Böyük Britaniya da “böyük sülh sazişi”ni gözləyir

Elman Nəsirli: “Bu ölkənin Dağlıq Qarabağ münaqişəsində Azərbaycana dəstəyi yalnız yardımçı funksiyanı yerinə yetirə bilər”



"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə prinsiplər hazırdır, artıq sülh sazişi üzərində işləmək lazımdır”. Bunu xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonla keçirdiyi mətbuat konfransında deyib. Azərbaycanın mövqeyinin birmənalı olduğunu vurğulayan nazir Fransa Prezidentinin də "böyük sülh sazişi” üzərində işə başlamağı təklif etdiyini diqqətə çatdırıb:

"Biz razıyıq və buna hazırıq. Amma bunun üçün əvvəlcə Ermənistan öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmalıdır”. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə naziri Devid Lidinqton ölkəsinin Dağlıq Qarabağ münaqişəsini məqsədli şəkildə müzakirə etdiyini və problemin həlli üçün əllərindən gələni etməyə hazır olduqlarını bildirib: "Londonda oturaraq sizə tövsiyələr verə bilmərik. Tezliklə münaqişənin həllinin tapılmasını istəyirik”.

Xarici işlər nazirinin açıqlamasını şərh edən siyasi elmlər doktoru, professor Elman Nəsirli "böyük sülh sazişi” məsələsinə aydınlıq gətirib: "Bu sazişin mənası ondan ibarətdir ki, əgər danışıqlar prosesində hansısa razılıq əldə olunubsa, bunlar həmin sənəddə öz əksini tapsın. Yəni növbəti danışıqlarda bir daha həmin məsələlərə qayıdılmasın. Ancaq Ermənistan tərəfi "böyük sülh sazişi” məsələsini qəbul etmir. Ermənilərin mövqeyinə görə saziş sonrakı məsələdir. Əvvəlcə münaqişənin həlli ilə bağlı prinsiplər müəyyən edilməlidir. Onlar daha çox çalışır ki, indiki mərhələdə xalqların öz müqəddəratını təyinetmə prinsipini həll etsinlər. Daha sonra isə sülh sazişi müzakirə etsinlər. Bu yanaşma danışıqların pozulmasına gətirib çıxarır və müsbət nəticə hasil olmur. Əlbəttə, ermənilərə bu sərf edir, çünki düşmən bu yolla status-kvonu qoruyub saxlayır”.

Politoloqun sözlərinə görə, Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə keçirilən Paris görüşündə "böyük sülh sazişi”nə başlamağın əhəmiyyətinin vurğulanması təqdirəlayiq haldır: "Fransanın həmsədr ölkə kimi bu məsələdə Azərbaycanın mövqeyini müdafiə etməsi olduqca mühüm məsələdir. Azərbaycan bu məsələdə açıq tərəf kimi çıxış edir və "böyük sülh sazişi”nin imzalanmasına hazır olduğunu bildirir. Bunun yolu isə ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarını tərk etməsidir. Yalnız bundan sonra sülh sazişi ilə bağlı məsələlər real mahiyyət kəsb edə bilər. Təəssüflər olsun ki, Ermənistan tərəfi bunu qəbul etmək istəmir. Digər həmsədrlər də ermənilərin mövqeyini dəyişə biləcək heç bir addım atmır və çox vaxt tərəflər arasında bərabərlik işarəsi qoyurlar. Fransa prezidenti "böyük sülh sazişi”nə başlamaq lazımdır deyir, amma bunun olmayacağı təqdirdə hansı mexanizmlərin işə düşəcəyini söyləmir”.
Siyasi ekspert bəyan edib ki, Ermənistan tərəfinə ATƏT-in Minsk Qrupunun fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi sərf edir: "Təsadüfi deyil ki, Uels sammitindən qayıtdıqdan sonra Ermənistan prezidenti Sarkisyan tərəfdaşlarını toplayaraq dedi ki, "ermənilər ATƏT-in Minsk Qrupu çərçivəsində nailiyyətlər əldə edirlər. Azərbaycan isə NATO və Avropa Şurası müstəvisində uğurlar qazanır. Ona görə də elə etmək lazımdır ki, biz ATƏT-də qazandığımız nailiyyəti digər qurumlara da daşıya bilək”. Bu yanaşma bir daha təsdiqləyir ki, Minsk Qrupunun fəaliyyəti ermənilərin məqsədinə tam uyğun gəlir”.

Böyük Britaniyanın Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanı dəstəkləməsinə münasibət bildirən professor bunun yalnız diplomatik yollarla və beynəlxalq tədbirlərdə rəsmi Bakının mövqeyini müdafiə etməklə mümkün olduğunu deyib: "Məsələ ondadır ki, Böyük Britaniya ATƏT-in Minsk Qrupuna daxil olan 11 üzvündən biri deyil. Ona görə də bu ölkənin Dağlıq Qarabağ münaqişəsində Azərbaycana dəstəyi yalnız yardımçı funksiyanı yerinə yetirə bilər. Böyük Britaniya NATO və Avropa Birliyi ölkəsidir. Ancaq bu qurumlar Qarabağ münaqişəsinin həlli ilə məşğul olmur. Bu reallıqlar Böyük Britaniyanın imkanlarını buxovlayır. Amma bütövlükdə Britaniyada erməni lobbisinin zəif olması faktdır. Əgər Britaniya Minsk Qrupunun üzvü olsaydı, münaqişənin həllində daha böyük nailiyyət əldə etmək mümkün olardı. Təəssüflər olsun ki, Azərbaycan Britaniyanı Minsk Qrupunun üzvü edə bilməz. Çünki ATƏT-in konsensus prinsipinə görə dövlətlərdən biri "yox” dedikdə, üzvlük məsələsi suya düşür. Ermənistanın Britaniyanın həmsədrliyinə "hə” deməsini gözləmək isə sadəlövhlük olardı”.

İsmayıl