Ginekologiya sahəsində biabırçılıqdır

Anaların, balaların ölümünə bais olanlar cəzasız qalır
Hüquqşünas İradə Cavadova bu məsələdə Cinayət Məcəlləsində pasiyentin sağlamlığına zərər vurulmasıyla bağlı maddənin olmamasını böyük əngəl hesab edir




Ana ölümləri faciəsi, təəssüf ki, bitmir. Növbəti dəhşətli hadisə Quba Rayon Regional Perinatal Mərkəzində qeydə alınıb. Qusar rayon sakini 1978-ci il təvəllüdlü Aslanova Zərinşah Dəmir qızı doğuşdan sonra dünyasını dəyişib. Ölümə səbəb kimi ilkin olaraq doğuşdan sonra baş verən daxili qanaxma göstərilir. Səhiyyə Nazirliyindən isə adət etdiyimiz açıqlama gəlib; müvafiq araşdırma aparılacaq, ölümün dəqiq səbəbi və kimin günahkar olması bilinəcək.

Nə vaxta qədər biz eyni məzmunlu açıqlamaları eşidəcəyik və nə vaxta qədər anasız qalan körpələrin və körpəsiz qalan anaların haqqı tanınmayacaq? Qeyd edək ki, cəzasızlıq mühitinin davam etməsində pasiyentlərin və onların qohumlarının süstlüyü də əhəmiyyətli rol oynayır. Faciə baş verdikdən sonra çox az adam günahkarın cəzalandırılması üçün səy göstərir. Göstərənlər də bir müddət sonra bu işdən əl çəkir. Beləliklə, anaların və balaların ölümünə bais olanlar cəzasız qalır.

Hüquqşünas İradə Cavadova bu məsələdə Cinayət Məcəlləsində pasiyentin sağlamlığına zərər vurulmasıyla bağlı maddənin olmamasını böyük əngəl hesab etdiyini dedi:

- CM-də sağlamlığa zərərvurmanın bir neçə növü göstərilir. İnsan həyatı üçün təhlükəli zərərvurma, qəsdən, ehtiyatsızlıqdan, az və ya ciddi və ya çox ciddi zərərvurma. Amma CM-də məhz tibb sahəsində, həkimlərin pasiyentin səhhətinə zərərvurması ilə bağlı konkret maddə yoxdur. Səhiyyə sektorunda baş verən ölüm və ya pasiyentlərin səhhətinə zərərvurmalar işdə yol verilmiş "səhlənkarlıq” kimi təqdim olunur, bu ad altında verilir, buna görə cinayət işi açılması mümkün olmur. Həkimlər də buna arxayındır, bilirlər ki, nə baş versə də, onlara cinayət işi açılmayacaq, həbs edilməyəcəklər, ona görə də məsuliyyətsizliklərini davam etdirirlər. İndiyədək neçə belə ana və körpə ölümü baş verib, hansı həkim cinayət məsuliyyətinə cəlb edilib? Heç biri. Çox qəribədir ki, sürücü ehtiyatsızlıq üzündən qəza törədir, bəzən ölümlə nəticələnir, bəzən xəsarətlə, bu zaman sürücüyə 7-8 il azadlıqdan məhrumetmə cəzası verilir. Burda da insan həyatı var, orda da. Sürücü ehtiyatsızlıq edə bilər, idarəetməni itirər və bədbəxt təsadüf nəticəsində kiminsə həyatına son qoyular, buna görə insanı uzun müddətə həbsə atırlar, hələ vəfat etmiş şəxsin ailəsinə təzminat da ödətdirirlər, amma bir həkim səriştəsizliyi, savadsızlığı, məsuliyyətsizliyi ana və körpə ölümünə səbəb olur, buna görə həkim cəzalanmır. Yəni, onu cəzalandırmaq üçün hüquqi əsas tapılmır. Bu, dəhşətdir. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının üzvüdür, beynəlxalq konvensiyalara qoşulub, amma hələ də "Pasiyentlər haqqında” qanunu qəbul etməyib. Biz neçə ildir bu qanun layihəsinin müzakirəyə çıxarılmasını tələb edirik, amma nəticə yoxdur. Bu qanun qəbul olunarsa, pasiyentlərin hüquqlarını müdafiə etmək mümkün olacaq. Ya da gərək CM-nə əlavə və dəyişikliklər edilsin və orada birbaşa səhiyyə sektorunda çalışanların sağlamlığa zərərvurma, həmçinin insan həyatı üçün təhlükə törədən zərərvurmaya görə cinayət məsuliyyəti nəzərdə tutulsun.

İ.Cavadova səhiyyə sektorunda baş verən ölüm halları ilə bağlı hüquq-mühafizə orqanlarına müraciətlərin çox az olduğunu da bildirdi:

- Bu, artıq bizim xalqın mentaliteti ilə bağlı problemdir. Nadir hallarda insanlar yaxınlarının, doğmalarının meyitinin yarılmasına, meyitin ekspertizaya göndərilməsinə razı olurlar. Hadisə baş verir, cənazəni alıb evə aparırlar, yas mərasimi qurulur, ağlaşma və s. aparıb ölünü dəfn edirlər. Bununla da insanın nədən, hansı səbəbdən öldüyünü müəyyənləşdirmək də artıq torpağa gömülür. Mən başa düşürəm, insanların kədəri böyükdür, böyük bir faciə yaşayırlar, bu halda kimdənsə meyiti ekspertizaya verməsini istəmək də ağlasığmazdır. Amma haqq, hüquq naminə və günahkarların cəzalanması naminə bunlar edilməlidir. Hüquq-mühafizə orqanlarına müraciət etmək çox üzücü bir prosesdir. Məhkəmələrin ədalətli qərar çıxaracağına da insanlar bəzən ümid etmirlər və bütün bu amillər günahkarların məsuliyyətdən kənarda qalmasına səbəb olur. Bizdə səhiyyə sektorunda çox ciddi problemlər var. Kimin arxası, dayağı var, klinika açır, tam nəzarətsiz fəaliyyət göstərir. Həkimlər tanışlıqla, pulla işə götürülür. Ümumiyyətlə, tibbi təhsildə çox ciddi nöqsanlar var. Xüsusilə ginekologiya sahəsində biabırçılıqdı. Gənc anaların əksəriyyətinə qeysəriyyə kəsiyi ilə əməliyyat təklif edirlər, bəzən hətta təkid edirlər. Qeysəriyyə kəsiyi dəb düşüb. Halbuki bu əməliyyatın aparılmasına ciddi əsaslar olmalıdır. Elə bilirlər, rahatdır, uşağı əməliyyatla çıxaracaqlar, qurtarıb gedəcək. Amma həkimlər anaya başa salsalar ki, qeysəriyyə əməliyyatı sonrakı mərhələdə körpədə hansı fəsadlara səbəb olacaq, qadının özü üçün də fəsadsız ötüşməyəcək, analar buna razı olmaz və təbii doğuşa üstünlük verərlər. Amma həkimlər asan qazanc əldə etmək üçün hər qapıdan daxil olanı əməliyyat masasına götürməyə çalışırlar. Hazırda mənim əlimdə bir mülki dava var. Bizə müraciət etmiş bir gənc xanım həkimlərin səhvi ucbatından ana olmaq imkanlarını tamam itirib, ailəsi də dağılıb. Bununla bağlı biz məhkəməyə müraciət etmişik, hazırda Nərimanov Rayon Məhkəməsində işə baxılır. 1 milyon manat da təzminat tələb olunur. Digər bir şikayətçimiz də var ki, onun da səhhətinə çox ciddi zərər vurulub, kardioloji cihaza ehtiyac olmadığı təqdirdə, bu adamın ürəyinə cihaz yerləşdirilib, sonra fəsadlar üzə çıxanda pasiyent Ukraynaya gedib, orada ona deyiblər ki, bu cihaza heç bir ehtiyac yox imiş. Buna görə həkim cinayət məsuliyyətinə cəlb edilməlidir, üstəlik, əmlakı da müsadirə olunmalıdır. Bəzən pasiyent anestiziyanın düzgün təyin edilməməsindən ölür, tibbi ekspertiza rəyində isə "geniş infarkt” yazılır. Daha bu geniş infarktın nədən baş verdiyi göstərilmir. Çünki tibbi ekspertizalar düzgün aparılmır, kimlərinsə cinayəti ört-basdır edilir. Bunlar hamısı CM-dəki boşluqlarla əlaqədardır.

Məlahət Rzayeva