Oğurluqda şübhəli bilinən dəstə yaxalanıb





Lənkəran polisi rayon ərazisində oğurluq etməkdə şübhəli bilinən 7 nəfərdən ibarət dəstəni zərərsizləşdirib.
Bu barədə məlumatı APA-nın cənub bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) müstəntiqi Toğrul Hüseynov verib.
Onun sözlərinə görə, dəstə oğurluq hadisələrinə bu ilin yanvar ayından başlayıb. Hədəfləri isə imkanlı ailələr olub. Onlar qabaqcadan həmin ailələr barədə məlumat toplayıb, əlverişli şəraitdə evlərə qanunsuz yolla daxil olaraq, çirkin niyyətlərini həyata keçiriblər. Keçirilən əməliyyat tədbirləri nəticəsində məlum olub ki, rayonun Küvənil kənd sakini Elşad Hüseynov tanışları Seymur Rəhimov, Mənsur Mahmudzadə, Məcid Əliyev və Faiq Əliyevlə cinayət əlaqəsinə girərək, 12 iyul 2014 – cü il tarixində, axşam saat 22.00 radələrində, rayonun Parakənd kəndində yaşayan Ruslan Hüseynovun və ailəsinin evdə olmamağından istifadə edərək, evinin pəncərəsinin şüşəsini sındıraraq, qanunsuz olaraq evə daxil olublar.
Seymur Rəhimov və Mənsur Mahmudzadə evdən 2500 manat nağd pul və xeyli miqdarda qızıl zinət əşyaları oğurlayıblar. Saxlanılan dəstə üzvləri tutduqları əməli etiraf edərək bildiriblər ki, bu ilin yanvar ayının 12 –də Ruslan Əliyev, tanışı Vüqar Tahirovla cinayət əlaqəsinə girərək rayonun Seydəkəran kəndində yaşayan Nəfisə Əliyevanın və ailə üzvlərinin evdə olmamağından istifadə edərək, evin 2 – ci mərtəbəsinin pəncərəsinin şüşəsini çıxarıb, qanunsuz olaraq evə daxil olublar. Evin 1 – ci mərtəbəsindəki otaqda asılmış paltarın cibindən 1500 manat dəyərində qızıl zinət əşyaları və 60 manat nağd pul oğurlayıblar.
Bundan başqa təkrarən Vüqar Tahirov Faiq Əliyevlə cinayət əlaqəsinə girib, aprel ayının 4 – də axşam saat 21.00 radələrində rayonun Şıxəkəran kəndində yaşayan Samirə Məmmədovanın və ailə üzvlərinin evdə olmamağından istifadə edərək, evin 1 – ci mərtəbəsinin pəncərəsinin açıq yerindən evə qanunsuz daxil olub, evin 2 – ci mərtəbəsində uşaq arabasının içərisində olan qadın çantasının içərisindən 1 ədəd 100 qramlıq qolbaq və bir ədəd 100 qramlıq qızıl boyunbağı oğurlamaqla, zərərçəkmişə 3400 manat miqdarında ziyan vurublar.
Hazırda rayon polis şöbəsində onların digər cinayətlərdə əllərinin olub-olmaması araşdırılır.
Artıq saxlanılanlar barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.