“Gürcüstanın Ermənistanla viza rejimini aradan qaldırmasını inandırıcı saymıram”

“Bu, Ermənistan KİV-lərinin ortaya atdığı dezinformasiya da ola bilər”



Gürcüstan Ermənistanla viza rejimini aradan qaldıra bilər. Bu barədə Gürcüstan mətbuatından bildirilib. Məlumata görə, gürcü baş nazir İrakli Qaribaşvili həmin məsələni ötən günlərdə Ermənistana etdiyi səfər çərçivəsində həmkarı Ovik Obramlayanla müzakirəyə çıxarıb. İddialara əsasən, sentyabr ayının 1-dən etibarən iki ölkə arasında gediş-gəlişin vizasız həyata keçirilməsi planlaşdırılır.

Maraq doğuran məsələ odur ki, bir müddət öncə rəsmi Tiflis Azərbaycanla viza rejiminin tətbiq olunması barədə qərar qəbul edib. Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov da mətbuata açıqlamasında həmin faktı təsdiqləyib. O, bu qərarın son günlərdə çıxarıldığını deyib.

Maraqlıdır, görəsən, rəsmi Tiflisin bu addımı nəyə hesablanıb? Ölkəmizə qarşı niyə qərəzli mövqedə dayanıb?

Məsələni şərh edən politoloq Natiq Miri "Şərq”ə söyləyib ki, Gürcüstanın ölkəmizə viza tətbiq etməsi inandırıcı deyil. Onun sözlərinə görə, viza rejimi Azərbaycana tətbiq olunacaqsa, Ermənistana da şamil olunacaq: "Separatçı ölkə Putinin Avrasiya İqtisadi Birliyinə (AİB) qatılması barədə qərar qəbul edib. Bu müqaviləni Rusiya hökuməti də təsdiqləyib. Nəzərə almaq lazımdır ki, AİB-ə üzvlük "Vahid Gömrük İttifaqı” (VGİ) kontekstində baş verir. Ona görə də AİB-ə qatılan ölkələrin Avropa Birliyi (AB) ilə Assosiativ sazişə imza atan dövlətlərlə münasibətlərinə müəyyən məhdudiyyətlər qoyulub. Çünki AİB ölkələri öz bazarlarını Avropa bazarlarından qorumağa çalışır”.

Ekspertin qənaətincə, Ermənistanla vizanın aradan qaldırılması barədə yayılanlar düşmən ölkənin informasiya savaşının təkib hissəsidir: "Azərbaycan Türkiyə və Gürcüstan getdikcə daha çox strateji birlik yönündə addımlar atır. Naxçıvan görüşü bu strategiyadan xəbər verən ciddi hadisə idi”.

N.Miri hesab edir ki, Gürcüstan Azərbaycan və Türkiyənin birliyi Ermənistanı və havadarı Rusiyanı ciddi narahat edir: "Üstəgəl, Ermənistan bu qərarı qəbul edəcək müstəqil siyasi iradəyə sahib deyil. Düşmən ölkənin iqtisadiyyatı bütövükdə Moskvadan asılıdır. Rusiyanın özü isə dünyanın sanksiyaları ilə üzləşib. Kremlin iqtisadi təzyiqlərə məruz qalması Ermənistan iqtisadiyyatına mənfi təsir göstərib. Bu baxımdan Gürcüstanın Ermənistanla viza rejimini aradan qaldırmasını inandırıcı saymıram. Bu, Ermənistan KİV-lərinin ortaya atdığı dezinformasiya da ola bilər. Gürcüstanla ölkəmiz strateji müttəfiqdirlər. Bu ölkələr arasındakı münasibətlərə zərbə vurmaq Rusiya və siyasi dəyənəyi olan Ermənistanın marağındadır. Məsələyə bu kontekstdən yanaşmaq lazımdır”.

Ayyət Əhməd