Qırmızı Xaç Komitəsi Kəlbəcər girovları ilə görüşə bilməyib






"Girov götürülmüş şəxslərlə görüşmək üçün müəyyən prosedurlar var. Həmin prosedurlar isə vaxt tələb edir. Görüş dərhal olmaya da bilər”.
Bunu Modern.az saytına açıqlamasında Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Kəlbəcərdə girov götürülən Azərbaycan vətəndaşları barədə suala cavab verərkən deyib.

Bir həftədən çox vaxt keçməsinə baxmayaraq, BQXK nümayəndələrinin girovlarla görüşəməsi soydaşlarımız arasında ciddi narahatlıq doğurur. Komitə rəsmisi həmin proseduru tərəflərlə razılaşma əsasında həyata keçirdiklərini bildirib.

"Konkret vaxt limiti yoxdur, bu dialoqlardan və gəlinən razılaşmaların nəticələrindən asılıdır”.

Qeyd edək ki, Ermənistan iki Azərbaycan vətəndaşının girov götürülməsi haqqında məlumat yayıb. Məlumata görə, həmin şəxslər Şahbaz Quliyev və Dilqəm Əsgərovdur. Hazırda girovluqda olan Ş.Quliyev və D.Əsgərova qarşı "DQR”də cinayət işi açılıb. Onlar 17 yaşlı erməni gəncini öldürməkdə ittiham olunurlar.

Girov düşmüş 3-cü şəxs Həsən Həsənov barədə isə dəqiq məlumat verilmir.