GÜLƏ-gülə kələk gəldilər

Abdullah Gül prezident üsul-idarəsinə etiraz edəndən sonra Ərdoğan onun baş nazir təyin edilməsi fikrindən daşındı




Ötən günlərdə prezidentlik müddəti başa çatan Türkiyə lideri Abdulla Gül Ankarada QHT nümayəndələri, iş adamları, sənətçilər, idmançılar və media təmsilçiləri ilə vida görüşü keçirib. Çankaya köşkündə baş tutan ziyafətdə A.Gül maraqlı açıqlamalarla çıxış edib. Qurucusu olduğu partiyaya qayıtmağından söz açan sabiq prezident bildirib ki, cinahlarından ona qarşı xeyli hörmətsizlik edənlər olub: "Bunların hamısını izlədim”.

Seçkiləri qazanmış Rəcəb Tayyib Ərdoğanın parlamentar sistemi ləğv edərək, prezident üsul-idarəsinə keçməsinə münasibət bildirən keçmiş lider yeni prezidentin addımlarına narazılıq ifadə edib: "Parlamentar sistemə tərəfdar olduğunu daha əvvəl söyləmişdim”.

A.Gülün etiraz dolu çıxışlarını şərh edən politoloq Qabil Hüseynli "Şərq”ə bildirib ki, keçmiş prezident hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurucusudur: "O, AKP-nin yaranmasında və yaşamasında böyük rol oynayıb. Onların müəllimləri olan Ərbakan intellekt və bacarığına görə Gülü Ərdoğandan üstün tuturdu. Ərbakan sabiq liderə daha çox sayğı bəsləyirdi. İndi isə Ərdoğan onu barmağına dolayıb. Gülün baş nazir olacağı barədə uzunmüddətli danışıqlar apardılar. Gül prezident üsul-idarəsinə etiraz edəndən sonra Ərdoğan onun baş nazir təyin edilməsi fikrindən daşındı. Hamısı A.Gülə gəlinmiş kələk idi. Bu oyunlar onda qəzəb doğurub”.

Sabiq prezidentin partiya mövqeyini dəyişib-dəyişməyəcəyinə gəlincə, ekspert deyib ki, o, bünövrəsini qoyduğu təşkilata, AKP-yə qayıdacaq: "Onun kifayət qədər tərəfdarları var. Gülün AKP-nin başına keçməsi real görünür. Çünki baş nazir səlahiyyətlərini icra edəcək Əhməd Davudoğlu Gülün əlinin altında böyümüş, heç bir təşəbbüsü olmayan, aciz adamdı. O, partiyaya rəhbərlik edə bilməyəcək”.

Keçmiş ölkə başçısının prezident üsul-idarəsinə etiraz etməsindən danışan Q.Hüseynli bəyan edib ki, Gül prosesə düzgün yanaşır: "Prezident üsul-idarəsi padşahlıq sistemi kimi bir şeydir. Ərdoğan bu sistemi gətirməklə öz avtoritarlığını daha da gücləndirəcək. Bu da Türkiyədə qoyulmuş siyasi ənənəni pozacaq. Ciddi qarşıdurmalar yaradacaq. Zənnimcə, yeni idarəçilik üsulu baş tutmayacaq. Ərdoğan məğlub olacaq”.

Ayyət Əhməd