“Məni heç kim bıçaqlamayıb, sağam”

Murad Dadaşov: “Anam xəstə olduğu üçün son günlər başım qarışıqdı. Medianı tez-tez izləyə bilmirəm”



Bəzi mətbuat orqanlarında Murad Dadaşovun bıçaqlanması xəbəri yayıldı. Məlumatda bildirilir ki, guya Daxili İşlər Nazirliyi bu barədə faktı təsdiqləyib. Hətta oda bildirilir ki, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 19-da Murad Dadaşova bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vuraraq hadisə yerindən qaçmış Şahin Sədiyarov tutulub.

Hadisə ilə bağlı Murad Dadaşovun özü ilə əlaqə saxladıq. "Şərq”in sualını cavablandıran Murad Dadaşov təəccübünü də gizlədə bilmədi: "Mən barəmdə belə bir məlumatın yazıldığından, inanın, xəbərsiz idim. İki gündür bu məlumat mətbuat səhifələrində yer alsa da, mən xəbərsiz olmuşam. Siz deyəndə, şoka düşdüm. Sizin kimi peşəkar jurnalistlərə, peşəkar mətbuat orqanlarına hörmətim hədsizdir. Məlumatı eşitsəniz də, mənimlə əlaqə yaradana qədər oxucuya yalan yazmadınız. Amma çox təəssüf ki, qeyri-peşəkar jurnalistlərin sahəsində reytinq xatirinə yalan xəbərlər yazılır. Məni heç kim bıçaqlamayıb. Bu məlumat tamamilə əsassızdır. Anam xəstə olduğu üçün son günlər başım qarışıqdı. Medianı tez-tez izləyə bilmirəm. Bıçaqlandığım barədə yalan informasiya yayan mətbuat orqanına da çatdırmaq istəyirəm ki, həmin mətbuat orqanını məsuliyyətə cəlb edə bilərəm. İnsan bu qədər qeyri-ciddi, qeyri-etik məlumatı dəqiqləşdirməmiş necə yaza bilər? Reytinq naminə mənim adımdan istifadə edən mətbuat orqanına qarşı cinayət işi aça bilərəm. Ayıbdır. İnsan belə yalan məlumatlarla reytinq arxasınca qaçmaz. Bu, jurnalistika adına ləkədir. "Şərq”in oxucuları vasitəsilə bir daha mənə görə narahat olanlara da çatdırmaq istəyirəm ki, bu məlumat əsassızdır. Şükür mən sağam. Heç kim məni bıçaqlamayıb”.

Tahirə