Hüzr mərasimlərinin menyusu müəyyənləşdirilib

Süfrədə yalnız çay və qənd olacaq




Dövlət hüzr mərasimlərində ehsan verilməsi qaydasına nəzarət edəcək. Məqsəd yas mərasimlərində israfçılıq hallarının qarşısının alınmasıdır. Hökumət bununla bağlı konkret standart, menyu müəyyənləşdirərək mərasimlərdə qida məhsullarının israf edilməsinə qadağa qoyub. Hüzr məclislərində süfrədə yalnız çay və qənd olacaq.

İstisna hal kimi xurmanın olmasına da məhdudiyyət qoyulmayacaq. Bu məqsədlə yerlərdə rayon icra hakimiyyətlərinin nəzdində Dini Məsələlər üzrə Komissiyalar yaradılıb. Komissiyalara sədrlik isə rayon icra hakimiyyətlərinin 1-ci müavinlərinə həvalə edilib. Yerli din xadimləri ilə keçirilən tədbirlərdə təlimatlardan kənara çıxılması hallarının qarşısının alınması məsələsi müzakirə edilib. Yas məclislərində israfçılığın qarşısının alınması üçün inzibati tədbirlər də nəzərdə tutulub. Məlumat üçün bildirək ki, qadağa yalnız yas mərasimlərində açılan ehsan süfrələrinə aiddir. Digər dini əlamətdar günlər, o cümlədən Ramazan ayı, Məhərrəm ayı mərasimləri, həmçinin, şəhidlər üçün açılan ehsan süfrələrinə qadağa yoxdur.

Ehsan süfrələrinə dövlət nəzarətini şərh edən ilahiyyatçı-alim Elşad Miri "Şərq”ə açıqlamasında deyib ki, islamda hüzr günləri iki əsas mənbəyə müraciət edilərək keçirilməlidir. Bu mənbələrdən birincisi "Qurani-Kərim”, ikincisi isə Peyğəmbərimizin hədisləridir: "İndiki yas mərasimlərinin islamla heç bir əlaqəsi yoxdur. Heç kim iddia edə bilməz ki, yas mərasimlərinin keçirilməsi ilə bağlı Quranda hansısa ayələr var. Yalnız hədislərdə yasla bağlı dörd əsas məsələ var. Bunlar insanın vəfat etdikdən sonra yuyulması, kəfənlənməsi, cənazə namazının qılınması və dəfn olunmasıdır. Digər edilənlərin heç birinin ölüyə dəxli və faydası yoxdur. Sadəcə, sonradan "peşə sahibləri” kimi ortaya çıxan bəzi bozbaş mollalar yas mərasimlərindəki arzuolunmaz vəziyyətin ənənə halını almasında mühüm rol oynayıblar. Təəssüflər olsun ki, bu peşədən məharətlə istifadə edən xeyli sayda "dindarlar” və dini qurumlar da var”.

E.Mirinin sözlərinə görə, dövlətin bu məsələyə müdaxilə etməsi dinə qarışmaq kimi başa düşülməməlidir: "Yas mərasimlərindəki israfçılıq din adı altında ortaya çıxan və ictimailəşən prosesdir və bu proses insanlara çox böyük ziyan vurur. Ona görə də, təklif edirəm ki, imkanlı şəxslər və ya hansısa dövlət məmuru yas mərasimini yola verərkən islamdakı meyarlara uyğun davransınlar. Bu hərəkət cəmiyyətə gözəl örnək olar. Kasıb insanlar da yas zamanı kiminsə gözünə "yaxşı” görünmək üçün əlavə borca düşməkdən, banklardan kredit götürməkdən xilas olarlar. Yalnız nümunəvi insanların örnək davranışları sayəsində müsbət nəticə əldə etmək mümkündür. Bununla yeni bir adət-ənənənin formalaşmasına nail olmaq olar. Əks halda, insanlar öz bildikləri kimi hərəkət edəcəklər. Çünki heç kimin evinə, məclisinə müdaxilə və ya basqın etmək ixtiyarımız olmadığına görə, qadağalarla nəyinsə dəyişəcəyinə ümid etmək də olmaz. Məsələyə geniş aspektdən yanaşmaq lazımdır. Yəni inzibati tədbirlərə əl atmaqdan qabaq maarifləndirici təbliğata başlamaq lazımdır. Ancaq dövlətin gətirdiyi qadağanı qalıcı və təsirli etmək üçün onu sadəcə yas məclislərinə deyil, eynilə toy süfrələrinə də tətbiq etmək daha məqsədəuyğun olar. Bu zaman əhali xeyir-şər arasında ayrıseçkiliyin salınmadığını və islamın hədəfə alınmadığını görərlər. Yəni qadağanın səmimi olduğuna inanarlar”. İlahiyyatçı bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin balansında olan saraylarda yas mərasimləri keçirmək üçün insanlara 10-15 manatlıq menyular təklif olunur: "Nüfuzsuz və siyasiləşmiş qurum olan QMİ-dən bu məsələdə mühüm rol oynamasını gözləmək məntiqsizdir. Çünki bu idarənin nümayəndələri öz qazanclarını həmin yolla əldə edirlər. Niyə öz gəlir yollarını məhv etsinlər ki? O gün QMİ-yə bağlı bir məsciddə oldum və orada qadınların axundun otağına girdiklərini gördüm. Səbəbini soruşduqda mənə dedilər ki, həmin qadınlar axunda pul verərək Quran oxutdurur, dua yazdırırlar. Axı bunların hamısı islamdan uzaq şeylərdir”.

İsmayıl