Orxan Zeynalov Azərbaycana gətirilə bilər

Azər Allahverənov: “Onun ölkəmizə ekstradisiyası üçün məhkəmənin qətnaməsi lazımdır”



Xəbər verdiyimiz kimi, Rusiya vətəndaşı Yeqor Şerbakovun qətlində şübhəli bilinərək 17 il həbs cəzasına məhkum olunmuş həmyerlimiz Orxan Zeynalov cəzasını Azərbaycanda çəkmək istəyir.

Bunu soydaşımızın vəkili Viktor Anikuşkin deyib. Onun sözlərinə görə, O.Zeynalov Azərbaycanın Rusiyadakı səfirliyi ilə danışıqlar aparır. "Azərbaycan səfirliyi Zeynalovun cəzasını çəkəcəyi yer barədə qərara təsir edə bilər. Artıq səfirlikdə olmuşam, hazırda məsləhətləşmələr gedir”. O əlavə edib ki, həmyerlimizin bu cəhdi baş tutmasa, onun Şimali Qafqazda yerləşən cəzaçəkmə müəssisələrindən birinə köçürülməsi barədə məsələ qaldıracaq: "Çünki orda onun yerliləri çoxdur”.

Qeyd edək ki, O.Zeynalov 2013-cü ilin oktyabrında Moskva sakini Yeqor Şerbakovu öldürməkdə ittiham olunaraq 17 il müddətinə azadlıqdan məhrum edilib.

Məsələni şərh edən Miqrasiya üzrə ekspert Azər Allahverənov "Şərq”ə açıqlamasında qeyd edib ki, həmvətənlimiz cəzasının qalan müddətini ölkəmizdə çəkə bilər. Amma bunun üçün Rusiya ilə Azərbaycan arasında ekstradisiya haqqında müqavilə olmalıdır: "Məndə olan məlumata görə, belə bir müqavilə də mövcuddur. Bu müqavilə imkan verir ki, O.Zeynalov ölkəmizə gətirilsin və cəzasının qalan hissəsini Azərbaycanın cəzaçəkmə müssisələrinin birində çəksin. Bu birinci şərtdir. İkinci şərt ondan ibarətdir ki, onun ölkəmizə ekstradisiyası üçün məhkəmənin qətnaməsi lazımdır. Burada vəkillərin üzərinə də böyük yük düşür. Məhkəmənin icazəsi olduğu halda, həmin müqavilə çərçivəsində vətəndaşımız ölkəyə gətirilə bilər”. Ekspert məsələnin siyasi konteksini də istisna etmir: "Hansısa siyasi dairələrin buna dair dəstəyi olsa, məsələ hüquqi formada həllini tapa bilər. Çünki bu olay Rusiyanın siyasi gündəmini xeyli məşğul etmişdi”. A.Allahverənov Rusiya hüquq-mühafizə orqanlarının həmyerlimizə sərt mövqeyindən də söz açıb: "İttiham edən tərəf Orxanın günahını sübuta yetirə bilmədi. Amma faktiki olaraq qətnamə soydaşımızın təqsirkar olduğunu göstərdi. O.Zeynalov olayından sonra Rusiyada bir neçə insanın ölümünə səbəb olan çoxlu hadisə baş vermişdi. Həmin hadisələri törədənlərlə bu qədər sərt davranmamışdılar. Orxana isə müəyyən dairələr çox kəskin münasibət nümayiş etdirdilər. Hesab edirəm ki, həmin dairələrin soydaşımızın ölkəyə gətirilməsinə qarşı törədəcəyi əngəlləri önləmək üçün siyasi müstəvidə addımlar atılmalıdır”.

Ayyət Əhməd