Türkiyə üçün faydalı olmayacaq

Uğursuz XİN başçısı baş nazir gətirildi


Türkiyədə gözlənilən baş verdi. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Mərkəzi İdarə Heyəti xarici işlər naziri Əhməd Davudoğlunun baş nazir və partiya sədri seçilməsi ilə bağlı qərar qəbul etdi. Bu qərarı yeni prezident Rəcəb Tayyib Ərdoğan uzun-uzadı çıxışının ardından, mətbuat konfransında açıqladı. Əslində AKP-nin açıqlayacağı bu ad sürpriz olmadı. Çünki Davudoğlunun baş nazir olacağı günlər öncəsindən bəlli idi.

Ərdoğan Davudoğlunu təqdim edəndə vurğuladı ki, partiya rəhbərliyinin bu ismin üzərində durmasının əsas səbəbi Davudoğlunun qərarlı xarici siyasəti və "paralel yapı” ilə ardıcıl və sarsılmaz mücadilə əzmidir. Əhməd Davudoğlunun Türkiyənin xarici siyasət tarixinə nə qatdığı və bundan sonrakı fəaliyyətində nələr edəcəyi məsələsinə keçməzdən əvvəl xarici işlər nazirinin Konyadan başlayıb baş nazirlik postuna qədər uzanan həyat yoluna qısaca nəzər salmaq yerinə düşər...

Əhməd Davudoğlu kimdir?

Türkiyə diplomatiya tarixinə bir çox yenilik gətirən Davudoğlu 1959-cu ildə ölkənin Konya şəhərinin Daşkənd qəsəbəsində anadan olub. Dörd yaşında anasını itirən Əhməd atası və ögey anası Səfurə xanımla birlikdə İstanbula köçüb. İstanbulda orta məktəbin ilk dörd ilinin təhsilini Hacı Süleyman Bəy məktəbində aldıqdan sonra İstanbul Oğlanlar liseyində təhsilini davam etdirib. Liseyin alman təmayüllü olması Əhmədin həm qərb, həm də şərq mədəniyyətini təhlil etməsinə şərait yaradıb. Tekstil və ticarətlə məşğul olan atası Mehmed Davudoğlu oğlunun marketinq ixtisasına yiyələnməsini istəyirdi. Ona görə də, Əhməd 1977-ci ildə liseyi bitirdikdən sonra Boğaziçi Universitetinin İqtisadiyyat fakültəsinə, bir il sonra isə elə həmin universitetin Siyasi elmlər fakültəsinə daxil olur. O, 1982-ci ildə İqtisadiyyat, bir il sonra isə siyasi elmlər fakültəsini bitirməklə Boğaziçi universitetinin iki fakültəsində təhsili eyni zamanda başa vuran ilk tələbə olur.

Universiteti bitirdikdən sonra elmi şəxsiyyət olma yolunda qəti addımlarla irəliləməyə davam edən Ə.Davudoğlu Boğaziçi Universitetinin İctimai İdarəetmə fakültəsində magistratura pilləsi üzrə, Siyasət və Beynəlxalq Münasibətlər fakültəsində isə doktorantura pilləsi üzrə təhsilini başa vurur. 1990-95-ci illər arasında ölkədən xaricdə bir sıra vəzifələrdə çalışdıqdan sonra 1996-99-cu illərdə Mərmərə universitetində pedaqoji fəaliyyətlə məşğul olur, dosent və professor elmi vəzifələrini alır. Daha sonra Beynəlxalq Münasibətlər kafedrasının müdiri vəzifəsində işləyir. Bu illərdə yaradıcılığa da vaxt ayıran Ə.Davudoğlu özünün "Alternativ paradiqmalar” və "Mülki Transformasiya və müsəlman dünyası” adlı kitablarını qələmə alır. Beynəlxalq münasibətlər, regional siyasi hadisələrin təhlili, müqayisəli siyasət və mədəniyyət fəlsəfələri, eləcə də mədəniyyət tarixi kimi mövzuları ehtiva edən araşdırmaları dünyanın müxtəlif dillərinə tərcümə olunur. 2001-ci ildə Ə.Davudoğlunun "Strateji dərinlik” adlı kitabı işıq üzü görür.

Elmi fəaliyyətdən siyasətə..

Ə.Davudoğlunun 1980-ci illərdə Türkiyənin hazırkı prezidenti Abdullah Güllə tanış olur. Davudoğlunun məqalələrindən biri A.Gülün diqqətini cəlb edir. Bundan sonra o, Ərdoğanla tanış olur. Amma Davudoğlunun Güllə olan münasibətləri daha isti idi. Ə.Davudoğlunun istedadını və zəkasını hiss edən Gül ona dövlətdə vəzifə təklif edir və Gülün baş nazir olması ilə Ə.Davudoğlunun müşavirliyi rəsmiləşir. O, Nəcməddin Ərbakanın qurduğu 54-cü hökumətin türk cümhuriyyətləri ilə münasibətlərə cavabdeh dövlət naziri və hökumət sözçüsü olan Abdullah Gülün müşaviri kimi fəaliyyət göstərir. Davudoğlunun ulduzu AKP-nin 2002-ci il noyabrın 3-də hakimiyyətə gəlməsindən sonra parlayıb. Beləliklə, 2002-ci ilin noyabr ayında Davudoğlu Türkiyə baş nazirinin baş məsləhətçisi kimi yeni vəzifəsinin icrasına başlayıb. Gül baş nazir postunu Ərdoğana təhvil verdikdən sonra da Ə.Davudoğlu öz vəzifəsini icra edir. Həmin illərdə o, "kölgə xarici işlər naziri” kimi Türkiyənin xarici siyasi kursunun müəyyənləşdiricisi rolunu ifa edir. Avropa Birliyi (AB) ilə münasibətlər, Kiprə dair müzakirələr, İraqda baş verən proseslərdə Türkiyənin hansı rolu oynayacağını müəyyənləşdirən başlıca fiqura çevrilir. Vəzifəyə gətirildikdən 2-3 il sonra "yorularaq” istefa vermək və həyatını elmi fəaliyyətə ayırmaq istəyən Davudoğlunun istəyini Gül və Ərdoğan sərt şəkildə geri çevirir. Suriya ilə İsrail arasında münasibətlərin nizamlanması istiqamətində aparılan müzakirələrin təşkili isə Ə.Davudoğlunun mətbuatın nəzərini cəlb etməsinə səbəb olur. Onun "HƏMAS” lideri Xalid Məşəllə məxfi görüşünün mətbuata sızması ölkədə rezonans doğurur. Türkiyənin qonşuları ilə "sıfır problemli xarici siyasət” tezisinin memarı olan Ə.Davudoğlu Gülün Çankaya iqamətgahına çıxmasından sonra mövqeyini daha da gücləndirərək, ölkənin xarici siyasətinə təkbaşına yön verməyə başlayıb. Müxalifətin və medianın şiddətli tənqidi Ə.Davudoğlunun kefini pozmağa yetməyib...

Türk siyasətinin "Hoca”sı

2009-cu il may ayının 1-də Xarici işlər naziri vəzifəsinə təyin olunan Davudoğlu akademik dairələrin adamı hesab olunur. "Qonşularla sıfır problem” nəzəriyyəsini irəli sürən Davudoğlu islamçı siyasi kursun, Yaxın Şərqdə keçmiş Osmanlı imperiyası ərazisindəki dövlətlərin yeni əməkdaşlıq formasında birliyinin tərəfdarıdır. Eyni zamanda "Yeni Osmanlıçılıq siyasəti” terminologiyası da onun adı ilə bağlanır. Elə Ərdoğanın Davudoğlunun üzərində dayanması, bu şəxsin islamçı siyasi kursun tərəfdarı olması, xarici və daxili siyasət məsələsində Ərdoğanla həmfikir olması, ən əsası Ərdoğana sadiq, siyasətdə ayrıca bir qrupa və ya fraksiyaya bağlı olmaması ilə bağlıdır. Buna görə də, ölkənin dərin siyasi dairələrində "Hoca” ləqəbi ilə bilinir. Türkiyəni "mərkəz ölkə”yə çevirmək niyyətində olan Ə.Davudoğlu ölkəyə strategiyanı sevdirən şəxs kimi tanınır. Türkiyə mətbuatının yazdığına görə, Türkiyənin Kipr siyasətində əsaslı dəyişikliklərin memarı, ABŞ-ın və AB-nin etirazlarına baxmayaraq, İranla qonşuluq və dostluq münasibətlərinin inkişaf etdirilməsi də Davudoğlunun xidmətidir. Ərdoğan hökumətinin "Həmas”la əlaqələrini quran adam kimi tanınan Davudoğluna Qərbdə birmənalı münasibət yoxdur.

Davudoğlunun siyasi "səhvləri”

Ə.Davudoğlu uğurları ilə yanaşı, ən çox tənqid olunan xarici işlər naziridir. Onun yeritdiyi aqressiv xarici siyasət zaman-zaman ölkədaxili müxalifətin və xarici dairələrin etirazına səbəb olub. Davudoğlunun "sıfır problemlə qonşuluq siyasəti” demək olar ki, hər qonşu dövlətlərlə ciddi problemlərə yol açıb. İsraillə olan münasibətlərin tamamilə sıradan çıxması, Suriya və Misir kimi güclü ərəb-müsəlman dövlətlərinin itirilməsi, İraqda yaşanan qanlı olaylara göz yumulması və s. proseslər Davudoğlunun siyasi imicinə xeyli zərbə vurub. Eyni zamanda ABŞ  rəhbəri Barak Obamanın və Rusiya prezidenti Vladimir Putinin Türkiyə xarici işlər nazirini siyasi etikaya uyğun olmayan əl hərəkətləri ilə çağırmaları da dünya mediasında günlərcə müzakirə olunan mənfi olay kimi yaddaşlarda qaldı. Bu baxımdan bir çox siyasi ekspertlər Davudoğlunun xarici siyasətdə uğur yox, uğursuzluq qazandığını iddia edirlər. Keçmişi nəzərə alan politoloqların fikrincə, Davudoğlunun Türkiyənin yeni baş naziri olması ölkənin xarici siyasətində heç bir müsbət dəyişiklik etməyəcək. Onların sözlərinə görə, Türkiyənin xarici siyasəti məlumdur. Yaxın və Orta Şərq hadisələrində Türkiyənin tutduğu mövqe ona başucalığı gətirmədi. Yəni rəsmi Ankara qarşısına qoyduğu və planlaşdırdığı məqsədlərinə çata bilmədi. Yaxın Şərq, Dağlıq Qarabağ və ölkədaxili siyasətdə də o qədər ürəkaçan məqamlar olmadı. Ərdoğanın erməni və kürd açılımı siyasəti də Türkiyənin başağrısına çevrildi. Həbslər, etiraz aksiyaları və s. problemlərin yaşanması Türkiyənin Avropada nüfuzunu zəiflətdi. İndi Davudoğlu da Ərdoğanın siyasətini davam etdirəcək. Əgər ona korrektələr edə bilməyəcəksə, Türkiyənin daxili və xarici siyasətindən müsbət heç nə gözləməyə dəyməz. Düzdür, Davudoğlu təcrübəli siyasətçidir. Amma bu ona əsas vermir ki, dünyada və regionun siyasi hadisələrində Türkiyəni yanlış istiqamətlərə yönləndirsin.

Özünü doğrultmayan xarici işlər naziri...

Yeni baş nazir Əhməd Davudoğlunu və Türkiyənin yeni dövrünü dəyərləndirən millət vəkili Fazil Mustafa da keçmiş xarici işlər nazirinin fəaliyyətini qənaətbəxş hesab etmir: "Davudoğlunun baş nazir olmasının Türkiyə üçün faydalı olacağını düşünənlər az deyil. Cənab Davudoğlu ziyalı və strateji düşüncə mütəxəssisi kimi tanınır. Maraqlı tədqiqatları var. Lakin bu gün Ərdoğanın xarici siyasətdə uğursuzluqlarının səbəbkarı da bilavasitə Davudoğlu sayılır. Fikrimcə, ilk əvvəllər Davudoğlunun memarlığında Avropa Birliyinə daxil olma kursunu israrla aparan Ərdoğanın bu kursu daha sakit və ardıcıl aparması zəruri idi. AB-də təbii ki, Türkiyəni istəməyən qüvvəllər var. Ancaq məncə, Türkiyənin bu quruma daha çox ehtiyacı var idi. Ən əsası da buraya daxil olmasa belə, Avropa standartlarını əsasən mənimsəməsi baxımından vacib idi. Amma bunun əvəzində Türkiyə məhz xarici siyasətdə ideoloji prinsiplərdən çıxış etməyə üstünlük verdi və bunu Yaxın Şərqdə tətbiq etməyə çalışdı. Avropanın da Türkiyə ilə münasibətdə çəkindiyi məqam məhz bu idi. Bu gün Azərbaycan iqtidarının xarici siyasət kursu rəsmi Türkiyənin xarici siyasət anlayışından xeyli əsaslandırılmış və daha məntiqlidir. Bizim xarici siyasətimiz daha realistdir”. F.Mustafanın sözlərinə görə, Türkiyənin xarici siyasətində macəraçılıq amili o qədər yüksəkdir ki, bu qardaş ölkə hətta ən zəif vaxtlarında belə sahib olduğu imkanları ard-arda itirməyə başlayıb: "Opponentlik etmək istəyənlər Rusiya, Ermənistan, Suriya, Misir, İsrail, Ərəb dövlətləri, Qafqazlar, Orta Asiya coğrafiyalarında Türkiyənin təsir gücünü və yerini tapmağa çalışsın. Ə.Davudoğlunun Konyada seçki ərəfəsindəki bir çıxışını dinləyəndən sonra bu optimist macəraçılıq məni heyrətləndirdi. Ərdoğanın öz seçki kampaniyasında bu poetik mülahizələri necə bəlağətlə tərənnüm etdiyini sezdim. İsrail Türkiyənin 9 vətəndaşını öldürür, amma AKP hökuməti cavab verə bilmir. İŞİD 49 türk diplomatı aylarla girov saxlayır, yenə də hökumətin səsi çıxmır. Əvəzində İraqın yeni tərtibatı sayəsində ABŞ, guya, düşmən olduğu İrana yaşıl işıq yandırır. Belə nümunələri artırmaq olar. Biz bunları Türkiyəni sevən, onun yüksəlişini arzulayan bir Azərbaycan vətəndaşı kimi qeyd edirik. Hər zaman düşünmüşəm ki, qardaş Türkiyəmizdə arxa planda A variantından başqa B, C variantları da var. Ancaq sonra gördüm ki, ifrat ideoloji qafalarda əlifba yalnız bir hərflə başlayıb, həmin hərflə də bitir”.

İsmayıl