Elçibəyin məzarı ziyarət olunacaq

Bəyin ailəsi və əqidə dostları Fəxri Xiyabanda toplaşacaq



Sabah Milli Azadlıq Hərəkatının lideri, Azərbaycanın sabiq dövlət başçısı, mərhum Əbülfəz Elçibəyin vəfatının 14-cü ildönümüdür. Hər il olduğu kimi bu il də ailəsi, partiyadaşları və əqidə dostları bəyin məzar evini ziyarət edəcəklər. Bəzi partiya dostlarının bildirdiyinə görə, anım mərasimi ilə bağlı tədbir elə tapşırıldığı Fəxri Xiyabanda baş tutacaq.

Məlumat üçün bildirək ki, avqustun 22-si mərhum prezident Ə.Elçibəyin anım günüdür. 2000-ci ilin 22 avqustunda xərçəng xəstəliyindən dünyasını dəyişən eks-prezidentin bu il vəfatının 14-cü ili tamam olur.

Atasının anım mərasimindən danışan oğlu Ərturqut Əliyev mətbuata açıqlamasında deyib ki, tədbirlə bağlı ailələrinə heç bir müraciət daxil olmayıb: "Bu anım mərasimi həmişəki kimi normal keçiriləcək. Hələlik anım tədbirinin necə keçirilməsi üçün atamın yaxın dostlarından, müxalifət nümayəndələrindən bizə kimsə zəng etməyib. Təbii ki, bu il də ailə olaraq bir yerə yığışacağıq. Fəxri Xiyabana gedib atamın məzarını ziyarət edəcəyik. Yəni normal bir anım mərasimi olacaq. Qeyri-adi nəsə etməyəcəyik”.

Mərhum liderin qayını Mirmöhsün Mahmudov "Şərq”ə bildirib ki, hər il olduğu kimi bu il də bəyin anım tədbiri keçiriləcək: "Oğlu Ə.Əliyev də gələcək. Həyat yoldaşı isə rayondadı. Onlar anım mərasimini rayonda təşkil edəcəklər. Fəxri Xiyabanda isə qardaşı Almurad Əliyev, dostları, onun yolunu gedənlər və mən iştirak edəcəyik”.

Ayyət Əhməd