600-700 bal toplasalar da, intellekt zəifdir- Ekspert araşdırdı

Müəllimlərin işə qəbulu və dövlət qulluğuna qəbulda 600 və daha yüksək bal toplayan abituriyentlərlə müqayisədə 400-600 bal toplayan abituriyentlər daha yaxşı nəticə göstərirlər"
"Müəllimlərin işə qəbulu, dövlət qulluğuna qəbul və s. imtahanlarda iştirak edib, ən yüksək nəticə əldə etmiş şəxslər ali məktəblərə qəbul imtahanlarında 400-600 bal toplayan abituriyentlər olub”.
Bu barədə tanınmış təhsil eksperti Kamran Əsədov özünün sosial şəbəkə hesabında yazıb. 600-dən yüksək bal toplayıb, universitetə qəbul olanların müqayisədə bu imtahanlarda az bal topladığını vurğulayan ekspert araşdırması haqqında "Sherg.az”a danışıb.
"8 ildir ki, ölkədə həyata keçirilən bütün ali məktəblərə, orta ixtisas təhsili müəssisələrinə, magistr pilləsinə, dövlət qulluğuna, müəllimlərin işə qəbulu, müəllimlərin diaqnostik qiymətləndirilməsi kimi rəsmi imtahanları izləyirəm və bütün statistik göstəriciləri toplayıb ayrı ayrılıqda və ya əlaqəli şəkildə təhlil edirəm. Bütün rəqəmlər rəsmi məlumatlardır.
Biz bu gün yaxşı məktəb, yaxşı tələbə dedikdə, ali məktəblərə qəbul imtahanlarında topladıqları balların maksimum, yəni 600 və daha çox olanları xüsusi ilə vurğulayırıq. Halbuki, apardığım təhlillər göstərir ki, bu, heçdə belə deyil. Aşağı bal toplayan abituriyentlər sonrakı istər təhsil, istərsə də digər imtahanlarda daha yüksək nəticələr əldə edirlər. Bundan başqa 600 və daha yüksək bal toplayan abituriyentlərlə müqayisədə 400-600 bal toplayan abituriyentlər daha sosial, daha aktiv gənclər olurlar.
Təkcə Dövlət İmtahan Mərkəzinin keçən həftə keçirdiyi dövlət qulluğuna qəbul imtahanlarının nəticələrini təhlil edəndə bunu açıq şəkildə görürük. İştirak edənlər arasında ali məktəblərə qəbulda 400-600 bal arası toplayanların göstəriciləri daha yüksək səviyyədədir”.
K.Əsədov Dövlət İmtahan Mərkəzi tərəfindən 18 dekabrda keçirilmiş dövlət qulluğuna qəbul imtahanı haqqında rəqəmləri vurğulayıb. Ekspertin sözlərinə görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 3040 şəxsdən 676 nəfəri abituriyent vaxtı 401-500 bal arası toplayan məzunlar olub:
"Onların isə 292 nəfəri müvəffəqiyyət əldə edib. Bu da imtahanda iştirak edənlərin 43.2 faizini təşkil edir. Bundan başqa, 468 nəfər - ali məktəblərə qəbul imtahanlarında 501-600 bal toplayan şəxs dövlət qulluğuna qəbul olmaq üçün qeydiyyatdan keçib. 256 nəfər imtahanı uğurla başa vurub. Bu isə 54.7 faiz nəticə əldə etmək deməkdir. Nəhayət, qəbul imtahanlarında 601-700 arası bal toplayan 166 nəfər dövlət qulluğu imtahanına qeydiyyatdan keçib ki, onlardan da 113 nəfər müvəffəqiyyət əldə edib.
Qəbul imtahanlarında aşağı bal toplayan abituriyentlərin isə nəticələri acınacaqlıdır. Belə ki, abituriyent kimi qəbul imtahanlarında iştirak edib, 101-200 arası bal toplayan gənclərdən 104 nəfəri dövlət qulluğuna qəbul olunmaq üçün qeydiyyatdan keçib. Təəssüf ki, cəmi 7 nəfər müvəffəqiyyət əldə edə bilib. 
Qəbul imtahanlarında 201-300 bal toplayan 531 nəfər dövlət qulluğuna qəbul olunmaq üçün qeydiyyatdan keçib imtahan verib ki, onlardan cəmi 82 nəfəri bu imtahandan keçə bilib. Dövlət qulluğuna qəbul olunmaq üçün 301-400 bal toplayan 743 nəfər müraciət edib. Cəmi 215 nəfər test imtahanını uğurla başa vurub”.
Aysel Aslan