İlkin ödəniş məsələsi həll olunmalıdır

Əks təqdirdə, hər il 2500 nəfərdən artıq adam ipotekadan istifadə də bilməyəcək




Gələn il üçün dövlət büdcəsindən ipotekaya 50 milyon manat ayrılması nəzərdə tutulub. Dövlət büdcəsindən hər il olduğu kimi gələn il də ipotekaya ayrılan vəsaitlər ildən-ilə artırılıb. Belə ki, gələn il 10 milyon vəsait artırılaraq sosial ipotekaya ayrılan vəsaitlərin həcmi 50 milyon manata çatdırılıb.

Sosial ipotekaya ayrılan vəsaitlərin artırılmasının yaxşı hal olduğunu söyləyən iqtisadçı-ekspert Samir Əliyev büdcədən bu il sosial ipotekaya 40 milyon ayrılmasına baxmayaraq, hələlik 20 milyon manatın xərcləndiyini bildirib: "Artıq ilin sonuna yaxınlaşırıq, ancaq sosial ipotekaya ayrılan vəsaitin ancaq yarısı xərclənib. Belə bir vəziyyətdə 25 faiz artıraraq, həcmin 50 milyon manata qaldırılması əslində, yaxşı haldır. Biz də sosial ipotekaya büdcə ayrılmalarının artırılmasının tərəfdarı olmuşuq”.

S.Əliyevin fikrincə, bu istiqamətdə 300 milyon manatadək vəsait ayırmaq da mümkündür: "Amma reallıq ondan ibarətdir ki, bu gün ipotekadan yararlananlar azdır. 2014-cü ildə cəmisi 1800-ə yaxın insan ipotekadan istifadə edib. İl ərzində, ümumiyyətlə, 2000-2500 insan ipoteka ala bilir. Təxminən bu istiqamət üzrə 100 milyon manata qədər pul da xərclənib. Büdcədən pul ayrılsa da, bu günün reallığı ondan ibarətdir ki, həmin vəsaitin hamısı xərclənmir. Ona görə ki, bir tərəfdən şərtlər ağırdır, insanlar ipoteka götürə bilmir. İkinci bir tərəfdən, Azərbaycanda ipoteka bazarının həcmi kiçikdir, ipoteka krediti ayırmaq üçün vəsaitlər də çox məhduddur. Ona görə qiymətləri bir qədər də ağırlaşdırırlar ki, əldə olunan kreditdən maksimum dərəcədə ehtiyatlı davranmaq mümkün olsun”.

Onun sözlərinə görə, ipotekanın aşağı, hətta faizsiz verilməsilə bağlı təkliflər dəfələrlə səslənib: "Amma bu, qeyri-realdır. Bu gün ipoteka üçün əsas problem ilkin ödəniş məsələsidir. Öncə bu məsələ həllini tapmalıdır. İlkin ödəniş məsələsi həllini taparsa, artıq digər məsələlər barədə də düşünmək olar. İpoteka faizləri açığı bir o qədər də ağır deyil, düzdür, məsləhətdir ki, bir qədər də azaldılsın. Adi ipotekanı 8 faizdən, 4-ə, sosial ipotekanı da 4-dən 2 faizə qədər azaltmaq mümkündür. Yəni, bu istiqamətdə iki dəfəyə qədər azalma mümkündür. Lakin yuxarıda da qeyd etdiyim kimi, öncə ilkin ödəniş məsələsi və sənədləşmə prosesi zamanı ödənişlər də aradan qalxmalıdır. Əməkhaqqına münasibətdə şərtlər də yüngülləşməlidir. Yoxsa hər il 2500 nəfərdən artıq adam ipotekadan yararlana bilməyəcək”.

Qeyd edək ki, 2006-cı ildə "İpoteka haqqında” qanunun qəbul edilməsindən 8 il ərzində ipotekaya cəmi 266 milyon manat vəsait ayrılıb. Lakin hələ də 2 milyondan artıq insanın mənzilə və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı var.

Vüqar Şahinoğlu