Azərbaycan hər üç ssenariyə hazırdır

Gələn il neftin orta illik qiyməti 100 dollar olsa, büdcəmizə 256 milyon manat əlavə vəsait daxil olacaq
90 dollar olarsa, hökumətin büdcə proqnozları özünü doğruldacaq



80 dollar olarsa, büdcə 256 milyon manat itirəcək ki, bu da büdcəmizin gələn il gözlənilən gəlirinin cəmi 1,3 faizi qədərdir

Dünya bazarında neftin qiyməti getdikcə ucuzlaşır. Neftin ucuzlaşmasının dövlət büdcəsnə təsiri ilə bağlı isə ekspertlər müxtəlif qənaətdədir. İqtisadçı-ekspert Qubad İbadoğlu öz "facebook” səhifəsində neftin qiymətinin enməsindən Azərbaycanın ciddi itkilərə məruz qaldığını bildirib. Onun sözlərinə görə, neftin ucuzlaşması ilə əlaqədar Azərbaycan gündə 10 milyon dollar itirir. Azərbaycan neftinin hər barrelinin qiymətinin 1 dollar ucuzlaşması isə il ərzində 138 milyon dollar vəsaitin itirilməsi deməkdir.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Əli Məsimli isə hesab edir ki, neftin qiymətinin düşməsi ilə bağlı cəmiyyətdə yaranan ajiotaj əsassızdır. Neftin qiymətindəki enmələr Azərbaycanın dövlət büdcəsinə ciddi problem yaratmayacaq. Doğrudur, gəlirlərimiz bir qədər azalacaq, amma bu, ciddi problem deyil.

Neft sadəcə iqtisadiyyat deyil, eləcə də siyasətdir və getdikcə daha çox dərəcədə həm də geopolitikaya çevrilir

İlk növbədə büdcə müzakirələri zamanı neftin qiymətinə dair irəli sürülən proqnozlarla bağlı mövqeyini "Şərq”ə bildirən millət vəkili deyib ki, Azərbaycan büdcəsində neft amilinin payı hələ arzu etdiyimizdən xeyli çox olduğundan, neftin qiyməti büdcə üçün çox həssas məsələdir: "Ona görə də cəmiyyətdə çox məntiqi bir sual əmələ gəlib ki, hazırda neftin qiymətinin 80 dollar ətrafında olduğu bir vaxtda 2015-ci ilin büdcə proqnozlarında neftin bir barrelinin qiymətinin 90 dollar götürülməsi əsasında tərtib edilməsi riskli deyilmi? Məsələ burasındadır ki, neft sadəcə iqtisadiyyat deyil, eləcə də siyasətdir və getdikcə daha çox dərəcədə həm də geopolitikaya çevrilir. Neftin qiymətinə tələb-təklif və digər iqtisadi amillərlə yanaşı, həm də geopolitik, psixoloji, birja maxinasiyaları və spekulyasiya xarakterli amillər təsir göstərir. Ona görə də hazırkı geopolitik qarmaqarışıqlıq şəraitində neftin qiymətini reallığa yaxın səviyyədə proqnozlaşdırmaq çox çətindir. MDB-nin digər əsas neft hasil edən ölkələrindən Qazaxıstan da 2015-ci ilin büdcə proqnozlarında neftin bir barrelinin qiymətini 90 dollar götürüb. Rusiya isə 96 dollar götürüb. Bu proqnozların hansının reallığa daha yaxın olacağı, qarşıdakı aylarda və gələn il neftin bir barrelinin qiymətinin 80 dollar və ondan da aşağı enib-enməyəcəyi, yoxsa yenidən 100 dollar ətrafındakı qiymətlər səviyyəsinə qalxacağı digər şərtlərlə yanaşı, həm də xeyli dərəcədə OPEK-in noyabrın sonlarına yaxın keçirilməsi gözlənilən yığıncağının çıxaracağı qərardan asılı olacaqdır. Digər tərəfdən, dünya bazarında neftin bir barrelinin qiymətinin aşağı düşməsinin hər dollarına görə Azərbaycan büdcəsi 25,6 milyon manat itirir, qiymət artanda isə artımın hər dollarına görə büdcəyə həmin məbləğdə-25,6 əlavə vəsait daxil olur.

Neftin qiyməti ətrafında ifrata varılmış ajiotaj yaratmağa ehtiyac yoxdur

Bu, məsələn, neftin bir barrelinin qiymətini optimist variantda Beynəlxalq Valyuta Fondunun proqnozlaşdırdığı kimi, 100 dollar, orta variantda Azərbaycanın proqnozlaşdırdığı kimi 90 dollar və pessimist variantda bir sıra analitik mərkəzlərin proqnozlaşdırdığı kimi 80 dollar götürməklə 3 ssenari bucağından yanaşsaq, onda gələn il neftin orta illik qiyməti 100 dollar olsa, büdcəmizə 256 milyon manat əlavə vəsait daxil olacaq, 90 dollar olarsa, hökumətin büdcə proqnozları özünü doğruldacaq, 80 dollar olarsa, büdcə 256 milyon manat itirəcək ki, bu da büdcəmizin gələn il gözlənilən gəlirinin cəmi 1,3 faizi qədərdir. Belə kiçik bir məbləğin 2015-ci ilin büdcəsinin icrasına praktiki surətdə mənfi təsir göstərmək imkanı yoxdur. Həmin 3 ssenari çərçivəsində neftin bir barrelinin orta illik qiyməti 90 dollar olacaqsa, gələnilki büdcəmizə neft sektoru hesabına 2300 milyon manat, qiymət 80 dollar olacaqsa - 2044 milyon manat, qiymət 100 dollar ətrafına qalxarsa - 2556 milyon dollar vəsaitin daxil olması gözlənilir. Ona görə də neftin qiymətinin enməsi təbii ki, müəyyən problemlər yarada bilər. Amma hesablamalar göstərdi ki, neftin qiyməti ətrafında ifrata varılmış ajiotaj yaratmağa ehtiyac yoxdur”.

Neftin qiyməti maksimum dərəcədə aşağı düşsə belə, iqtisadçı-ekspert hesab edir ki, Azərbaycanda vəziyyət 2008-ci ildəki kimi olmayacaq: "Əvvəla indiki situasiya 2008-ci ilin situasiyasından xeyli dərəcədə fərqlidir. İkincisi, qısa zaman kəsiyində neftin bir barrelinin qiyməti 2007-ci ilin yanvarındaki 51dollardan 2008-ci ilin iyulunda 147 dollara qədər qaldırıldıqdan sonra yenə də qısa zaman kəsiyində - 2008-ci ilin ikinci yarısının sonuna qədər 36 dollara endirilməsinin fəsadlarını dünya iqtisadiyyatı və bir sıra ölkələr hələ də yaşamaqdadır. Üçüncü, ABŞ dövriyyəyə əvvəllər olduğu kimi əlavə dollar əskinazları buraxmamaqla dolların məzənnəsini qaldırıb, neftin qiymətini aşağı sala bilər. Əgər bu üsulla neftin qiyməti tənzimlənən məqbul həddəcən yox, sırf siyasi mülahizələrə, yəni Rusiyanı çökdürmək məqsədilə aşağı salınacaqsa, onda nəzərə almaq lazımdır ki, neftin qiymətinin 105 dollardan aşağı düşməsi Rusiya büdcəsinin balansını pozursa, deməli, neftin qiymətinin 80 dollar ətrafına enməsinin özü də siyasi mülahizələrə görə bu endirmə siyasətini həyata keçirənlərin planlarının işləməyə başlaması deməkdir. Çünki neftin qiymətinin 80 dollara enməsi Rusiyanın neft şirkətlərini ağır duruma sala bilər. Neftin qiymətinin 80 dollardan aşağı düşməsi isə Rusiya ilə yanaşı, digər əsas neft hasilatçısı olan ölkələrin əksəriyyətinin iqtisadiyyatında problem yaradır. Bu həm də möhtəşəm slayt neft layihələrinin reallaşdırılmasının təxirə salınması ilə nəticələnə bilər. Ona görə 2008-ci ilin ssenarisinin 2015-ci ildə də təkrar olunma ehtimalı çox azdır”.

2015-ci ildə də Azərbaycan iqtisadiyyatı müəyyən itkilərə məruz qalsa da...

Neftin ucuzlaşmasının Azərbaycanın iqtisadiyyatına təsiri barədə danışan millət vəkili qeyd edib ki, Azərbaycan iqtisadiyyatında neft amilinin rolu danılmaz reallıqdır və dünya bazarında neftin qiymətinin dəyişməsi iqtisadiyyatımıza, xarici ticarət göstəricilərimizə, neft dəyərlərimizə, deməli, Neft Fondunun gəlirlərinə və büdcəyə təsir edir. "Bununla belə hazırkı geopolitik durumun tendensiyaları dəqiq proqnoza gəlmədiyindən, neftin qiyməti ətrafında belə bir hadisə baş versə, əminəm ki, 2008-2009-cu illərdə olduğu kimi, 2015-ci ildə də Azərbaycan iqtisadiyyatı müəyyən itkilərə məruz qalsa da, az itki ilə vəziyyətdən çıxa və buna duruş gətirə biləcəkdir. Doğrudur, neftin qiymətinin uzun müddət aşağı səviyyədə olması, iqtisadiyyatında, xarici ticarətində neft amilinin payı çox olan, büdcəsi daha çox neft gəlirlərindən formalaşan istənilən ölkənin, o cümlədən Azərbaycanın iqtisadiyyatına, daha doğrusu, strateji valyuta ehtiyatlarımıza ciddi təsir göstərə bilər. Onu da nəzərə alaq ki, neft hasilatı 2010-cu ildə pik nöqtəsinə çatdıqdan sonra tədricən aşağı enir bə bu enmə 2014-cü ildə 2 faiz ətrafında, 2015-ci ildə isə 1,5 faiz səviyyəsində gözlənilir. Bununla paralel olaraq qeyri-neft sektoru hər il 8-10 faiz artdığından, əgər 2010-cu ildə Azərbaycanın ÜDM-də neft sektoru 56 faizdən artıq bir paya malik idisə, 2014-cü ildə bu rəqəmin 39 faizə, 2015-ci ildə isə 32 faizə enməsi gözlənilir. Bu isə təbii surətdə iqtisadiyyatımızı, neft amilinin təsirini ifratdan məqbula doğru müəyyən dərəcədə azaltmağa başlayıb. Məsələn, gələn il neftin orta illik qiyməti 80 dollara ensə, ölkənin gələnilki ümumi daxili məhsulunu orta hesabla 2,1 milyard manat, büdcə gəlirlərimizi isə bayaq dediyim kimi, 256 milyon manat azalda bilər, amma gələn ilin büdcəsinin nəzərdə tutulduğu yöndə icrasına, xüsusən də hökumətin büdcədə öz üzərinə götürdüyü sosial xarakterli öhdəliklərin yerinə yetirilməsinə mane ola bilməz. Yəni əgər maaşların artırılması nəzərdə tutulubsa, neftin qiymətinin neçə dollar olmasından asılı olmayaraq bunu etmək mümkün olacaqdır, bu il sosial ipotekaya ayrılan 40 milyon manatı, gələn il 50 milyon manata qaldırmaq mümkün olacaq. Çünki Azərbaycan büdcəsinin strukturu elədir ki, qısa zaman kəsiyində bu təsir güclü ola bilməz”.

Hələlik Azərbaycan iqtisadiyyatı üçün ciddi təhlükə yoxdur

Ə.Məsimlinin sözlərinə görə, 2015-ci ilin büdcəsinin 19438 milyon manatlıq gəlirlərinin 10388 milyon manatı və ya 53 faizindən çoxu Dövlət Neft Fondundan transfertlər hesabına formalaşacaq. Bu isə o deməkdir ki, istənilən kataklizm şəraitində neftin qiymətinin aşağı enməsi ilə əlaqədar yarana biləcək mümkün riskləri strateji valyuta ehtiyatlarımız hesabına qısa müddət ərzində neytrallaşdırmaq imkanımız yetərincədir: "Həmçinin Azərbaycanın 2015-ci il üçün tərtib etdiyi büdcədə Neft Fondundan əlavə neftdən gələn digər gəlirlərin ümumi büdcə gəlirlərindəki payı mütləq rəqəmlə cəmi 2300 milyon manat və ya büdcə gəlirlərinin 11,8 faiz təşkil edir. Deməli, neftin qiymətinin aşağı düşməsi gələn ilin büdcəsinə həmin 11,8 faizlik məbləğin təqribən 10 faizə enməsi şəklində təsir göstərə bilər ki, bu da ciddi təsir kateqoriyasına aid edilə bilməz. Gələn il hüquqi şəxslərdən mənfəət vergisi üzrə daxilolmaların 800 milyon manatını və ya 36 faizini neft-qaz hasilatı sahəsində pay bölgüsü sazişi üzrə podratçı tərəflərin mənfəət vergisi təşkil edəcək. Neftin qiyməti 90 dollardan aşağı düşərsə, bu vəsait 710 milyon manata enəcək. Bu isə o deməkdir ki, neftin qiymətini düşməsi gələn ilin büdcəsinin icrasına elə bir ciddi təsir edə bilməz. Ona görə də dünya birjalarında neftin qiymətinin aşağı düşməsi hələlik Azərbaycan iqtisadiyyatı üçün ciddi təhlükə törətmir. Hökumətin makroiqtisadi sabitliyi qoruyub saxlamaqdan ötrü həyata keçirdiyi tədbirlər, 53 milyard dollarlıq, yəni ÜDM-nin 74 faizi səviyyəsində strateji valyuta ehtiyatlarımızın oynadığı "təhlükəsizlik yastığı” funksiyası, milli valyutanın-manatın nisbi sabitliyi, dövlət borcunun ÜDM-nin 8 faiz ətrafında olması, neftin qiymətinin aşağı düşdüyü məqamlarda manevr etməyə və bunun təsirini neytrallaşdırmağa imkan verir”.

Şəymən