“Küpə girən qarı” Azərbaycanı hiddətləndirdi

Türkiyədə erməniəsilli jurnalistin məqaləsi ictimaiyyət nümayəndələrinin etirazına səbəb olub



Türkiyədə erməniəsilli jurnalist Aris Nalçı rəsmi Bakının icazəsi olmadan Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsinə gedərək hazırladığı reportajda işğal altındakı torpaqları "DQR” kimi təqdim edib. Türkiyə mətbuatında yer alan bu məqaləyə rəsmi Bakıdan hələlik bir reaksiya verilməsə də, millət vəkilləri, ictimaiyyət nümayəndələri etiraz səsini ucaldıb.

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, millət vəkili Sabir Rüstəmxanlı hesab edir ki, adıçəkilən müəllifin məqaləsi ciddi jurnalist araşdırmasından daha çox küpəgirən qarıların dedi-qodusuna bənzəyir: "Sanki bu adam göydən düşüb, son 20 ildə Dağlıq Qarabağ ətrafında baş verənlərdən xəbərsizdir, 1 milyondan artıq qaçqın və məcburi köçkündən məlumatlı deyil. Belə yazılarla ancaq sadəlövhləri aldatmaq olar. Əslində bu, ermənilərin köhnə siyasətidir, özlərini cəllad ola-ola məzlum kimi təqdim edirlər. Müəllif yazır ki, Qarabağda 140 min adam var, onlardan da 25 mini əsgərdir, onlar da öz evlərini qoruyurlar. Sual olunur ki, Ermənistandan qovulan 250 min azərbaycanlının, Qarabağda ev-eşiyini itirən 800 mindən çox azərbaycanlının haqqını kim qoruyacaq? Onların öz evlərini qorumaq haqqı yoxdurmu? Bu sualı ermənilərə verən yoxdur. Ermənilər gələn il qondarma soyqırımın 100 illiyini qeyd etməyə hazırlaşır, 300 min erməninin öldürüldüyünü iddia edirlər. 21-ci əsrin əvvəllərində Xocalıda törədilən soyqırımı isə unutdurmağa çalışırlar. Bir çox ölkələr artıq Xocalı soyqırımını tanıyıb. Dünya artıq erməni yalanını bilir, sadəcə qondarma soyqırımı Türkiyəyə təsir vasitəsidir”.

Erməni müəllifin Qarabağla Kobanini eyniləşdirmək cəhdinin də uğursuz olduğunu bildirən S.Rüstəmxanlının sözlərinə görə, erməni terroru ilə PKK terroru arasında ciddi fərq yoxdur: "Niyyəti nə olursa olsun, terrora haqq qazandırmaq olmaz. Kürdlərin dövlət qurmaq istəyi ilə ermənilərin Dağlıq Qarabağ istəyi tamamilə fərqlidir. Ermənilər Azərbaycan torpaqları hesabına artıq bir dəfə bu niyyətlərini həyata keçiriblər, ikinci dəfə buna nə beynəlxalq hüquq, nə də Azərbaycan xalqı imkan verəcək”.

Millət vəkili Fazil Mustafa isə bu məsələlərlə bağlı dövlət orqanlarının çevik işləməməsindən narazıdır: "Belə məsələlərə dərhal və lazımi səviyyədə münasibət bildirilməli, reaksiya verilməlidir. Təəssüf ki, biz indiki şəraitdə bunu görə bilmirik”.

Bununla yanaşı, məsələlərə fərqli yanaşmanın olduğunu deyən F.Mustafa diqqəti problemin həlli üçün daha çox ordu quruculuğuna yönəldilməsinin vacibliyinə çəkib: "Çalışaq torpaqlarımızı azad edək. Amma həm də Türkiyədə Azərbaycan nöqteyi-nəzərdən ictimai rəyin bizim xeyrimizə olması üçün bütün addımların atılması vacibdir. Türkiyə ictimaiyyəti Azərbaycanla bağlı həqiqətləri bilməlidir ki, hansısa bir yazı ilə onların fikirləri dəyişməsin”.

Şəymən