"Rusiya Ermənistandakı əlaltılarının cəzalandırılmasından ciddi narahatdır”.
Bunu "Sherg.az”a Rusiya XİN rəhbəri Sergey Lavrovun "Ermənistanda baş verənlər Kremli narahat etməyə bilməz" bəyanatını şərh edərkən politoloq Zərdüşt Əlizadə söyləyib.
O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi sürətlənərsə, bölgəyə nəzarət mexanizmi Rusiyanın əlindən çıxa bilər:
"Rəsmi Moskva bu kimi problemlərdən narahatdır. Çünki Kreml münaqişənin dondurulmuş vəziyyətdə qalmasını istəyir. N.Paşinyan hələlik Dağlıq Qarabağ məsələsində Rusiyanın nəzarət mexanizminə toxunmayıb. Ona görə, Ermənistan və Rusiya arasında ciddi ziddiyyət görmürəm.

Ermənistan baş naziri rəqiblərini sıradan çıxarmaqla, Ermənistanda yeganə gücə çevrilməyə çalışır. N.Paşinyan Rusiyanın "Qarabağ klanı”na daxil olan əlaltılarını sıradan çıxarmaqla öz nüfuzunun yüksələcəyini düşünür. Əslində, Moskvanın xoşuna gəlsə də, gəlməsə də N. Paşinyanın başqa seçimi yoxdur. Əks halda qarşısındakı qüvvələr onu devirə, hakimiyyəti əlindən ala bilər.
Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrovun bəyanatına görə, Ermənistanda baş verən hadisələr ölkənin yeni rəhbərliyinin sələflərini təqib edilməyəcəyinə dair vədlərinə ziddir. O bildirib ki, İrəvanın müttəfiqi olan Rusiya erməni dövlətinin stabilliyində həmişə maraqlı olub və bu baxımdan orada baş verənlər Kremli narahat etməyə bilməz:
"Bu həm də Ermənistanın MDB məkanında təmsil olunduğu təşkilatların normal işinin təminatı nöqteyi-nəzərdən də çox vacibdir”.
Aysel Aslan