“525-ci qəzet” yeni ofisə köç edir

Rəşad Məcid: “Otaq sayı normaldır, yerləşməyimizdə problem yoxdur”




"525-ci qəzet”in redaksiyası illərdir fəaliyyət göstərdiyi ofisindən yeni məkanına köçüb. Redaksiya indiyədək N.Nərimanov rayonunda, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə məxsus binada fəaliyyət göstərirdi. Lakin hökumətin qərarı ilə həmin bina Nazirlər Kabinetinə verildiyindən redaksiya yerini dəyişmək məcburiyyətində qalıb.

Yeni redaksiyanın şəraiti və kollektivin durumu ilə bağlı məlumat almaq üçün mətbu orqanın baş redaktoru Rəşad Məcidlə əlaqə saxladıq. R.Məcid "Şərq”ə verdiyi açıqlamada "525-ci qəzet”in dünəndən yeni ofisdə çıxdığını dedi: "Düzdür, hələ tam olaraq yeni ünvana köçməmişik. Yavaş-yavaş toparlanırıq. Daşınmağımızın səbəbi uzun müddətdir fəaliyyət göstərdiyimiz Tərcümə Mərkəzinin təmirə bağlanmasıdır. Ona görə də, binadan çıxmağa məcbur olduq. Bir müddət yeni ofis axtarışından sonra Yasamal rayonu Ə.Cəmil küçəsindəki bir binanın 6-cı mərtəbəsində ofis tapdıq və kirayələdik. Otaq sayı normaldır, yerləşməyimizdə problem yoxdur. Təzə yerimizə uyğunlaşmağa çalışırıq. Yəqin ki, iki-üç günə kollektiv tam oturuşacaq. Bura Azərbaycan Nəşriyyatına yaxın olmaq baxımından da əlverişlidir”.

R.Məcid onu da bildirdi ki, redaksiya üçün icarəyə götürdükləri yer müvəqqəti xarakter daşıyır: "Əlbəttə, çox arzu edirik ki, uzun tarixi keçmişi olan "525-ci qəzet”in özünəməxsus geniş redaksiyası olsun. Ancaq təəssüflər olsun ki, indiki maddi durumumuz arzumuza çatmağa imkan vermir. Hələlik bununla kifayətlənirik”.

İsmayıl