Hökumət problemləri xalqdan gizlətmək istəyir

Gürcüstanın iqtisadi çöküşünü Saakaşvilinin ayağına yazırlar



Son vaxtlar Georgi Marqvelaşvilinin başçılıq etdiyi indiki Gürcüstan hökuməti sabiq dövlət rəhbəri Mixail Saakaşviliyə qarşı kəskin iddialarla çıxış edir. Keçmiş lideri dinc əhalinin təşkil etdiyi aksiyaları qanunsuz dağıtmaqda, dövlət gəlirlərini özbaşına mənimsəməkdə və vəzifəsindən sui-istifadə edərək, ölkənin aparıcı şirkətlərinə ağır şərtlər tətbiq etməkdə ittiham edirlər.

Bu cür ucuz və əsassız faktları əsas gətirib, onu həbslə hədələyirlər. M. Saakaşvilini məhkəməyə çəkən indiki hökumət onun ölkəyə gəlməsini müxtəlif yollarla əngəlləməyə çalışır. Bir sözlə, istənilən vəchlə keçmiş liderin nüfuzuna zərbə vurmaq istəyirlər. Bu baxımdan Saakaşviliyə qarşı başlanan qara-piar kampaniyası səngimir. Məsələn, elə bu günlərdə sabiq dövlət başçısının əmlakının əlindən alınacağı məsələsini qabardıblar. Tiflisin meri David Naramniyanın bildirdiyinə görə, hüquq-mühafizə orqanları qanunvericiliyə əsasən, Saakaşvilinin əmlakını müsadirə edəcək.

Məlumat üçün bildirək ki, sabiq liderə qarşı kampaniya ölkənin tanınmış siyasi fiqurlarından olan Nino Burcanadzenin "Marqvelaşvili hökuməti bu cür davam edərsə, Saakaşvili yenidən qayıda bilər” ifadəsindən sonra başlayıb.

Sabiq rəhbərə qarşı indiki hökumətin sərt mövqeyini şərh edən Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin (ATSAM) rəhbəri, politoloq Hatəm Cabbarlı "Şərq”ə söyləyib ki, bu, ölkə iqtisadiyyatında yaşanan problemləri xalqdan gizlətməkdən başqa bir şey deyil: "Xalqın gözünə kül üfürmək üçün ölkə iqtisadiyyatının çöküşünü Saakaşvilinin ayağına yazırlar”. Ekspertin qənaətincə, sabiq liderin geri qayıtması ehtimalı real görünür: "Yeni hökumət daxili, siyasi proseslərin və ölkə iqtisadiyyatının nizamlanmasında başarıqsız olarsa, əhali etiraza qalxıb, Saakaşvili hökumətini arzulaya bilər. Bu, istisna deyil”.

Ayyət Əhməd