Müxalifət daxilində qalmaqal yaşanır

Sərdar Cəlaloğlu: “Əli Kərimli bu gün də Rusiya layihəsinin əsas icraçılarındandır”
Mirmahmud Mirəlioğlu: “Əli Kərimli və Cəmil Həsənli doğru hərəkət etməyiblər”




Müxalifət düşərgəsi yenidən çaxnaşma və qarşıdurma dövrünü yaşayır. Buna səbəb Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında Müsavatın təşəbbüsü ilə keçirilən toplantıya AXCP sədri Əli Kərimli ilə Milli Şuranın rəhbəri Cəmil Həsənlinin qatılmamasıdır. Müxalifət cəbhəsindən bir çox partiyanın qatıldığı toplantıda Ə.Kərimli ilə C.Həsənlinin iştirak etməməsi digər müxalifət partiyaları tərəfindən ciddi narazılıqla qarşılanıb. Partiya rəhbərləri hesab edirlər ki, C.Həsənlinin və Ə.Kərimlinin tədbirdə iştirak etməməsi məkirli mətləblərdən xəbər verir.

Onların fikrincə, Müsavat Partiyası Milli Şura sıralarını tərk etdikdən sonra Ə.Kərimli ilə yanaşı, qurum rəhbəri C.Həsənli də İsa Qəmbərlə münasibətlərinə son qoyub. Sonrakı ziddiyyətlər də bundan sonra yaranıb. Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Güləliyev sədrin niyə belə addım atması barədə məlumata malik olmadığını bildirib: "C.Həsənlinin keçirilən tədbirdə iştirak etməməsinin səbəblərilə bağlı konkret heç nə deyə bilmərəm. Ola bilsin, işi çıxıb, ya da şəhərdən kənarda olub, ona görə də, toplantıya gedə bilməyib. Bunu başqa prizmadan yozmaq doğru deyil. Bəzi mətbuat orqanları yanlış şərhlər verirlər, guya münasibətlərdə bir soyuqluq müşahidə olunur”.

Yaranmış qalmaqalı dəyərləndirən Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, müxalifət düşərgəsi bir araya gəlməyi bacarmır. Onların yeganə peşəsi yanlarında olan üç-beş adamı da uzaqlaşdırmaqdır: "Bir az fərqli düşüncələrə hörmət etməliyik. Ancaq onlar kiminsə keçmişi belə olub, filankəsin gələcəyi elədir deyərək yanlarında olanları uzaqlaşdırırlar. Axırda da iki nəfər qalır və deyirlər ki, guya Azərbaycanda demokratiya uğrunda mübarizə aparırlar. Sual edirəm, niyə görə bu tədbirdə Milli Şuradan heç kim iştirak etmədi?”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da İ.Ağazadənin fikirlərinə şərik çıxaraq, AXCP sədri Əli Kərimlinin tədbirdə iştirak etməməsinin səbəbini soruşub: "Ə.Kərimli Milli Şurada oturaraq, milli-dövlətçilik maraqlarını satmaqla məşğuldur. Heç təsadüfi deyil ki, hətta sonuncu prezident seçkilərində o, Milli Şuranın yaradılmasının təşəbbüskarlarından biri kimi çıxış edirdi. Ə.Kərimli bu gün də Rusiya layihəsinin əsas icraçılarındandır. İsa Qəmbər vaxtında bunu anlayaraq oranı tərk edib. İndi AXCP sədri düşünür ki, Rusiya yenidən Azərbaycanı öz təsiri altına salmaq üçün hərəkətə keçəcək, ona görə də, o və ətrafı bir alət kimi ortalığa düşüblər”.

KXCP rəhbəri Mirmahmud Mirəlioğlu bildirib ki, toplantıya bütün siyasi partiya rəhbərləri dəvət olunub. O, şəxsən C.Həsənliyə tədbirdə iştirak etməsi ilə bağlı müraciət etdiyini bəyan edib: "Təəssüf edirik ki, onlar qeyri-müəyyən səbəblərdən toplantıya qatılmayıblar. Bilirsiz, hansısa insanın haqqını müdafiə etmək konkret bir siyasi qurumun, blokun deyil, ümumiyyətlə, cəmiyyətin məsələsidir. Bu baxımdan Ə.Kərimli və C.Həsənli doğru hərəkət etməyiblər. Əlbəttə, məndən ötrü onların həmin tədbirə niyə qatılmadığı kifayət qədər aydındır. Ancaq bu məsələyə aydınlıq gətirmək istəmirəm”.

ALP sədri Əvəz Temirxan müxalifət partiyaları arasındakı münasibətlərdən təəssüfləndiyini bildirib: "Müxalifətin bu cür fəaliyyətinin zərbəsi onları müdafiə edən şəxslərə dəyir. Partiyamız təklifi qəbul edərək toplantıda iştirak etdi. Amma mən orada gördüyüm acınacaqlı vəziyyətdən dəhşətə gəldim, gözlərimə inana bilmədim. Belə müxalifət birliyi olmaz”.

İsmayıl