"Hazırda qlobal miqyasda, xüsusən regionda iqtisadi böhran davam edir. Qonşu ölkələrdə iqtisadi artım xeyli zəifləyib. Milli valyutalar dəyərdən düşməkdədir. Lakin Azərbaycanda belə hal müşahidə olunmur”.
Bunu "sherg.az”a açıqlamasında "Altay” Sosial İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, Azadinform İnformasiya Agentliyinin redaktoru Elçin Bayramlı deyib. Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının Azərbaycanın iqtisadi inkişafı barəsində verdikləri hesabatlara münasibət bildirən ekspert bildirib ki, ölkəmizdə iqtisadi artım tempi yüksəlir və milli valyuta öz sabitliyini qoruyur: "Xüsusən də, qeyri-neft sektorunda inkişaf tempi yüksəkdir.

Düzdür, neftin qiymətinin nisbətən artması da gəlirlərimizin çoxalmasına səbəb olur. Lakin neftin qiyməti kəskin ucuzlaşanda belə ölkəmiz ciddi çətinliklərlə qarşılaşmadı. Qeyri-neft sektoru neft sektorundan gəlirlərin azalmasını kompensasiya etdi. Son vaxtlar ÜDM-in artması, dövlət büdcəsinin gəlirlərinin çoxalması, strateji valyuta ehtiyatlarımızın yüksəlməsi kimi faktlar göstərir ki, Azərbaycan iqtisadiyyatı sabit inkişaf tempi ilə davam edir. Bu da Cənab Prezidentin iqtisadi inkişafla bağlı proqramlarının düşünülmüş və effektiv şəkildə həyata keçirildiyini sübut edir”.
İqtisadçının sözlərinə görə, beynəlxalq iqtisadi təşkilatlar ölkəmizdə qarşıdakı illərdə iqtisadi inkişaf tempinin davam edəcəyini proqnozlaşdırırlar:
"Bundan başqa, xarici təşkilatlar respublikamızda biznes qurma şəratinin və investisiya mühitinin əlverişli olduğunu və bu istiqamətdə həyata keçirilən islahatların müsbət nəticə verdiyini vurğulayırlar və bunu öz hesabatlarında göstərirlər. Təbii ki, indiki beynəlxalq və regional proseslərin fonunda belə uğurun əldə olunması əsasən ölkədə təmin olunmuş siyasi sabitliyin nəticəsidir. Əminəm ki, islahatlar davam edəcək, mövcud problemlər də aradan qaldırılacaq və tezliklə Azərbaycanda dünyanın inkişaf etmiş ölkələri sırasında daxil olacaq”.
İsmayıl