-1992), Azərbaycan Tərcümə Mərkəzinin "Yol" ədəbiyyat qəzetində iki il redaktor vəzifələrində çalışıb (1992-1993).