Ərdoğanın prezidentliyi Türkiyədə qarşıdurmalara gətirib çıxacaraq”

Ərəstun Oruclu: “Hakimiyyət Ərdoğanın əlində cəmləşib. Kimin baş nazir olmasının önəmi yoxdur”



Qardaş Türkiyədə bu yaxınlarda baş tutan prezident seçkilərindən qalib ayrılmış sabiq baş nazir Rəcəb Tayyib Ərdoğanın prezident-üsul idarəsinə keçməsi, keçmiş dövlət başçısı Abdullah Gülün sıxışdırılması, baş bakanlığa sabiq xarici işlər naziri Əhməd Davudoğlunun gətirilməsi və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bundan sonrakı durumu barədə "Şərq”in suallarını "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış politoloq Ərəstun Oruclu cavablandırıb.

Öz maraqlı yanaşma tərzi ilə fərqlənən ekspert qeyd edib ki, Ərdoğanın parlament idarəçiliyindən imtinası ölkədə avtoritarlaşmanı daha da gücləndirəcək:

- Demək olar ki, Ərdoğan bütün istək və planlarına nail olub. Parlament sistemindən uzaqlaşıb, prezident üsul-idarəsinə keçmək isə yeni liderin mütləq hakimiyyəti öz əlindən cəmləşdirmək istəyindən qaynaqlanır. Bu da baş vermiş haldır.

- Ərdoğanın yeni idarəçilik sitemi Türkiyə cəmiyyətinə nə vəd edir?

- Düşünürəm ki, bu hal ölkədə müəyyən qarşıdurmalara gətirib çıxaracaq. Daxildə ictimai-siyasi münaqişələr də güclənəcək. Yeni sistem Türkiyənin qonşu dövlətlə münasibətinə də neqativlik gətirəcək. Ə.Davudoğlunun "Qonşularla sıfır problem” adlı xarici siyasət konsepsiyası mövcud olsa da, rəsmi Ankaranın ciddi problemləri olmayan qonşusu qalmayıb. Ərdoğan hökumətinin Türkiyə cəmiyyətinin reallığını nə dərəcədə nəzərə alması, onu necə dəyərləndirməsi qarşıdakı mərhələdə aydınlaşacaq.

- Qardaş ölkə ictimaiyyətində Ərdoğana nə dərəcədə etimad göstərirlər?

- Son bələdiyyə və prezident seçkilərində şahidi olduq ki, onun sosial bazası 52 faiz civarındadı. Bu isə riskli variantdı. Böhrana yaxın rəqəmdi. Bu faizin təmin olunmasının başlıca səbəblərindən biri Ərdoğana müxalif olan siyasi qurumlar arasındakı sistemsiz münasibətlər və mübarizədə uyğun reallıqla ayaqlaşa bilməmələridir. CHP və ya MHP-də hansısa keyfiyyət dəyişikliyi olarsa, mübarizə yeni mərhələyə keçərsə, bu, hakim partiyanın zəifləməsinə və mərhələ-mərhələ mövqeyini itirməsinə gətirib çıxara bilər.

- Ərdoğan seçkidən öncə sabiq prezident A.Gülün baş bakanlığa gətiriləcəyi barədə açıqlamalar səsləndirmişdi. Amma marafonu qazandıqdan sonra Gülü uzaqlaşdırdı. Baş bakanlığa Ə.Davudoğlunun namizədliyini irəli sürdü. Sizcə, A.Gülə qarşı niyə belə sərt mövqe tutdu?

- Bu, gözlənilən idi. Çünki sabiq dövlət rəhbəri özünü Ərdoğanın şəxsiyyəti, fəaliyyəti və ailə üzvlərinin korrupsiyaya bulaşması ilə bağlı gedən qalmaqallardan kənarlaşdırdı. Bu da ondan xəbər verir ki, aralarında müəyyən nifaq yaşanıb. Görünür, məhz ona görə Gül hökumət başçısı seçilmədi. Çox ehtimal ki, ya Gül Ərdoğanın tutduğu siyasi xətti qəbul etmir, ya da hakimiyyət uğrunda aralarında ziddiyyətlər yaranıb.

- A. Gülün bundan sonra partiya mövqeyini dəyişməsi barədə müxtəlif proqnozlar verilir. CHP-yə keçməsi də iddia olunur. Siz necə düşünürsünüz?

- Güman etmirəm ki, o, partiya mövqeyini dəyişsin. Hazırda AKP Ə.Davudoğlu - Ərdoğan cütlüyünün əlindədir. Güllə Ərdoğan arasında ciddi münaqişə olubsa, sabiq prezident AKP-də qalıb, mübarizə aparacaq. Yeni dövlət başçısının uğursuzluq mərhələsini gözləyəcək.

- Ə. Davudoğlunun baş nazir postuna gətirilməsi qardaş ölkə üçün nə dərəcədə perspektivlidir?

- Zənnimcə, bundan sonra Türkiyədə baş nazir heç bir rol oynamayacaq. Orda hakimiyyət Ərdoğanın əlində cəmləşib. Kimin baş nazir olmasının önəmi yoxdur.

- Ə.Davudoğlunun yerinə xarici işlər naziri vəzifəsinə kim gətirilə bilər. Kimin təyinatını proqnozlaşdırırsınız?

- Bunu demək çətindi. Ehtimal olunan variantlar var. Mətbuatda Mövlut Cavuşoğlunun adı hallanır. Bunu inandırıcı saymıram. Şəxsən tanıdığım insanlar var ki, onlar bu posta layiqdirlər. AKP Başkan yardımçısı, Ankara millət vəkili Suat Kınıklıoğlunun gətirilməsi də güman edilir. Bu da inandırıcı görünmür. Kınıklıoğlu gənc nəslin nümayəndəsi sayılır. AKP-nin önündə gedənlər isə yaşlı nəslin nümayəndələridir.

- Məlumdur ki, eks-prezidentin hakim qurumda kifayət qədər tərəfdarları var. Söylənilir ki, A.Gülün küncə sıxışdırılması təşkilatda parçalanmalara yol açacaq. Bu hal mümkündürmü?

- Hakim partiyada təkcə Ərdoğan və Gül müxtəlifliyi yoxdur. AKP çox rəngarəng təşkilatdır. Qurum daxilində qruplaşmaların yaranmasını istisna etmirəm. Hətta partiya bundan ciddi ziyan çəkib, laxlaya da bilər. Bu, bir çox amillərlə bağlıdı. Baxır daxili siyasətdəki uğur və uğursuzluqlar hansı həddə olacaq. Şübhəsiz ki, xarici siyasətin də bu işlərdə rolu az deyil. Qardaş ölkə elə bir arealdadır ki, hər tərəfi qaynar qazandı. Bu vəziyyətdən Ərdoğan və Davudoğlu hökumətinin alnıaçıq çıxıb-çıxmayacağını zaman göstərəcək”.

Ayyət Əhməd