“Müsəlman dünyası pis durumdadır”

Fəzail İbrahimli: “Ərəb aləminə “bir olun!” çağırışı etdik”



Dünya Azərbaycanlıları Konqresi "Yaxın Şərq olayları və İraq türkmənlərinin taleyi” mövzusunda konfrans keçirib. Tədbirə millət vəkili Sabir Rüstəmxanlı, tarix elmləri doktoru Fəzail İbrahimli, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı və digər tanınmış ictimaiyyət nümayəndələri qatılıblar.

Konfransda çıxış edən DAK-ın həmsədri, millət vəkili Sabir Rüstəmxanlı dünyadakı siyasi, etnik və dini zəmində yaşanan konfliktlərə diqqət çəkərək din pərdəsi adı altında Kərkükdə minlərlə türkmənin dünyanın gözü önündə məhv edildiyini bildirib. Deputat vurğulayıb ki, İraqda hər gün minlərlə insan qırılır. Dünya dövlətləri isə bu insanlara yardım etmir: "Türkiyə dövləti daxil olmaqla, təəssüf ki, Azərbaycanda da heç kimin bu məsələ ilə bağlı səsi çıxmır. Orada olan başqa millətlərə kömək edirlər, ancaq türkmənlərə heç bir kömək yoxdur”. S.Rüstəmxanlı iddia edib ki, Kərkükdə türkmənləri öldürən terrorçu təşkilata ABŞ və İsraildən dəstək göstərilir: "İsrail kürdlərə dəstək verir. Açıq-aşkar görsənir ki, ortaya atılmış "Böyük Orta Doğu projesi” reallaşdırılmasına çalışılır”.

Konfransın hansı məqsədlə keçirildiyi və nəticəsinin olub-olmayacağı barədə "Şərq”ə danışan millət vəkili Fəzail İbrahimli deyib ki, Yaxın Şərqdə müsəlmanların başına gətirilənlər böyük dövlətlərin təcavüzkar Şərq siyasətinin tərkib hissəsidir: "Ərəb dünyası 1990-cı illərdən müsibət dövrünü yaşayır. Körfəz müharibəsi, ipə-sapa yatmayan Səddam Hüseynin edam edilməsi, Liviya və Misirdəki hadisələr, Suriyadakı qardaş qırğını, ümumiyyətlə, müsəlman dünyasına edilən bütün təzyiqlər böyük strateji-siyasi kursun tərkib hissəsidir. İndi İraqda baş verən hadisələr, yəni qəlbimizə daha yaxın olan, dini və dili bir türkmən qardaşlarımızın zülmə məruz qalması bizə ağır gəlir. Lakin bu gün Suriya və İraqdakı müsəlmanlar Kərkük türkmənlərinin durumundan daha ağır vəziyyətdədir. Milliyyət söhbəti əsas deyil. Milli mənsubiyyətindən asılı olmayaraq, İraqda zülmə uğrayan hər kəs canlıdır, insandır. Onların hamısı bəşəri fəlakətin qurbanlarıdır. Ona görə də ayrıca bir fonda, yəni "digərləri xoşbəxtdir, sadəcə türkmənlər İraqda bərbad vəziyyətdədir” müstəvisində məsələyə yanaşsaq, qeyri-obyektiv mövqedə durmuş olarıq. Təbii olaraq, dini və dili bir olan türkmən qardaşlarımızın düşdüyü dözülməz vəziyyət bizi daha çox rahatsız edir”.

F.İbrahimli deyir ki, acılara son qoymaq üçün yatmış ərəb dünyası oyanmalı, ayağa qalxmalı və birləşməlidir: "Müsəlman aləmi çox pis durumdadır, onların bir qismi ABŞ-ın ağuşunda,

digərləri isə mənşəyi bilinməyən dairələrin təsirindədir. Yüz yerə parçalanaraq xarici ölkələrin təsiri ilə bir-birini öldürürlər. Bu baxımdan DAK-ın tədbiri ilk növbədə türkmənlərin taleyinə olan münasibət, orada deyilənlər isə bütün dünyaya mesaj idi. Ərəb aləminə "bir olun!” çağırışı idi. DAK-ın vəzifəsi olmaqla yanaşı, həm də millət olaraq azərbaycanlıların mövqeyi idi”.

Tədbirdə iraqlı türkmənlərin də çıxışları dinlənilib. Amma F.İbrahimli konfransdakı bir deyimlə razılaşmayıb: "Türkmənlərdən biri dedi ki, "ərəb ərəbin yanındadır, amma biz sahibsizik”. Yox, elə deyil. Bu günə kimi hansı ərəb başqa bir ərəbi dəstəkləyib? Hər fürsətdə özlərinin qanını tökürlər. Onların əlinə silah verən xarici güclər isə kənardan ərəb-müsəlman qətliamına baxıb sevinirlər. Çünki bu yolla müsəlmanların sayı azalır. Deyirdilər ki, XXI əsr müsəlman əsri olacaq. Qərb dünyası üçün bu, çox qorxuludur. Ona görə də, belə bir "təhlükəni” aradan qaldırmağa çalışırlar. Sanki yeni bir "xaç yürüşü” başlayıb. Ancaq müsəlman ərəblərə baxmış türklər daha çox birlik nümayiş etdirirlər. Müəyyən vaxtlarda vəhdət halına gələ bilirlər”.

İsmayıl