18 yaşlı gənc 20 qəpiyin güdazına getdi

Avtobus sürücülərinin özbaşınalıqlarına “dur” deyən yoxdur



İctimai nəqliyyatda avtobus sürücülərinin "avtoşluq” etmələrindən dəfələrlə yazılıb. Digər yandan avtobus sürücləri lazım gəldi-gəlmədi dayanacaq olmayan yerlərdə də pula görə saxlayıb sərnişin götürürlər.

Hələ onların digər marşrut avtobusları ilə yarışa girmələrini demirik. Ancaq nə fayda, bu özbaşınalıqlara qarşı heç bir ciddi tədbirlər görülmür. Elə ötən gün bir nəfər 18 yaşlı şəxsin avtobusa minərkən yıxılması nəticəsində ölməsi faciənin dəhşətlərini göstərir. Belə hallar son zamanlar daha da çoxalıb.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov hadisənin sürücülərin təhlükəsizlik qaydalarına önəm vermədiyindən baş verdiyi qənaətindədir: "Avtobus qapılar bağlanmamış hərəkət etməməlidir. Həmçinin avtobuslarda olan iki böyük yan güzgüləri var. Bu güzgülər vasitəsilə sürücü avtobusu sürərkən ətraflara nəzarət etməlidir. Həm də sağ tərəfdən qapılar güzgüdən görünür”.

Onun fikrincə, ölən və ya xəsarət alan sərnişinlər 20 qəpiyin güdazına gedirlər: "Şirkət avtobusu sürücüyə verərək hər gün ondan 150-200 manat pul istəyir. Belə olan halda həmin məbləği toplamaq və əlavə gəlir götürmək üçün yol hərəkət qaydalarını unudaraq 20 qəpiyin üstündə digər avtobusları "qovmağa” başlayır. Bu zaman sərnişindaşıma qaydaları da yaddan çıxır. Nəticədə belə faciəvi hallar baş verir”.

Həmsöhbətimiz belə halların qarşısını almaq üçün nəqliyyat sistemində kökündən dəyişiklik aparılmasını təklif edib: "Sürücülərə aylıq maaş tətbiq edilməlidir. Nağd gediş haqlarına birdəfəlik son qoyularaq tez bir zamanda kütləvi olaraq kart sisteminə keçilməlidir. Hələ biz gecikmişik. Bir sözlə, sürücülərin işə qəbulundan tutmuş, gediş haqlarının yığılmasına qədər iş prosedur qaydalarına yenidən baxılmalıdır”.

Vüqar Şahinoğlu