Qürbətdə ölən milli maarifçi...

Abdulla Sur azərbaycançılıq ideyalarını öz yazıları ilə təbliğ edib




XIX əsrdə maarifçilik Azərbaycan ictimai-fikrinin bütün istiqamətlərinə nüfuz edən bir cərəyan kimi diqqəti cəlb edir. Görkəmli şərqşünas-alim Mirzə Kazımbəy deyirdi ki, "qərb öz siyasəti ilə heç zaman Asiyada maarifi dirçəldə bilməz. Ölkəni yenidən quranlar onun öz içindən yetişməlidir”. Ölkənin öz içindən yetişən və cəmiyyətin mühüm sahələrində sözünü deyən ziyalılar sırasında bir çox şəxslərin adlarını çəkmək olar. Bu şəxslər elm, maarif, mətbuat, ədəbiyyat və başqa sahələrdə əsaslı dəyişikliklərə imza atıblar. Azərbaycanda maarifçiliyin və demokratik ictimai fikrin formalaşması əsasən bu dövrdə meydana çıxan böyük ziyalıların adı ilə bağlıdır. İyirminci əsrin əvvəllərində yalnız Azərbaycanda deyil, Qafqazın bir sıra nəşrlərində imzası görünən vətənpərvər ziyalılardan biri də Abdulla Məmmədzadə (Sur) idi. Görkəmli ziyalı ilk təhsilini 1896-cı ildə, dünyaya gəldiyi Gəncə şəhərində Axund Hüseyn Pişnamazzadənin Xeyriyyə məktəbində alıb.

Burada müxtəlif dünyəvi elmlərlə yanaşı, ərəb və fars dillərini də öyrənib. O, çox gənc yaşında təhsil aldığı məktəbin müəllimi işləməyə başlayıb. Gənc maarifçi dərin elmi və dünyagörüşü səviyyəsi ilə qısa zamanda bütün Gəncə ziyalıları arasında tanınıb. Özünün təbrincə desək, o heç vaxt müəllimlik etməkdən bezməyib: "Müəllimlikdən bezmədim. Bu, mənim ən sevimli əməlimdir”.

Ancaq xalqına xidmət eşqi ilə yanıb-tutuşan A.Sur sadəcə müəllim fəaliyyəti ilə kifayətlənməyib və "Şərqi-Rus” qəzetinin baş redaktoru Məhəmməd Ağa Şahtaxtlının dəvəti ilə Tiflisə gedib və bir müddət həmin mətbu orqanında çalışıb. Azərbaycanda ictimai fikrin formalaşmasında önəmli yer tutan "Şərqi-Rus” qəzetində məqalələrlə çıxış edən A.Sur bildirirdi ki, yenilik, müasirlik və mədəniyyət islam dininin əsasını təşkil edir. Surun fikrincə, mədəniyyətin inkişafında din mühüm yer tutur. İslam dinini mədəniyyətə və müasirləşməyə əngəl kimi görənlərə qarşı çıxan Abdulla bəy hesab edirdi ki, bunu iddia edənlər ya islamiyyətin əsil mahiyyətindən xəbərsizdir, ya da bilərəkdən cəmiyyətin şüurunu qarışdırırlar. Abdulla Sur deyirdi ki, müsəlman dünyasının inkişafı üçün ilk növbədə, valideynin uşaqlara, kişilərin qadınlara münasibətində dəyişiklik olmalıdır. Belə ki, Avropada olduğu kimi, müsəlman dünyasında da uşaqları qorxutmaqla deyil, qayğı və düzgün yol göstərməklə tərbiyə etmək lazımdır: "Avropa üsulu ilə tərbiyə verən atalar uşaqlarını çox sevərlər, oxşarlar. Avropalı ata-analar heç bir vaxt cocuqlara söyüş, qarğış etməzlər”. Ziyalının fikrincə, bu kimi mühüm amillər islam dinində də öz əksini tapıb. Bu mənada, o, "Hər gün küçələrdə görürük” məqaləsində yazırdı ki, müsəlmanlar uşaqlarına zülm verməkdən əl çəkib, onları dünyəvi məktəblərə qoymalıdırlar. Yalnız bu halda azərbaycanlı uşaqları başqa millətlərin uşaqları kimi elm və tərbiyəyə yiyələnə bilərlər. Sur yazırdı: "Üsuli-cədid üslubunca hər şəhərimizdə, qəsəbəmizdə məktəblər təsis edək. Bisavad böyüklərimiz üçün də məktəblər yaradaq. Övladlarımıza və millətimizə insaniyyət qanunu öyrədək. Hər yerdə "cəmiyyəti-xeyriyyələr” təsis edib fəqirlərimizə, yetimlərimizə, dullarımıza, qocalarımıza, şikəstlərimizə yardım edək. Onları evləndirək. Millət və Vətənə sadiq, doğru xidmətkarlar yetirək”.

Abdulla Surun yazıları qəzetin hər sayında yer alırdı. Məlum olduğu kimi, "Şərqi-Rus” qəzeti Azərbaycanda ictimai fikrin inkişafı tarixində mühüm yerlərdən birini tutur. "Şərqi-Rus” qəzeti XX əsrin ilk gündəlik Azərbaycan qəzetidir. Bu qəzetin səhifələrində müxtəlif xalqların nümayəndələri məqalələrlə çıxış edirdilər. Qəzetdə əlifbanın yeniləşdirilməsi, hicab məsələsi, maarifin yayılması, məktəblərdə tədrisin yaxşılaşdırılması və başqa problemlər haqda yazılar dərc olunurdu. "Şərqi-Rus”un səhifələrində mədəniyyət, ədəbiyyat, dil məsələlərinə xüsusi yer verilirdi. Lev Tolstoydan Azərbaycan dilinə ilk tərcümələr də bu qəzetin səhifələrində dərc edilib. Sonradan "Tərcüman” qəzetinin redaktoru İsmayıl bəy Qaspıralının əlifba məsələsində Məhəmməd ağa Şahtaxtinskini kəskin tənqid etməsi "Şərqi-Rus”u xeyli nüfuzdan salırdı. Bəzi hallarda isə qəzet liberal mövqe tuturdu. Beləliklə, Abdulla Surun 1903-cü ildə bu qəzetlə başlayan mətbuat həyatı, qəzetçilik fəaliyyəti onun qısa ömrünün sonuna qədər davam edir. 1905-ci ildə "Şərqi-Rus” bağlandıqdan sonra o yenidən Gəncəyə qayıdır və burada müəllimlik fəaliyyətini davam etdirir. Müəllimliklə bərabər görkəmli ziyalı "Həyat” və "İrşad” qəzetlərinə ədəbiyyat və mədəniyyət mövzularında məqalələr yazır. Məsələn, "İrşad” qəzetində nəşr olunan "Əski İstanbul xanımları” məqaləsi xanımların problemlərinə həsr edilib. Abdulla Sur yazırdı ki, qadınların tərbiyəsindəki problemlər cəmiyyət tərəfindən onlara lazımi dəyərin verilməməsidir. Halbuki qadınlar yeni nəslin formalaşmasında ən facib faktordur. Bunu anlayan Avropa millətləri artıq qadınların hüquqlarını tanımağa və cəmiyyətdə müəyyən status daşımalarına konstitusion baxımından da razılıq verməyə başlayıblar. Ancaq müsəlman ölkələrində hələ də bu sahədə ciddi problemlər var. Çünki müsəlmanlar elm və maarifdən çox uzaq düşüblər. Ancaq vaxtilə elm və maarifi Şərqdən öyrənən Qərb millətləri indi onları üstələyiblər. Abdulla Surun "Bir tövsiyə” məqaləsi bu gün də çox aktualdır: "Mühüm olduğu vəchlə cümlə millətlər maarif və mədəniyyəti əsasən bir-birlərindən iqtibas edə-edə gəlmişlər. Əski yunanlar, romalılar ərəblərə məlum oldular. Avropanın qərbi xristianları bugünkü mədəniyyət əsasını ərəb mütəfəkkirlərindən aldığı zatən bəllidir”. Surun qənaəti bu idi ki, əgər islam dininin, türk millətinin və Azərbaycan Vətəninin azadlığını və inkişafını istəyiriksə, Avropa millətləri kimi,

buna çatana qədər malımızdan, canımızdan və qanımızdan heç bir şey əsirgəməməliyik. Çünki ömrümüzü cəhalət içində keçirməklə nəyəsə nail olmaq mümkün deyildir. Sur yazırdı: "Bizə də sevgili millətimizin cəhalət qaranlığından mərifət aydınlığına çıxması üçün xərclər, məsrəflər lazımdır. Başqa dövlətlər yanında ibrət alın! Onlar öz millətləri xeyrinə yüz minlərcə, bəlkə milyonlarca ianələr verirlər. Siz də millətimizin qeydinə qalın”. Surun fikrincə, avropalı millətlərdən ibrət almaq onu təqlid kimi başa düşülməməlidir. Yəni azərbaycanlılar öz adət-ənənələrinə hörmət etməklə yanaşı, müasirləşməyə də biganə qalmamalıdır. Çünki elə bir əsr gəlib ki, zamanla ayaqlaşmayan millətlər başqa millətlərin arasında əriyib yox olurlar. Sur yazırdı: "zəmanəyə müvafiq adətlər, rəsimlər qəbul etməliyiz. Bu adətlər bizim dinimizi, islamiyyətimizi əlimizdən almaz. Əksinə, xalqımızı cəhalət girdabından xilas edər”.

Maraqlıdır ki, müasirləşmək, zəmanə ilə ayaqlaşmaq və maarif kəsb etmək üçün Avropa millətlərindən, o cümlədən Rusiyadan nümunə götürməyi tövsiyə edən Sur milli keyfiyyətləri Türkiyədən öyrənməyi məqbul sayırdı. Bunu, Sur belə izah edirdi: "Demək istəyirəm ki, mədəniyyət və maarifi Rusiyadan, Avropadan öyrənək. Ancaq milli libasımız, ədəbiyyatımız və bunlara dair elmi Türkiyədən alaq”. Abdulla Sur 1906-cı ildə İstanbula gedir. İki il yarım burada yaşayaraq, İstanbul Darülfununda (Universitetində) ədəbiyyat müəllimi kimi çalışır. Bu dövrdə onun türk qəzetlərində məqalələri çap olunur. Həyatının İstanbul dövründə ən böyük və önəmli əsəri olan "Türk ədəbiyyatına bir baxış” kitabını yazmağa başlayır. Amma ziyalı həcmi min səhifədən artıq olan bu kitabı bitirsə də, çap etdirmir. Əlyazma halında olan o kitabın çox hissəsi itib, günümüzə yalnız ayrı-ayrı parçaları gəlib çatıb. Abdulla Sur burada Osmanlı ədəbiyyatı haqda araşdırmalar aparıb və İbrahim Şinasinin "şair evlənməsi” əsərini Azərbaycan türkcəsinə çevirib. Rus dilində yazılmış olan coğrafiyaya dair kitabı da türkcəyə çevirib. Bütün bunlardan əlavə üç cildlik bir antologiya hazırlamağa başlayıb.

Abdulla Surun təhsilini davam etdirməsi üçün Türkiyəyə, İstanbula getməsi ilə onun dünyagörüşündə müəyyən dəyişikliklər baş verir. Doğrudur, görkəmli ziyalı yenə də əvvəlki kimi islam dininə və Şərq mədəniyyətinə böyük hörmətlə yanaşır, onların cəmiyyətdəki rolunu təsdiq edirdi. Ancaq bütün bunlarla yanaşı, Sur Türkiyə dönəmindən etibarən islam mədəniyyəti ilə yanaşı, Türk və Qərb mədəniyyətinə də geniş yer verməyə başlayır. Başqa sözlə, Surun bu dövrdən etibarən müasir ruhlu İslam-Azərbaycan mədəniyyətinin sintezindən çıxış etdiyi daha çox hiss olunur. İstanbulda yazdığı bəzi məqalələrində "Günəş doğduqdan sonra” bir daha Şərq mədəniyyəti ilə Qərb mədəniyyətini, islam dini ilə xristian dinini müqayisə edən Sur müsəlman dünyasının, Şərq mədəniyyətinin oyanacağına və dirçələcəyinə ümidini kəsmir. Doğrudan da, çox keçmir ki, "Şərqdə şəfəq sökülərkən”, "Xavər zəmin oyandı” əsərlərində artıq Sur Şərq dünyasının oyanışından bəhs edir. İstanbulda olarkən "türk ədəbiyyatına bir nəzər” adlı əsər yazan A.Sur burada ədəbiyyatın yaranması və inkişafı tarixinə ümumi bir nəzər yetirir. Yeri gəlmişkən, "Azərbaycan ədəbiyyatı” monumental əsərinin müəllifi Firudin bəy Köçərli xatirələrində yazırdı ki, həmin əsərin yazılmasında Abdulla Surun böyük əməyi olub: "Şəxsən biz mərhum Mirzə Abdullaya "Azərbaycan türklərinin ədəbiyyatı” əsərimizə Gəncə şair və yazıçılarının tərcümeyi-halları və əsərlərindən nümunələr, qiymətli materiallar göndərdiyi üçün minnətdarıq. Mərhum doğma ədəbiyyatı böyük məhəbbətlə sevər və bizim əsərimizə lazım olan məlumatları toplamaqda bütün xahiş və tapşırıqlarımızı həvəslə yerinə yetirərdi”.

O dövrün ən böyük şairlərindən olan Əhməd Cavad Gəncədə Abdulla Surdan ədəbiyyat dərsləri alıb. Abdulla Sur 1912-ci il mayın 8-də ağır bir xəstəlikdən sonra Tiflis xəstəxanasında dünyasını dəyişib və Gəncə Səbiskar qəbiristanlığında dəfn edilib. Sur haqqında böyük Azərbaycan şairi Hüseyn Cavidin dedikləri son dərəcədə qiymətlidir: "Əvət, mərhum A.Sur pək çalışqan, sahibməslək, himmətli bir müəllim idi. Həm də uzaqgörən, münəqqid bir ədib idi. Qafqaz torpağı bir də çətin öylə cavanlar yetişdirər. Onun haqqında beş-üç sətir deyil, tərcümeyi-hal olmaq üzrə yüzlərcə səhifə yazıb doldurmaq icab edər. Abdulla Sur ölmədi, öləməz. O yaşar, tarixin ağuşunda, millətin qəlbində yaşar”.

İsmayıl