Əvvəla “aş yeyən mollalar”la iş aparmaq lazımdır

“Gecikdirmədən orta məktəblərdə dinin əsas müddəalarının öyrədilməsi ilə məşğul olmalıyıq”



"Azərbaycanın din xadimləri ölkəni ekstremistlərdən, radikal qüvvələrdən qorumaq üçün dövlətlə əməkdaşlıq etməli, hökumətə dəstək verməlidir”. Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Aşura günü ilə bağlı keçirilən qanvermə aksiyasında deyib.

Dindarlara çağırış edən Şeyx din xadimlərinin ictimaiyyətlə birgə hərəkət etməsinin zəruri olduğunu vurğulayıb. QMİ sədrinin çağırışını müsbət qiymətləndirən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib ki, cəmiyyətdə cərəyan edən dini proseslər sadəcə inzibati strukturların nəzarətində ola bilməz. Yəni həmin cameələrin özləri də bu prosesdə prinsipial mövqe tutmasa, ekstremizm təmayüllərinin, cəhalətin, fanatizmin qarşısını almasa, din terrorçuların əlində silaha çevriləcək: "Şeyxin çağırışının əsas hədəfi ayinlərin icrası ilə məşğul olan din xadimlərimizdir. Əksər hallarda görürük ki, bəzi gerizəkalı mollalar insanların normal əqidədə öz mövqeyini formalaşdırmasına və həyat baxışını müəyyənləşdirməsinə mane olurlar. Çünki həmin vətəndaşlar yas məclisində gördüyü o adamları həqiqi dinin ciddi simaları hesab edirlər. "Quran”ın yanlış şərh olunması və xarici ölkələrdən stimullaşdırılan cərəyanların, təriqətlərin tirajlanması məkirli dairələrin arzuladığı şəraiti yaradır”. Deputatın sözlərinə görə, əgər Azərbaycandan İŞİD üçün döyüşə gedənlər varsa, deməli, cəmiyyətdə vətəndaş-din münasibətlərini düzgün qura bilməmişik: "İnsanların dini baxışlarının normal formalaşmasında 3 mühüm amil rol oynayır: - təhsil, ailə və ekran. Gecikdirmədən orta məktəblərdə dinin əsas müddəalarının öyrədilməsi ilə məşğul olmalıyıq. Dünyanın aparıcı, mütərəqqi ölkələrində din tədris olunur. Əgər vətəndaş kiçik yaşında islamın nə olduğunu bilsə, bunu dərs kimi qavrayacaq və heç zaman unutmayacaq. Əks halda, hansısa qüvvələrin tələbi və təlqini ilə qəbul edilən yad inanclar ciddi təhlükəyə yol açacaq. Biz dəfələrlə şahidi olmuşuq ki, "dilində Allah olanın, beynində xeyli şeytan var”. Ona görə fikirləşirəm ki, dövlətlə əməkdaşlıq etmədən terrorçuluğa, radikalizmə qalib gəlmək mümkün deyil. Məsələlərə şəriət qaydaları ilə baxmaq, Azərbaycanı VII əsrin qanunları ilə idarə etməyə cəhd etmək və özündən başqa hamıya kafir demək qəddarlıq, amansızlıq və fəlakət deməkdir”.

İslamda din xadimi məfhumunun olmadığını vurğulayan ilahiyyatçı-alim Elşad Miri mübarizə aparmaq anlayışının bitdiyini deyib. İlahiyyatçının fikrincə, yeganə çıxış yolu düzgün maarifləndirmə aparmaqdır. Amma bu maarifləndirmə ilk növbədə elə həmin din xadimlərinin üzərində aparılmalıdır: "Əvvəlcə din xadimlərini savadlandırmaq lazımdır ki, onlar da insanların suallarına cavab verə, camaatı qane edə bilsinlər. Təəssüf olsun ki, bu gün din xadimlərinin əksəriyyəti gözlərini camaatın cibinə dikiblər. Axı oxuduğu "Quran” ayəsi üçün pul tələb edən, insanların ölməsini arzulayaraq yas məclisində ehsan yeyən "dindarlar” ictimaiyyətlə necə mübarizə apara bilər? Kim onlara inanar, etimad edər? Heç kim. Bu səbəbdən birinci növbədə "aş yeyən mollalarla” iş aparmaq lazımdır. Unutmamalıyıq ki, din məsələlərini kiminsə cibləri, mənfəəti üçün deyil, sırf Allahın rizasını əldə etmək üçün həyata keçirməliyik”.

İsmayıl