“Metropol”un öyrənciləri həmişə güclüdür

Bu il 130 tələbə Türkiyənin nüfuzlu ali məktəblərinə qəbul olunub
Cəlaləddin Polad: “Uğurumuzun resepti bir komanda kimi fəaliyyət göstərməyimizdədir”
















































İndiki zamanda hazırlıq kurslarına getməyən şagird təsəvvür etmək çətindir. Xüsusən də, yuxarı siniflərdə təhsil alanların demək olar ki, əksəriyyəti ya hazırlıq kurslarına, ya da repititor yanına əlavə dərs almağa gedir. Bu artıq bir aksiomadır ki, valideynlər övladlarının ali məktəb tələbəsi adını qazanmasının yolunu yalnız və yalnız hazırlıq kursları və ya repititor hazırlığında görür. Ölkədə xeyli sayda hazırlıq kursları fəaliyyət göstərir. Təbii, hər bir kurs özünə yüksək dəyər verir, bu dəyəri də müdavimlərinin uğur qazanmasına bağlayır.

Seçim etməksə, əlbəttə, vətəndaşın öhdəsindədir. Və burada artıq real nəticələrə söykənmək lazım gəlir. İş prinsipi və fəaliyyətindən bəhs edəcəyimiz "Metropol dərsanələri”nin ortaya qoyduğu nəticə isə göz qabağındadır.

2013-2014-cü tədris ilində "Metropol dərsanələri”ndə 130 şagird hazırlıq keçib. Və onların hamısı ali məktəblərə qəbul imtahanlarında uğur qazanıb, tələbə adı alıblar. Diqqət edin; söhbət təkcə Azərbaycan ali təhsil ocaqlarından yox, həm də Türkiyə ali məktəblərindən gedir. Məsələn, bu il Türkiyənin İstanbul Universitetinə ümumilikdə 6 min xarici vətəndaş imtahan verib. 6 min nəfərin arasından ilk onluğa düşənlərdən 3-ü Azərbaycandandır. 3-dən ikisi isə məhz "Metropol” dərsanələrinin müdavimləridir. Məzunlar arasında ən yüksək bal toplayan Ruslan Haqverdiyev və Cəmilə Vəliyeva tibb ixtisasını seçiblər. Ankara Universitetinə qəbul imtahanlarında uğur qazanmış 25 nəfərdən 7-si Azərbaycandandır, 7-dən 5-i isə "Metropol”un tələbəsidir. Aytən və Adil Paşazadələr, Ərtoğrul Məmmədli, Ruslan Haqverdiyev, Cəmilə Vəliyeva, Xalid Zeynalov, Həmidə Vəlili, Ruqiyyə və Tükəz Yusifovalar, Fuad Nağızadə, Elnur Yusifzadə, Gülsarə Əliyeva bu il ən yüksək nəticələr qazanan müdavimlərdi. Bu adıçəkilənlər uğurlu nəticələrə sahib olanların bir qismidir. Siyahını nə qədər istəsəniz uzatmaq mümkündür.

Amma yaxşısı budur, qazanılan uğurların reseptini öyrənək. Necə olur ki, bunca hazırlıq kursları fəaliyyətdə olduğu bir vaxtda, ən yüksək nəticəni məhz "Metropol” əldə edir? Bu uğurun sirri nədir?

Elə bu sirrin axtarışı ilə də "Metropol dərsanələri”nin qapısını açdıq. Görək burda nə baş verir...

Öncə dərsanələrin Bakıda qurucusu Cəlaləddin Poladla söhbətləşdik.

Burada hər kəsin hörmətlə "hocam” deyə xitab etdiyi Cəlaləddin bəy dərsanələrin yaranma səbəbindən danışdı:

- "Metropol dərsanələri” 1995-ci ildə yarandı. Məqsəd xarici tələbələrin Türkiyədə təhsil alması üçün hazırlıq və imtahanların təşkili idi. 2010-cu ildən etibarən artıq Azərbaycanda şöbəmiz fəaliyyətə başladı. Mərkəz Ankarada yerləşir. İran, Azərbaycan, Əfqanıstanda şöbələrimiz, İraq və Almaniyada isə təmsilçiliklərdir.

- Şöbələrlə təmsilçiliklərin fərqi nədədir?

- Təmsilçiliklərin fəaliyyəti bir qədər sınırlıdır. Şöbələrdəki tələbərimizin üstünlüyü daha çoxdur.

- "Metropol”u digər dərsanələrdən üstün edən hansı cəhətdir?

- Əlbəttə, ilk öncə, illərin təcrübəsi. "Metropol” adı artıq güclüdür. Bu ad tanınır, özünü təsdiq edib artıq. Təcrübə, tədrisdə sınanmış üsullar, çox gözəl bir komandanın formalaşması müvəffəqiyyətimizin əsasıdır. Burada çayçıdan tutmuş müdirə qədər hamımız bir komanda olmağı bacarmışıq.

(Çayçıdan söz düşmüşkən, biz içəri girər-girməz gülərüz bir xanım çay dəstgahı ilə hazır oldu. Sanki gələcəyimizi bilirdi və çay hazırlayıb bizi gözləyirdi. Bakının bürkülü avqust günündə çaydan kim imtina edər?! - M.R)

Cəlaləddin bəy də "çayınızı için, yavaş-yavaş söhbətimizi davam etdirək” deyib qonaqpərvərlik göstərdi.

Öyrəndik ki, dərsanədə həm Azərbaycan, həm də Türkiyə müəllimləri çalışır:

- Burada 10-a yaxın müəllimimiz çalışır. Türkiyəli və azərbaycanlı müəllimlər. Hamı öz işinə həvəslidir. Çalışqandırlar. Müəllimlərimiz nə qədər ciddi, nizam-intizam sevəndirlərsə, bir o qədər də gülərüz, ünsiyyətcildirlər. Müəllim peşəsində bəlkə də ən əsas şagirdin ürəyini ələ almaqdır. Özünü ona sevdirməkdir. Müəllimlərimiz də bunu bacarır. Şagirdlərdə tədrisə həvəs oyadırlar.

- Bu il nə qədər tələbəniz kursları bitirdi və neçə nəfər ali məktəblərə daxil oldu?

- Təxminən 130 nəfər kursu bitirdi. Hamısı da müxtəlif ali məktəblərə imtahan verib, yüksək nəticələr göstəriblər.

- Türkiyə ali məktəblərinə də imtahan verənlər çox oldu?

- Bu il Azərbaycandan Türkiyə ali məktəblərinə imtahan verənlər arasında yüksək nəticə göstərənlərin sayı daha çox oldu. Türkiyənin öndə gedən ali təhsil ocaqlarına qəbul olunanlar sırasında ilk yerləri məhz bizim tələbələrimiz qazanıb. İstanbul və Ankara Universitetləri ilə bağlı durumu bilirsiniz. Onlardan əlavə məsələn, Uludağ Universitetinə qəbul olunanlardan ilk 10-luqda 4 azərbaycanlı var ki, "Metropol”un tələbələridir. Həmçinin, Süleyman Dəmirəl Universitetində, Qaradəniz Texnik Universiteti, Ağdəniz Universitetlərinin müxtəlif fakültələrini qazanan və ilk yerlərə sahib olan tələbərimiz var. Rəqəmləri tam ona görə deyə bilmirəm ki, hələ 2-ci turu gözləyənlər var. Türkiyədə imtahanlar fərqli vaxtlarda keçirilir, nəticələrin açıqlanması vaxtları da fərqli olur. Elə tələbəmiz var, bir universitetdə imtahanı qazanıb, amma digər nəticələrin də açıqlanmasını gözləyir ki, seçim etsin. Məsələn, bir universitetdə mühəndisliyi seçənlər var ki, əgər başqa bir ali məktəbdə tibb fakültəsini qazandıqları məlum olsa, oranı seçəcəklər. Dəqiq statistikanı bütün ali məktəblər üzrə nəticələr açıqlandıqdan sonra biləcəyik. Çünki qərarlarını dəyişə bilərlər. Proses hələ bitməyib.

- Nə zaman yekunlaşmalıdır proses?

- Oktyabr ayının əvvəlinədək davam edəcək.

- Gələcəklə bağlı nələri düşünürsünüz? İstər fəaliyyət, istərsə də tədris prosesi ilə bağlı.

- Bölgələrdə şöbələrimizin sayını artırmaq istərdik. Məsələn, Gəncədə şöbəmizin açılmasını istərdim. Tədrislə bağlı isə bunu deyim ki, biz işimizi imtahanlara uyğun qururuq. Universitetlərdə imtahanların şəkli dəyişirsə, analitik qrupumuz tədris proqramını, dərslikləri, testləri ona uyğun dəyişir. Testlər həmin suallara cavab verə biləcək hala gətirilir. İmtahan sualları yeniləndikcə, biz ona uyğun cavablar hazırlamaq məcburiyyətindəyik. Yenilənmə mərkəzdən gəlir, biz də ona uyğun yenilənirik. 30-dan artıq dərsliyimiz var. "Metropol” dərsanələrində istifadə olunan kitablar, dərsliklər "Metropol” müəllimləri tərəfindən hazırlananlardır. Bu dərsliklərdən eləsi var, açıq satışdadır, amma eləsi də var ki, yalnız burada istifadə olunur. Əsas başarımız yüksək təhsilli uşaqlarımızdır. Valideynlər də bilir ki, uşaqları üçün sərf etdikləri yatırım heç vaxt itməz, hədər getməz.

Cəlaləddin bəy dərsanənin müdir müavini Nərgiz xanımla bizi tanış etdi.

"Dərsanənin bütün ağırlığı onun çiyinlərindədir” dedi. Demək bayaqdan dinclik bilməyən, bir otaqdan o biri otağa keçən, gah tələbələrlə danışan, gah da sənədlərlə işləyən Nərgiz xanım imiş. Belə zərif xanım bu qədər işin öhdəsindən necə gəlir?

Sualımızı eşidib gülür:

- Əlimizdən gələni edirik...

- Müəllim kimi də çalışırsınız?

- Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişəm. Burada Azərbaycan dili və ədəbiyyatını tədris edirəm. Həm müəllimlik etmək, həm də idarəçilikdə çalışmaq əlbəttə, çox çətindir. Bu il hocam məni müəllimlikdən azad etdi. Çünki işlərimiz həqiqətən də çox idi. "Metropol”un bir üstünlüyü də ondadır ki, tələbələrin sənədləşmə işini üzərimizə götürürük. Türkiyə ali məktəblərinə qəbul olmuş tələbələrin heç də hamısı bu işi sərbəst şəkildə bacarmır. Sənədləşmədə bəzən kiçik bir yanlış tələbənin ali məktəbdən kənarda qalmasına səbəb ola bilər. Ona görə də qərara aldıq ki, tələbələrimizi düzgün istiqamətləndirmək və valideynlərinin də işini yüngülləşdirmək məqsədilə sənədləşmə prosesini özümüz aparaq. Bununla valideynləri böyük bir yükdən azad etdik.

- Bəs sizcə, "Metropol”un uğurunun sirri nədədir?

- Əldə etdiyimiz hər bir uğur dərsanə-şagird-valideyn birliyinin nəticəsidir. Birgə iş olmasa, biz bu işin öhdəsindən tək gələ bilmərik. İstəyə nail olmaqda isə uşaqların əzmkarlığı əsasdır. O insan ki, qarşısına məqsəd qoyur və buna doğru gedir, sonda istədiyini əldə edir.

- "Metropol”un daxili sirləri də var?

- (Nərgiz xanım gülümsəyir) Sırf bizə məxsus "yapraq testlər”i var ki, biz onları kənara çıxarmağa qoymuruq. Şagirdlərimiz həmin testlərlə ancaq dərsanə daxilində hazırlaşırlar. Ona görə də bizim tələbələr həmişə güclü olur. Dərs prosesinin düzgün təşkili də əsas amillərdən biridir. "Metropol” Türkiyədə YÖS (yüksək öyrətim sınavı) proqramı üzrə ixtisaslaşmış dərsanədir. Bu işi Türkiyədə ilk görən "Metropol” olub. "Metropol”un Bakı şöbəsi də sırf bu proqram üzrə ixtisaslaşıb. YÖS üzrə hazırlaşanlar da ancaq bizim kitablarımıza etibar edir. Görürük ki, bu sahədə "Metropol”un alternativi yoxdur. Sübut da ildən-ilə tələbələrimizin nəticələrinin yüksəlməsidir.

Dəhlizdə bir neçə tələbə ilə ayaqüstü söhbət etdik. Aralarında kursa davam edənlər də vardı, ali məktəblərə qəbul olunmuşlar da. Maraqlısı bu idi ki, zənn etdiyimiz kimi, dərsanənin müdavimlərini təkcə Bakıdakı türk liseylərinin şagirdləri təşkil etmirdi, demə, paytaxtın müxtəlif orta məktəblərindən bura hazırlığa gələnlər varmış.

Bakının Mərdəkan qəsəbəsindəki 183 saylı orta məktəbin məzunu Fuad Rzazadə cəmi 7 ay "Metropol”a hazırlığa gəlib. Amma 7 ay bəs edib ki, Ağdəniz Universitetinin iqtisadiyyat fakültəsinə qəbul olsun:

- Burda əla dərs keçirlər. Riyaziyyatdan Arzu müəllim, məntiqdən Yeganə müəllimə, həndəsədən Burcu Paşabəyoğlu dərs keçir. Hamısına minnətdaram.

Başqa bir tələbə - Minə Musayeva 12 saylı orta məktəbi bitirib. Hazırda Rabitə Kollecində təhsil alır. "Metropol”da işləyə-işləyə ikinci təhsil almağa onda həvəs yaranıb:

- Burda çalışıram. Gördüm, hamı oxuyur, mən də həvəsləndim.

Minə öz üzərində çalışıb, kurslara qatılıb və bu il Ağdəniz Universitetinin psixologiya fakültəsini qazanıb. Minə deyir ki, Rabitə Kollecində təhsilini qiyabi davam etdirəcək, Türkiyədə isə əyani təhsil alacaq.

Fatimə Yusifli isə Azərbaycan Dövlət Tibb Universitetinin tələbəsi olsa da, Türkiyədə tibb təhsili almaq arzusunu gerçəkləşdirib:

- Dərsanədə 1 ildən də az çalışdım. İmtahanlara qatıldım və 95 balla Ankara Universitetini qazanmışam. Riyaziyyat müəllimlərimiz Fatma Polad, Tamer Cansu çox yaxşı dərs keçirlər. Dərslərdə heç sıxılmırıq. Baxmayaraq ki, ciddi fənlər tədris olunur, müəllimlərimiz elə şərait yaradır ki, yorulmuruq, əksinə, marağımız daha da artır.

Tələbə adını qazananlara da, yolun başlanğıcında olanlara da məvəffəqiyyət arzulayıb, uşaqlardan və dərsanədən ayrıldıq. Binanı tərk edəndə arxaya dönüb üzərində "Metropol dərsanələri” yazılmış lövhəyə bir də baxdıq; demək Azərbaycan üçün, bəlkə də dünya üçün hər sahə üzrə yüksək mütəxəssislər hazırlayan dərsanə budur... Ölkə sizin yolunuzu gözləyir, gələcəyin kadrları!...

Məlahət Rzayeva