“Gürcü Arzusu” çat verdi

İstefalar başladı, Saakaşvilinin meydanı genişləndi




Qonşu Gürcüstanda siyasi böhranın yeni mərhələsi başlayıb. Ölkənin hazırkı prezidenti Georgi Marqvelaşvili ilə baş nazir İrakli Qaribaşvili arasındakı açıq müstəvidə davam edən gərgin mübarizə hakimiyyət daxilindəki qruplaşmaları hərəkətə gətirib. Bu hal ölkədə böyük istefalara da yol açıb.

Qərbyönümlü mövqeyi ilə seçilən və Rusiyaya qarşı bəyanatlar verən müdafiə naziri İrakli Alasaniya baş nazir tərəfindən istefaya göndərilib. Daha sonra MN-in 6 əməkdaşı korrupsiya və dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq həbs olunub. Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili isə artıq istefa ərizəsinin baş nazir tərəfindən qəbul edildiyini söyləyib. Xarici işlər naziri Maya Pancikidze və 4 müavini "Gürcü Arzusu” komandasında tutduğu vəzifəsindən istefa verib. Ədliyyə naziri Teya Sulukiani keçmiş müdafiə nazirinə dəstək əlaməti olaraq istefa edəcəyini bəyan edib.

Gürcüstan hökumətində yaşanan gərginliyi şərh edən, sabiq prezident Mixeil Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının parlamentdə təmsil olunan azərbaycanlı deputatı Azər Süleymanov mövcud böhranın onda təəccüb doğurmadığını bildirib. Deputatın sözlərinə görə, əvvəlcədən proqnozlaşdırıldığı kimi, hakim "Gürcü Arzusu” koalisiyası komanda şəklində bir yerdə işləyə bilməzdi: "Həmin təşkilatdakı nazirlərin çoxu İvanaşvilinin pulunun ətrafına toplaşmışdı. İstefa verən müdafiə naziri yeganə məmur funksioner idi ki, İvanaşviliyə və baş nazir İrakli Qaribaşviliyə tabe olmaq istəmirdi. O, Qərbmeyilli və Rusiyameyilli qruplaşmalar arasında qalmış şəxs idi. İ.Alasaniya Rusiyameyilli qüvvələrə qarşı idi. Əvvəlcədən proqnozlaşdırıldığı kimi, "Gürcü Arzusu” Gürcüstanda bir arzu kimi qaldı”.

Gürcüstanda fəaliyyət göstərən "Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərov da "Şərq”ə açıqlamasında bunu hakimiyyət böhranı adlandırıb. Təşkilat sədrinin qənaətincə, qarşıdurmalara səbəb vəzifələri bölə bilməmələridir: "Hakim partiya əsas vəzifələri ancaq öz partiya mənsubları arasında bölüşmək və koalisiyadan birdəfəlik qurtulub, təkpartiyalı hakimiyyət qurmaq fikrindədir. Ona görə də supergüclərin toqquşması yaşanır ki, bu da istefalara gətirib çıxarır”.

Müdafiə və xarici işlər nazirlərinin istefasına gəlincə, müsahibimiz deyib ki, onlar hakim partiyadan deyildi: "Üstəgəl, həmin məmurların reytinqi və imici daha yüksək idi. Bunu qəbul edə bilməyib, istefaya göndərdilər”.

Ə.Əsgərovun qənaətincə, bu hal qonşu ölkəyə müsbət heç nə vəd etmir: "İndiki hökumətin hakimiyyəti idarə edə bilməməsi göz önündədir. Milli hərəkat bu mesajı hər zaman verməkdədir. İndiki gerçəkliklər fonunda hesab edirəm ki, Saakaşvilinin yenidən siyasi sükanı ələ keçirəcəyi haqda söylənənlər təsdiqini tapmağa başlayıb”.

Ayyət Əhməd