“Müəyyən nazirliklər də regionlara səpələnməlidir”

Məhərrəm Zülfüqarlı: “Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin Bakıda nə işi var?”



Paytaxt Bakının mərkəzində yerləşən ali təhsil ocaqlarının regionlara və şəhər ətrafına köçürülməsi uzun müddətdi müzakirə olunurdu. Deyəsən, arzularımız çin çıxacaq. Belə ki, mərkəzdə yerləşən bir sıra universitetlərin Qəbələyə köçürüləcəyi söylənilir.

Bəzi KİV-lərin yaydığı məlumata görə, adıçəkilən rayonda ali məktəblər üçün yeni və müasir binalar inşa olunur. Deyilənlərə görə, Qəbələyə köçürüləcək ali təhsil müəssisələrinə Dövlət Tibb Universiteti, Pedaqoji Universitet, Texniki Universitet, Memarlıq və İnşaat Universiteti, İqtisad Universiteti və digərləri aiddir. Dövlət Neft Akademiyasının da köçürülməsi planda olsa da, yeri məlum deyil. İddialara görə, universitetlərdən bəziləri şəhər kənarına, bəziləri isə Qəbələyə köçürüləcək, BDU isə Bakıda qalacaq.

Bu addımın cəmiyyətimiz və ölkəmizin təhsil həyatı üçün vəd etdiyi perspektivdən danışan tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Məhərrəm Zülfüqarlı "Şərq”ə açıqlamasında bunu müsbət dəyərləndirib. Onun fikrincə, sözügedən məsələ müəyyən müddətdir ki, ictimai rəydə mövcuddur: "Bütün universitetləri və nazirlikləri paytaxta yığıb, Bakını yükləmək olmaz. Nəinki təhsil müəssisələri, hətta müəyyən nazirliklər də regionlara səpələnməlidir. Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin Bakıda nə işi var? Yaxşı olar ki, onu regionların birinə köçürsünlər. Baxın, paytaxtda elə universitetlər var ki, maşın səs-küyündən auditoriyaya girmək olmur. Məsələn, Neft Akademiyasi və Azərbaycan Texniki Universiteti düz yolun kənarındadı. Maşınların səs-küyündən dərs keçmək olmur”.

Ekspert hesab edir ki, universitet və bəzi nazirliklərin regionlara köçürülməsi paytaxtda tıxacları azaldar: "Turizm universitetində dərs deyirəm. Çox yaxşı olar ki, bu təhsil ocağı ölkənin turizm mərkəzi sayılan Qəbələdə yerləşdirilsin. Bu təcrübənin ölkəmizə faydası çox olacaq. Bu baxımdan təşəbbüsü dəstəkləyirəm”.

Ayyət Əhməd